Karbamid zavodunun tikintisi 98% tamamlanıb

395

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunun (Sumqayıt) tikinti işləri 98% tamamlanıb.

“Report” xəbər verir ki, bunu Bakıda keçirilən Beynəlxalq Xəzər Neft və Qaz Konfransında zavodun direktoru Xəyal Cəfərov bildirib.

Onun sözlərinə görə, zavodda ümumilikdə işlərin 99,4%-i yerinə yetirilib: “Mühəndislik işləri, satınalmalar 100%, tikinti 98% tamamlanıb”.

X.Cəfərov qeyd edib ki, ötən aydan sınaq işləri aparılır : “Zavodun ilk məhsulu olan ammonyak istehsalına avqust-sentyabr aylarında başlanılacaq. Bu ilin IV rübündə “Samsung Engineering” şirkəti “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Oktyabr-noyabr aylarında karbamid istehsal olunacaq”.

Onun sözlərinə görə, bu ilin əvvəlindən zavod Sumqayıt Kimya Sənaye Parkının rezidenti olub: “Bu da 7 il ərzində müəyyən vergilərdən azadolma deməkdir. Bu isə layihənin mənfəətliliyinə və götürülən kreditin qaytarılmasına müsbət təsir göstərəcək”.

X.Cəfərov əlavə edib ki, zavodun tikintisi dövründə burada 2200-3600 nəfər çalışıb, istismar dövründə isə zavodda 400-500 nəfər işçi olacaq: “Zavodun ərazisi 39,27 hektar təşkil edir. Müəssisədə gündəlik 1200 ton ammonyak, 2 min ton karbamid istehsal olunacaq. Zavodun Karbamid istehsalının illik həcmi 650-660 min ton olacaq.Bunun 150-200 min tonu daxili bazar üçün, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulub. İxracda Türkiyə əsas marşrut olacaq”.

Qeyd edək ki, bu zavod Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” (2008-2015-ci illər) və “Sənayenin inkişafına dair Dövlət Proqramı” (2015-2020-ci illər) çərçivəsində tikilir. 2013-cü il martın 13-də SOCAR və “Samsung Engineering Co. Ltd.” (Cənubi Koreya) şirkəti arasında karbamid istehsalı müəssisəsinin inşası məqsədilə layihələndirmə, satınalma və tikinti müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində “Samsung Engineering” şirkəti zavodun tikintisini başa çatdırdıqdan sonra bütün lazımi sınaqları həyata keçirərək “açar təhvili” əsasında müəssisəni tam istifadəyə hazır şəkildə SOCAR-a təhvil verəcək. Zavodun ammonyak və karbamid istehsalı üzrə lisenziarları müvafiq olaraq “Haldor Topsoe” (Danimarka) və “Stamicarbon B.V” (Niderland) şirkətləridir. Layihənin idarə edilməsi üzrə məsləhət və müstəqil təftiş xidmətləri Finlandiyanın “Neste Jacobs Oy” şirkəti tərəfindən yerinə yetirilir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər