İşsizlərə şad xəbər: 5 günə işlə təmin edilə bilərlər

376
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Məşğulluq haqqında” yeni qanundakı dəyişikliklərlə bağlı açıqlama verib.
Nazirlikdən  verilən məlumata görə, əvvəlki qanunda muzdla işləyən şəxslər sırasına haqqı ödənilən başqa işi (xidməti) olanlar, yəni mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlər də daxil edilmişdisə, yeni qanunda bu aradan qaldırılıb.
Muzdla işləyənlərə yalnız Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər aid edilib.
Mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər isə məşğul şəxslər sırasında yer alıb. Eləcə də ailə kəndli təsərrüfatının üzvləri də məşğul şəxslər hesab olunub.
Həmçinin “işsiz” və “işaxtaran” şəxslər anlayışları da dəqiqləşdirilib, yəni işi və qazancı olmayan, işə başlamağa hazır olub, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs işsiz şəxs hesab edilib.
İşaxtaran isə münasib iş üçün məşğulluq mərkəzlərinə müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs kimi qeyd olunub.
İş üçün müraciət edən şəxsə münasib iş təklifi üzrə müddət 11 gündən 5 günə azaldılmaqla, işsiz və işaxtaran şəxslərin qeydiyyata alınması və ya müvəqqəti qeydiyyatdan çıxarılması, qeydiyyatının ləğvi və s. prosedurlar qanunda dəqiq şəkildə müəyyən edilib.
Sənədə əsasən, ölkədə işaxtaran və işsiz şəxslərin işədüzəlməsində, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işədüzəlməsində vasitəçilik fəaliyyəti yalnız hüquqi şəxslər tərəfindən həyata keçirilə bilər.
Digər tərəfdən, yeni qanun belə fəaliyyətlə məşğul olan hüquqi şəxslərin reyestrinin də elektron formada aparılmasını nəzərdə tutur.
Yeni qanuna “Fərdi məşğulluq proqramı” maddəsi də daxil edilib. İşsiz kimi qeydiyyata alınmış şəxsin əmək bazarına yenidən qayıtması və ona işə düzəlməkdə kömək göstərilməsi məqsədi ilə məşğulluq mərkəzi tərəfindən fərdi məşğulluq proqramının tərtib olunmasını nəzərdə tutur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər