KEÇMİŞİN SİRLƏRİNİ AÇMAQ OLARMI? “KQB” ARXİVLƏRİ HAQDA KİM NƏ DÜŞÜNÜR

1486

Bu həftə Azərbaycan Cümhuriyyəti quruculuğunun 91-ci ili tamam olur. 1918-ci il mayın 28-də elan edilmiş, rus-sovet qoşunlarının 1920-ci ildə süquta uğratdığı müstəqil Azərbaycan dövlətini ancaq əsrin sonunda bərpa etmək mümkün oldu. Həmin illərdə – 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində sovet dövrünün cinayətləri və cinayərkarları, o cümlədən Dövlət Təhlükəsizlik  Komitəsi (“KQB”) arxivindəki sənədlər cəmiyyətin diqqət yetirdiyi əsas məsələlərdən idi.

Sənədlər açılsın deyənlər bunu həm rus-sovet işğalı dövründə respressiyalarla bağlı həqiqətlərin üzə çıxması, həm də Azərbaycanın müstəqilliyinə mane olmağa çalışan qüvvələrin ifşa edilməsi baxımından zəruri sayırdılar. Əleyhinə olanların arqumenti isə bu idi ki, agentura şəbəkəsinin açılması cəmiyyətdə qarşıdurma yarada bilər.

Azərbaycanla eyni vaxtda müstəqillik qazanmış keçmiş sovet respublikalarından bəziləri, xüsusilə Baltikyanı ölkələr bu istiqamətdə ciddi addımlar atdılar. Onlar «KQB» arxivlərini açdılar və bu qurumla əməkdaşlıq edən  agentlərin Litva, Latviya və Estoniyada hər hansı bir dövlət vəzifəsi tutmasını qadağan etdilər. Gürcüstanda isə məxfi agentlərin adları açıqlanmasa da,  “KQB” arxivində toplanan məlumatlar ictimaiyyətə açıq elan edildi. Sovet İttifaqının işğal etdiyi Şərqi Avropa ölkələrində, xüsusilə Çexiyada da bu proses baş verdi.

Şərqi Avropa ölkələri ilə əlaqələri olan “İnam” Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazinin sözlərinə görə, kommunizmin süqutundan sonra xüsusi xidmət orqanlarının arxivlərinin açılması məsələsi ilk olaraq Almaniya Demokratik Respublikasında ciddi müzakirələrə səbəb olub: “O zaman “Ştazi” şəbəkəsinin fəaliyyətlərinə dair məlumatların ictimaiyyətə açılqanması tələbləri çox ciddiydi. Daha sonra isə Çexiya və Polşada müzakirələr başladı.  Bu ölkələrdə müzakirələrin predmeti o idi ki, arxivlər necə açılsın, hansı meyarlar əsas götürülsün, cəmiyyətdə qarşıdurma yaranmaması üçün hansı mexanizmlərdən istifadə olunsun?

Polşada bununla bağlı ciddi qarşıdurmalar yaşandı. Cəmiyyətin bir hissəsi arxivlərin açılmasını istəsə də, digər hissəsi buna qarşıydı. O zaman katolik kilsəsinin çox tanınan, sayılan keşişlərinin xüsusi xidmət orqanları ilə əlaqədə olduğu bilinmişdi və bu, Polşada şok yaratmışdı. Bu baxımdan arxivlərin açıqlanmasının əleyhdarları da çox idi.

Çexiyada isə bu proses daha sürətlə getdi. Kommunist rejimində yüksək dövlət vəzifəsi tutmuş insanların 5 il siyasətlə məşğul olmasını qadağan edən qanun qəbul olundu. Üstəlik, qanunda hansı kateqoriyadan olan məlumatların açıqlanmalı olduğu göstərildi. İndi bu ölkədə istənilən vətəndaş özü, ailəsi, nəsli haqqında xüsusi xidmət orqanlarının arxivində olan məlumatları ala bilir. Yalnız dövlət sirri olan son dərəcə məxfi məlumatlar açıqlanmır”.

V.Qazi hesab edir ki, belə aşkarlıq dövlətin təhlükəsizliyi baxımından lazımlıdır, amma digər tərəfdə də “ictimai sabitliyi kövrək olan cəmiyyətlərdə qarşıdurma təhlükəsi”  dayanır: “Söz azadlığı, insan haqları və demokratiyanın inkişaf etdiyi ölkələrdə arxivlərin açılmasından qorxmurlar, əksinə, bunu lazımlı hesab edirlər. O vaxt “KQB” arxivləri açılsaydı, son 10-15 ildə başımıza gələn hadisələrin bəziləri olmaya da bilərdi”.

AXC hakimiyyəti dövründə milli təhlükəsizlik nazirinin birinci müavini vəzifəsində işləmiş Sülhəddin Əkbər  isə bildirir ki, casus şəbəkəsinin açılması istənilən xüsusi xidmət orqanı üçün istər ölkə daxilində, istərsə də ölkə xaricində ciddi nəticələrə səbəb ola bilər: “Dövlət sirri” haqqında qanunda bu məsələ də tənzimlənməlidir, hər bir sirrin saxlanma müddəti nəzərdə tutulmalıdır. Azərbaycanın özəlliyi bundan ibarətdir ki, həmin məlumatların bir hissəsi sovet dövrünə aiddir, o dövrdə müstəqil xüsusi xidmət orqanı olmayıb. Bu baxımdan sovet dövrünün arxivləri xüsusi öyrənildikdən sonra, dövlətin təhlükəsizliyinə aid çox ciddi məlumatlar istisna olmaqla açılmalıdır.

Məlumata görə, son illərdə bir çox önəmli qurumların – Müdafiə Nazirliyi, ordu, sərhəd qoşunları və sair qurumların xüsusi şöbələri ilə “KQB”-nin varisi olan Rusiya xüsusi xidmət orqanları arasında əlaqələr bərpa edilib. Bu da dövlətimizin təhlükəsizliyinə ciddi zərbədir. Keçmiş agentura şəbəkəsi deşifrə olunarsa, Rusiyanın indiki xüsusi xidmət orqanları indiki əlaqələrini qapatmağa məcbur olarlar”.

S.Əkbərin dediyinə görə, hazırda “KQB” arxivlərinin repressiyalarla bağlı hissəsi tədqiqatçılar üçün açıqdır və xüsusi icazəsi olanlar ordakı materiallarla tanış ola bilirlər”.

Bu materialları araşdıran tədiqiqatçılardan biri “Media forum”a  deyib ki, son 40-50 ilin məlumatları istisna olmaqla, arxiv sənədlərinə baxmaq qadağan deyil. Bunun üçün milli təhlükəsizlik nazirinin icazəsi olmalıdır. Amma bundan əvvəl MTN müraciət edən adamın özü barədə araşdırma aparır.

Müsahibimizin sözlərinə görə,  müəyyən hallar istisna olmaqla MTN arxivindən sənəd götürülməsinə və ya hasısa sənədin üzünün çıxarılmasına icazə verilmir. Amma tədqiqata açılmış məlumatların tam olub-olmadığını müəyyənləşdirmək çətindir: “Yəqin ki, çox məxfi məlumatları vermirlər. Bəzən araşdırdığın işə aid heç bir sənəd tapa bilmirsən. Amma “donos” yazanlar barədə nə qədər istəsən informasiya var. Aralarında eləsi var ki, baxıb görürsən peşəsi elə “donosçuluq”  olub, adamları satmaqdan, onlara pislik eləməkdən ləzzət alıb. Belələrinin  adlarını mən də açıqlayıram. Amma eləsi də var ki, görürsən, döyüb məcbur eləyiblər bu işə. Onlardan yazmıram”.
«Media forum»

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər