Kənan Aslanlı: “Sumqayıt Azərbaycanın post-neft dövründə “yaşıl şəhər” konsepsiyasını tətbiq edən ilk şəhər ola bilər”

1697

Kənan Aslanlı: “Sumqayıt Azərbaycanın post-neft dövründə “yaşıl şəhər” konsepsiyasını tətbiq edən ilk şəhər ola bilər”

 Son bir ildə dünya bazarında neftin qiymətinin azalması neftlə zəngin ölkələrin iqtisadiyyatlarını bəzi çağırışlarla üz-üzə qoydu. Yeni dövr yeni yanaşmalar və yeni iqtisadi modellər tələb edir. Dayanıqlı inkişaf edən şəhərlər və şəhərləşmə prosesi də belə demək mümkünsə yeni iqtisadi dönəmin şifrələrindəndir. Bir sıra yerli və xarici universitetlərdə iqtisadiyyat və dövlət idarəetmə reformları üzrə mühazirələr deyən Kənan Aslanlı ilə ölkə iqtisadiyyatının azalan neft qiymətləri dönəmindəki vəziyyəti, post-neft dövrünün mümkün xarakteristikası və doğma Sumqayıtın timsalında dayanıqlı şəhər inkişafı məsələləri ilə bağlı söhbətləşdik. İndi həmin müsahibəni oxucularımıza təqdim edirik.

Dünya bazarında neftin qiymətinin son 1 ildə xeyli ucuzlaşması ilə neft-qaz ölkələrinin, o cümlədən Azərbaycanın iqtisadiyyatında hansı çağırışlar ortaya çıxdı?

2014-cü ilin son aylarından dünya bazarlarında neftin qiyməti tələbdəki azalma, təklifdəki artım, habelə bir sıra spekulyativ səbəblərin təsiri ilə kəskin azalmağa başladı. Cəmi bir neçə ay ərzində bir barrel üçün xan neftin qiyməti 107 dollardan 45 dollara qədər düşdü. Bundan ümumi daxili məhsulu, büdcəsi və ixracı neftdən asılı olan bir çox ölkələr təsirləndi. Təsirlər həm fiskal, həm də monetar sferada özünü göstərdi. Fiskal sferada büdcə gəlirlərinin azalması, büdcə kəsirinin və borclanma səviyyəsinin artması, büdcədən əsaslı vəsait qoyuluşu xərclərinin azalması və bir sıra dövlət investisiya layihələrinin təxirə salınması kimi fəsadlar ortaya çıxdı. Monetar sferada isə yerli valyutanın məzənnəsinin əsas etibarilə dollar qarşısında ucuzlaşması və bunun artırdığı idxal inflyasiyası ortaya çıxdı. Bundan başqa ixrac bazarlarının daralması səbəbindən ixracdakı azalma, başda dövlət mülkiyyətində olan neft-qaz şirkətləri olmaqla bir sıra dövlət şirkətlərinin maliyyə balanslarında problemlər yarandı.

Hər bir böhranın yaratdığı risklər həm də yeni imkanlara çevrilə bilər. Necə hesab edirsiniz, belə bir məqamda Azərbaycanda post-neft senarilərini müzakirə etməyin zamanı çatıbmı?

İlk öncə neft dövrünün dünyada və ya ölkəmizdə hansısa qisa müddətli konyuktur qiymət və ya hasilat böhranı ilə başa çatacağını demək sadəlövhlük olardı. Çünki hətta enerji mənbəyi olaraq xam neft alternativ enerji mənbələri ilə əvəz olunduqdan sonra belə neft məhsulları sənayenin bir çox sahələrində istifadə edilməyə davam edəcək. Amma neftlə bağlı məşhur bir deyimdə deyilirdi ki, “İnsanlıq tarixində daş dövrü daşın bitdiyinə görə tamamlanmadı, neft erasıda neftin fiziki olaraq tükənməsindən öncə tamamlancaq”. Neft ehtiyatlarının davamlı istismarınının elmdə “Hubbert piki” adlanan zirvə nöqtəsinə çatandan sonra tənəzzülə keçməsi aksiomadır. Bu səbəbdən bir sıra neft ölkələri neft erasından sonrakı post-neft dövrünü ciddi şəkildə müzakirə etməyə və bu dövrə indidən hazırlaşmağa başlayıblar. Azərbaycanda da bu istiqamətdə əslində 2008-2009-cu illərin neftin qiymətinin ucuzlaşması ilə müşayiət olunan qlobal iqtisadi böhranından sonra bir sıra müzakirələr aparıldı. Mən Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci ildə Fərmanla təsdiq etdiyi  “Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasını əslində post-neft dövrü ilə bağlı görüləcək işlərin xülasəsi hesab edirəm.

Ümumiyyətlə Azərbayvan post-neft dövrünə ölkə olaraq necə hazırlaşmalıdır, yeni dövrdə inkişafın zəruri şərtləri nələr olmalıdır?

Mən bir neçə ildir tədqiqatlarımda və təlimlərimdə post-neft dövrü üçün daha effektiv şaxələndirilmiş və inkişaf trendinə malik olan bir iqtisadiyyat üçün gərəkli olan “6 İ” yanaşmasını təkidlə müdafiə edirəm. Birinci “İ” sosial, fiziki və maliyyə infrastrukturudur. İkinci “İ” makroiqtisadi sabitlik və biznes mühiti ilə də sıx bağlı olan daxili və ya xarici investisiyadır. Üçüncü “İ” istər mərkəzi, istərsədə yerli səviyyədə idarəetmə qərarlarının qəbulunu optimallaşdıran, idarəetməni vətəndaşlar üçün daha açıq və şəffaf edən informasiya sistemləridir. Dördüncü “İ” keyfiyyətli xidmət göstərən və bütün maraq tərəflərini qərar qəbuletmə prosesinə cəlb edən inkluziv institutlardır. Beşinci “İ” insanın təhsilinə və sağlamlığına çəkilən xərclərin toplamı kimi ifadə edə biləcəyimiz insan kapitalıdır. Altıncı “İ” isə bütün istehsal və xidmət prosesində tətbiqi mümkün elmi-texniki yenilikləri və yeni həlləri nəzərdə tutan innovasiyalardır.

Post-neft dövrünün yeni iqtisadi modelini necə adlandırardınız?

Şərti olaraq neft dövrü adlandırdığımız indiki dövrdə ölkənin işçi qüvvəsinin 2%-dən də azının çalışdığı neft-qaz sektoru ölkə iqtisadiyyatının az qala yarısını formalaşdırır. İşçi qüvvəsinin 98%-i isə iqtisadiyyatın digər yarısını istehsal edir. Post-neft dövrü adlandıra biləcəyimiz yeni dönəmdə yeni iqtisadi model “inkluziv iqtisadi artım və dayanıqlı inkişaf” modeli olmalıdır. İnkluziv iqtisadi artım ölkə əhalisinin daha böyük hissəsinin iqtisadi artıma töhfə verməsini və ondan mümkün qədər yüksək benefit əldə etməsini nəzərdə tutur. Dayanıqlı inkişaf isə iqtisadi artım zamanı resursların elə istismarını nəzərdə tutur ki, bu zaman sosial bərabərsizlik yaranmadan gəlirlər yenidən bölünsün və ətraf mühitə neqativ təsir minimallaşdırılsın.

Dediyiniz “inkluziv iqtisadi artım və dayanıqlı inkişaf” modeli konkret olaraq hansı işləri tələb edir?

İlk növbədə yuxarıda sadaladığım “6 İ” şərtləri üzrə indiyə qədər görülən işlər yenidən gözdən keçirilməli və qarşıya yeni keyfiyyətdə məqsədlər qoyulmalıdır. Ciddi idarəetmə öhdəlikləri götürülərək dövlət proqramlarının icrasına nəzarət gücləndirilməli və məhsuldarlığı artıran struktur islahatlar aparılmalıdır. Bütün mərkəzi və yerli idarəetmə strukturları və onların əhaliyə göstərdikləri xidmətlər yeni monitorinq və qiymətləndirmə metodologiyası ilə dəyərləndirilməlidir. Nəticədə maliyyə intizamını artırmaq və dövlətin iqtisadi yükünü azaltmaq istiqamətində müəyyən yenidən təşkilatlanmalar və bəzi sahələrdə özəlləşdirmələr aprılmalıdır. Bütün islahatların məqsədi məhsuldarlığa yönəlik proses, məhsul və xidmət innovasiyalarının tətbiqi, eyni zamanda son nəticədə də inkluziv və dayanıqlı inkişaf olmalıdır. Bu hədəflər BMT-nin 2030-cu ilə qədər çatılmasını planlaşdırdığı davamlı inkişaf məqsədlərinə də uyğun olardı.

Sumqayıtın Azərbaycanın yeni reallıqlara əsaslanan post-neft dövrünə töhfəsi necə ola bilər?

Ümumiyyətlə, dayanıqlı inkişaf edən şəhərlərin və doğru aparılan şəhərləşmənin ölkələrin inkişafında rolu danılmazdır. Yalnız bir faktı qeyd edim ki, hər ay dünyada 5 milyon insan aqrar bölgələrdən şəhərlərə köç edir. Şəhərlərin demoqrafik və ekoloji vəziyyəti dünyada və ölkəmizdə getdikcə daha çox önəm daşıyacaq. Sumqayıt isə Azərbaycanın post-neft dövrünə töhfəsini ölkəmizdə və bütün regionda “yaşıl şəhər” (“green city”) konsepsiyasını tətbiq edən ilk şəhər olaraq verə bilər.

Yaşıl şəhər” konsepsiyasını oxucularımız üçün bir qədər ətraflı izah edə bilərsinizmi?

“Yaşıl şəhər” konsepsiyası sadəcə olaraq ağaclarla və kollarla yaşıllaşdırılmış sahələrin genişlənməsini nəzərdə tutmur. “Yaşıl şəhər” eyni zamanda istehlak olunan enerjisini əsasən ekoloji təmiz və yenilənəbilən mənbələrdən alan və resurslarını israf etməyən, tullantıların səmərəli idarə edildiyi, ictimai nəqliyyat sisteminin atmosferə neqativ təsirinin minimuma endirildiyi, su və torpaq resurslarının optimal istifadə edildiyi dayanıqlı inkişaf edən şəhərdir. Resurslardan səmərəli istifadə, alternativ enerji mənbələri və dayanıqlı inkişaf ilə bağlı nəinki şəhər miqyasında, hətta ölkə miqyasında da yeni yanaşma ilə bir çox işlər görülməlidir. Azərbaycanda alternativ mənbələrdən alınan elektrik enerjisinin ümumi elektrik enerjisi istehsalında xüsusi çəkisi 2010-cu ildə 18.4% olubsa, 2014-cü ildə bu göstərici 6%-ə düşüb. İndi isə Sumqayıt üzrə bir göstəriciyə baxaq. Şəhərimizdə nəql edilərkən itən su 2010-cu ildə 7 milyon kub metr olduğu halda 2014-cü ildə 34 milyon kub metrə yaxın olub. Maddi vəsait itgisinə səbəb ola bilən bu kimi göstəricilərin bir növ “risk xəritəsi” hazırlanıb göstəricilər mütləq kritik səviyyələrdən xüsusi tədbirlər planı ilə aşağı endirilməlidir.

İstənilən bir şəhərin, məsələn elə yaşadığımız Sumqayıtın “yaşıl şəhər” olub olmadığını necə qiymətləndirmək olar?

IMG_0371Bunun üçün beynəlxalq miqyasda qiymətləndirmə meyarları və metodologiyaları işlənib hazırlanıb. Məsələn, Siemens şirkətinin hazırladığı “Yaşıl Şəhər İndeksi” (“Green City Index”) enerji və karbon dioksid buraxılışı səviyyəsi, torpaqlardan istifadə və binaların vəziyyəti, nəqliyyat, tullantılar, su resurslarının idarə olunması, sanitariya, havanın keyfiyyəti, ətraf mühitin idarə edilməsi və ictimai iştirakçılıq imkanları kimi 8 kateqoriya üzrə 29 indikator ilə şəhərləri qiymətləndirir. Buradakı indikatorlardan bəziləri şəhərin “yaşıl şəhər” konsepsiyası istiqamətində performansını qiymətləndirir. Məsələn, yuxarıda dediyim nəql edilərkən israf edilən su resursları və ya təkrar emal edilən tullantıların xüsusi çəkisi. Digər indikatorlar isə “yaşıl şəhər”in inkişaf planlarını və proqramlarını qiymətləndirir. Məsələn, ictimai binalar üçün “yaşıl standartlar”ının, enerji istehlakının ekoloji təsirlərinin azaldılması öhdəliklərinin, tıxacların azaldılması və ya tullantıların təkrar emalı planlarının qiymətləndirilməsi.

Bu istiqamətdə dünyada örnək şəhərlər hansılardır?

Avropada Kopenhagen, Asiyada isə Sinqapur bu qiymətləndirmə nəticəsində ən “yaşıl şəhər”lər hesab olunublar. Düşünürəm ki, belə şəhərlərin təcrübəsi də öyrənilməlidir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) isə daha spesifik indikatorlardan istifadə edir. Məsələn, şəhər əhalisinin artım dinamikası ilə yaşayış sahələrinin genişlənmə dinamikası arasındakı uyğunluq mühüm bir göstərici kimi nəzərə alınır. Mən çox istərdim ki, Azərbaycan şəhərlərinin, o cümlədən Sumqayıtın “Yaşıl Şəhər İndeksi” göstəriciləri üzrə qiymətləndirməsi aparılsın və uzunmüddətli şəhər inkişafı üçün tövsiyyələr hazırlansın. Yalnız tullantıların təkrar emalı və ya onlardan enerji alınması üçün yandırılması texnologi-yalarının tətbiqi başlanğıc mərhələsində maliyyə vəsaitlərinə qənaətə, uzunmüddətli dövrdə isə gəlir əldə etməyə imkan verərdi. Ev təsərrüfatlarının tullantılarının təqribən 4-5%-i adətən təhlükəli kimi təsnifləşdirilən tullantılar olur ki, onların da təkrar emalının həm də ekoloji benefitləri var.

Bəs Sumqayıtın hansı iqtisadi sektorlarda ixtisaslaşıb ölkə iqtisadiyyatının post-neft dövründə önəmli rol oynamasını münasib hesab edirsiniz?

Yuxarıda dediyim “yaşıl şəhər” konsepsiyası həyata keçirilərsə burada “yaşıl texnologiyalar” və “yaşıl biznes” alt-sektorları həm konsaltinq xidməti, həm də istehsal istiqamətində müəyyən gəlir potensialına malik ola bilər. Məsələn, bütün istismar dövründə (“life-cycle”) istilik sistemlərindən təhlükəsizlik sistemlərinə, işıqlandırmadan binanın tullantılarının toplanmasına qədər bütün prosesləri informasiya sistemləri vasitəsilə ən optimal şəkildə idarə edilən və ətraf mühitə neqativ təsiri minimallaşdıran “ağıllı bina” (“smart building”) konsepti Sumqayıtda tətbiq olunmağa başlasa bu sahədə tədricən ixtisaslaşan yerli şirkətlər daha sonra regional layihələrə də cəlb oluna bilərlər. Bundan başqa Sumqayıtda ödənişli ixtisaslaşmış təhsil xidmətlərini planlı şəkildə bir sektor olaraq inkişaf etdirmək olar.  Dünyada getdikcə böyüyən “konfrans turizmi” sektoru beynəlxalq miqyaslı işgüzar toplantıların, konfransların, sərgilərin və digər bunkimi tədbirlərin keçirilməsi sayəsində yaranan çox böyük gəlirlərə sahibdir. Türkiyə bir ildə konfrans turizmindən 2.5 milyard dollar gəlir əldə edir. Belə hesab edirəm ki, Sumqayıtda iri konfrans mərkəzlərinin tikintisi və xidmət səviyyəsinin yüksəldilməsi ilə şəhərin tarixən ixtisaslaşdığı kimya sektoruna aid hər il qlobal miqyaslı tədbirlər həyata keçirmək mümkündür. Bunu bir sıra müasir mədəniyyət sahələrində də uğurla etmək mümkündür. İnformasiya-kommunikasiya texnologiyaları, dənizkənarı ərazinin modernləşməsi sayəsində turizm və bəzi digər sahələrdə regional klasterləşmə mümkündür.

Şəhərin hansısa iqtisadi sahədə ixtisaslaşması hansı meyarlar üzrə qiymətləndirməni və hansı müzakirə mexanizmlərini tələb edir?

IMG_0384İlk öncə deyim ki, Sumqayıtın ixtisaslaşa biləcəyi sektorlarla bağlı bayaq bildirdiyim fikirlər bir qədər spontan xarakter daşıyır. Şəxsən mənim ölkə iqtisadiyyatının diversifikasiyası, yəni sektoral çeşidləndirilməsi ilə bağlı tədqiqatlarım olsa da, konkret olaraq Sumqayıt nümunəsini ayrıca tədqiq etməmişəm. Sadəcə onu deyə bilərəm ki, bütün bu sektoral inkişaf məsələləri geniş müzakirə və peşəkar qiymətləndirmədən keçməlidir. Mən özüm böyük məmnuniyyətlə belə bir tədqiqat layihəsində iştirak edərdim. İxtisaslaşılan xüsusən istehsal sahələrinin ixrac və ya idxalı əvəzetmə potensialı, əmək və ya texnologiya tutumluluğu, qiymət və keyfiyyət baxımından rəqabətliliyi dəqiq dəyərləndirilməlidir. Eyni zamanda, şəhərdəki bütün maraq tərəflərinin və ya steykholderlərin, dövlət qurumlarının, biznes nümayəndələrinin, qeyri-hökumət təşkilatlarının, alimlərin və gənclər təşkilatlarının iştirakı ilə şəhərin inkişaf prioritetlərinin müzakirə edildiyi daha çox konsultativ funksiya daşıyan bir fikir mübadiləsi platforması formalaşdırıla bilər. Ümumiyyətlə, istər şəhər, istərsə də ölkə səviyyəsində strateji inkişaf planlarının və qərarların hazırlanması nə qədər geniş ictimai müzakirələrdən keçsə, bir o qədər real ehtiyaclara cavab verər.

SÖHBƏTLƏŞDİ: EYVAZ QOCAYEV

Fotolar:  Çinar Bayramov

www.sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər