“KƏNDİMİZİ TEZ-TEZ YUXUDA GÖRÜRƏM”

739

   Və yaxud dostum haqqında bəzi ştrixlər

 Onunla 40 oldir ki, tanışam, həm də dostluq edirəm. Bu, illər ərzində nə xarakterini, nə əqidəsini, nə də insanlara qarşı münasibətini dəyişməyib. Necə varsa, eləcə də qalıb. Açığını deyim, bu, hər adama nəsib olmur. Həyat həm maraqlı, həm şirin, həm də çox dolaşıqdır. İctimai mühit, fikir ayrılığı, cəmiyyətin qabartdığı problemlər çox vaxt adamı sanki coşub-daşan dalğaların qoynuna atır. Kimi bu dalğalarla mübarizə aparıb, qalib gəlir, şəxsiyyətini qoruyub saxlayır, kimi isə dalğaların qoynunda tab gətirə bilməyib, məhv olur. Heç kimə arzulamazdım, problemlər içində çabalasın, çətinliklərlə üzləşsin, əzab-əziyyət çəksin.

İnsan dünyanın əşrəfi sayılırsa, deməli, onun xoşbəxt yaşamağa, gözəllik yaratmağa, sevməyə, sevilməyə layiq olmalıdır. Yaşar Quliyev belə insanlardandır. Xoşbəxtdir. Gözəl ailəsi, uşaqları, nəvələri var. Lakin bu o demək deyil ki, Yaşar dünyaya gələndə üzünə bütün qapılar açıq olub, onu hər yerdə gül-çiçəklə qarşılayıblar. Xeyr, bu, belə deyil. Xoşbəxtliyə yetmək üçün gərək gecə-gündüz çalışasan, maneələri keçməyi bacarasan, problemlər qarşısında aciz qalmayasan, dağa doğru dırmaşanda, yamaclarda büdrəməyəsən, iradəli və qətiyyətli olasan.

Yaşar həyatda özünə güvənib, əməllərinin ona hörmət gətirəcəyini anlayaraq, əyri yola qurşanmayıb, riyakar adamlarla oturub-durmayıb, dostlara xəyanət etməyib, əksinə, həmişə ucalığa, kamilliyə can atıb. Burada Nizami Gəncəvinin aşağıdakı misraları yada düşür.

Kamalındır dövlətin, kamalına arxalan,

Amalındır comərdlik, amalına arxalan.

Bunu Y.Quliyevə bütünlüklə şamil etmək olar. Bununla belə, bir məsələyə də toxunmaq istəyirəm. Yaşarın həyat yolu kamilliyə doğru addımlar atıldıqca, həmin yollar yuxarıda qeyd etdiyim kimi, heç də hamar olmayıb. Ümumiyyətlə, bü, dünyada hamar yollar olduqca azdır. Əyri, dolanbac, yağışlı, palçıqlı yollardan işıqlı bir yola çıxmaq və həyatını düzgün qurmaq insanın böyüklüyünü sübut edir.

İnsanın daxili aləmi, maraq dairəsi, ətrafdakılara münasibəti, dünənə boylananda beynində olan fikirlər, görəsən həmin an, onu yorurmu, yoxsa, keçmişə qayıdaraq, xoş xatirələrə qapılıb hansısa nostalji hisslər keçirir? Yaşarın Sumqayıtla bağlı fikirləri məni daha çox maraqlandırırdı.

…Zəngəzur mahalının Qubadlı rayonunun Cılfır kəndindən Sumqayıta pənah gətirən gənc Yaşar bu haqda belə deyir:

-Fikirləşirdim ki, belə böyük bir şəhərdə məni kim tanıyır, baxmayaraq ki, Sumqayıtda qohum-əqrabamız çox idi. Buna baxmayaraq, zavodların xofu, gündəlik atmosferin kimya müəssisələri tərəfindən çirkləndirilməsi, camaatın saatlarla avtobus dayanacaqlarında nəqliyyat vasitələrini gözləməsi, məndə, bu, gənc şəhər haqqında fikirlərimi dəyişirdi. Əvvəllər belə qərara gəldim ki, kəndə qayıdım, təsərrüfatla məşğul olum, atama köməkçi olum. Ancaq fikrimin yalnış olduğunu bur neçə gündən sonra başa düşdüm. Niyə? Çünki Sumqayıtda yaşayan, müəssisə və təşkilatlarda çalışan adamlar mehriban, səmimi və diqqətcildirlər. Tez ünsiyyətə girməyi bacarırlar. Bir sözlə, Sumqayıt haqqında ilk düşüncələrim dağıldı və məni bir cazibə qüvvəsi kimi özünə bağladı. Artıq 50 ildir ki, Sumqayıtda yaşayıram. Dünyanın bir çox ölkələrində olmuşam, gözəl və yaraşıqlı şəhərlər görmüşəm. Bununla belə, Sumqayıtı heç biri ilə əvəz edə bilmərəm. Sumqayıtın öz aurası var. Bu, doğmalıq, dostluq, mehribançılıq aurasıdır. Məni xaricdə darıxdıran da,bu, auranın çatışmamasıdır.

Yaşar Quliyev uzun müddət Kimya İstehsalat Birliyində fəhlə yeməkxanasının müdiri olub. İşgüzarlığına, təşkilatçılıq qabiliyyətinə və nümunəvi ticarət işçisi olduğunu nəzərə alaraq, SSRİ Ticarət Nazirliyinin “Döş nişanı” na, Respublika Ticarət Nazirliyinin fəxri fərmanına layiq görülüb. Sumqayıt şəhər xalq deputatları sovetinin deputatı olub.

Mən bir qələm sahibi kimi və yaxud redaksiyanın tapşırığı ilə bağlı bir neçə dəfə onun çalışdığı müəssisədə olmuşam, fəhlələrin gündəlik yeməkləri ilə maraqlanmışam. Etiraf edim ki, şikayət edənlər az tapılardı. Maraqlı burasıdır ki, Yaşar fəhlələrlə bir yerdə nahar edirdi. O, həm nahar edir, həm də xörəklərin keyfiyyətinə nəzarət edirdi.

Yuxarıda qeyd etdiyim kimi, Yaşar Quliyev Qubadlı rayonundandır. Onun doğulub boya-başa çatdığı torpaq indi düşmən əlindədir. Bu, haqda danışanda kövrəlir, gözləri yaşla dolur.

-Qubadlı yaralı yerimdir, – deyir: – Bilsəniz necə də həsrətini çəkirəm? Uşaqlıq illərim yada düşür. Başıaçıq, ayaqyalın o torpaqları, dərələri, meşələri o qədər gözmişəm ki, heç bir vaxt da yorulmamışam. Baldırğan, yarpız, itburnu, yemişan, quzuqulağı, çaşır, dağ keşnişi, qırxbuğum toplayır, evə gətirirdim, nənəm Maral da (biz anamıza nənə deyirdik) onların bəzilərindən çay dəmləyər, bəzilərini isə yumurta ilə çığırtma bişirərdi. Dadı indi də damağımdadır. Hələ çayda çimməyimizi demirəm. Rayonumuzdan iki çay axır. Bərgüşad və Həkəri. Balıq tutmağı xoşlayardıq. Eh…uzun söhbətdi. Kəndimiz, çaylarımız yuxuma girir, inanmazsınız, yuxudan ayrılmağıma peşman oluram.

Onu da deyim ki, Qubadlı rayonu 6 il ermənilərə qarşı mərdliklə vuruşdu. Torpağı canlarından əziz tutan cavanlar özlərini od-alovun içinə atdılar, qorxmadılar, geri çəkilmədilər. İlk illər düşmənə qarşı ov tüvəngi, balta-yaba ilə mübarizə aparırdılar. Sonralar rayonda igid oğlanların rəhbərliyi ilə batalyonlar yaradıldı. Silah-sursat çatışmadığından Bakıda, Sumqayıtda yaşayan imkanlı qubadlılara üz tutdular. Tofiq Hüseynli, Nəbi Nəbiyev, Malik İsaqov, Sahib Qarayev, Zakir Məmmədov, Əli Atayev öz ellilərini silahla təmin etməyə başladılar. Onların arasında Yaşar Quliyev də vardı.

1990-cı illərin əvvəlləri çox ağır və təhlükəli illər idi. SSRİ artıq dağılmışdı. Azərbaycan öz müstəqilliyini elan etmişdi. Bununla belə, sərhəddə hələ də sovet ordusunun əskərləri və zabit heyəti “keşik” çəkirdi. Rus hərbiçiləri hadisələrə çox biganə və laqeyd idilər. Bütün günlərini yeyib-içməkdə keçirirdilər. Sərhəd isə od tutub yanırdı. Kəndlərə hücumlar edilirdi. Onların qarşısı igidliklə, böyük bir şücaətlə alınırdı. Düzdür, itkilər də az deyildi. Yaşar dostu Tofiq Hüseynli ilə tez-tez cəbhə bölgəsində olur, əskərləri ruhlandırır, onlara maddi və mənəvi dəstək olurdular.

1993-cü il avqust ayının 31-də rayon erməni terrorçuları tərəfindən işxal olunanda hamı kədərə bütündüyü kimi, Yaşarın da həyatında ən ağır günləri başlandı. Birincisi, anadan olduğu torpaq yağı düşmənlərin tapdağı altında idi. Bunun özü bir faciə olaraq insanların ürəyindən qubar kimi sallandı, nisgilə çevrildi. Belə böyük bir dərdə necə dözmək olardı? Ata-babalarımızın qəbirləri təhqir olunurdu, milli sərvətlər talanırdı, mədəni abidələrimiz sındırılır, dağıdılırdı. İkincisi, rayondan, doğma kənddən qaçqın düşənlərin əksəriyyəti Sumqayıta pənah gətirmişdi. Yurdsuz-yuvasız, gözləri dağlarda, eldə-obada qalan, arzu və istəkləri paramparça olmuş adamların içini alova bürüyüb yandırırdı. Bu, alov Yaşarın da ürəyini yandırır, qəlbini incidir, doğma eli üçün bərk darıxdığından hərdən xəyallara qapılaraq, döğma kəndi-Çılfırda keçirdiyi günlər kino lenti kimi, gözləri qarşısımdan gəlib keçir.

Bütün bu ağrılara, nisgilə baxmayaraq Yaşar ruhdan düşməyib, elindən-obasından didərgin düşənlərin dərdinə şərik olaraq, yaxınlarına, qohumlarına sığınacaq vermək, işlə təmin etmək üçün əlindən gələni edib, qapısına gələni əliboş qaytarmayıb.

-Özümü həmişə onların yerinə qoymuşam, – deyə Y.Quliyev sözünə davam etdi: –  Necə kömək etməyim? Bəs mənim vicdanım? Axı, çoxları ilə duz-çörək kəsmişdim, orta məktəbdə oxumuşdum, əkinə, biçinə getmişdim.

Yaşar xeyirxah və humanist adamdır. Bu haqda saatlarla danışmaq olar. Çox vaxt təvazökarlığa qapılaraq gördüklərini reklam etməz, kimin əlindən tutub yardım edirsə, bunu özünün mənəvi borcu hesab edir. Qaçqınların xeyir-şər işlərində fəal iştirak edir, kiməsə maddi kömək edir, kiməsə təsəlli verir, kimisə ruhdan düşməyə qoymur. Həyat davam edir. Torpaqlarımızın böyük şücaət və qəhrəmanlıqla azad olmasına ümidliyik.

Yaşar Quliyev gözəl ailə başçısıdır. İki qızı, altı nəvəsi  var. Həyat yoldaşı Sveta xanımla Novxanı bağlarında yaşayırlar. Lakin öz övladlarına olan məhəbbəti onları həmişə bir yerə toplayır. Bir yerdə əylənir, şənlənir, ad günlərində, müxtəlif ziyafətlərdə birlikdə iştirak edirlər. Qızları Təranənin və İlhamənin necə böyütdüklərinin, oxuduqlarının canlı şahidiyəm. Hər ikisi ali təhsillidir. Yaşar indi meylini nəvələrinə salıb. Onlarla nəfəs alır, onlarla qürur duyur.

-Atalar deyib ki, dövlətdə dəvə, övladda nəvə, – deyə Yaşar söhbətinə davam etdi: – Gənc olarkən bu kəlamı eşidəndə istər-istəməz onun şişirdildiyini başa düşür, “bu necə ola bilər, doğma oğlu, qızı ola-ola nəvəsini daha çox istəyir”, – deyə düşünürdüm. Həyat sübut etdi ki, səhv düşünmüşəm, bu, həqiqət imiş. Qızlarım mənim gözlərimin işığı, nəvələrim isə mənim nəfəsimdirlər. Onlarsız həyatın mənası itə bilər. Mən isə mənalı və işıqlı həyatda onlarla birlikdə keçirmək istəyirəm.

Yaşarın nəvələrindən Fərham və Rafiq Türkiyədə, Yaşar isə Bakıda iqtisadiyyat universitetində ali təhsil alırlar. Nübar 11-ci sinifdə, Müslim Dünya məktəbində, Nigar isə 5-ci sinifdə oxuyurlar. Hamısı da əlaçıdırlar. Yaşar onlarla qürur duyur, onların hər bir uğurunu öz sevinci kimi qəbul edir və bu sevinci dostları ilə bölüşür. Bir sözlə, Yaşarın nəvələri ilə öyünməyə dəyər. Ağıllı, dərrakəli, tərbiyəli nəslin yetişməsi göz qabağındadır.

İnsan ləyaqəti onun əməlləri ilə ölçülür. Bu, əməllərin amalı və məqsədi aydın və təmizdirsə, onun qarşısına çıxan qara buludların getdikcə qatılaşıb, günəşin üfüqdən boylanmasına maneçilik törədirsə, bu, o demək deyil ki, həyatın sonudur. Xeyir! İnadkarlıq, məqsədə çatmaq həvəsi nə qədər güclü olarsa, insan həmin qara buludları dağıtmağa qadirdir. Çünki bədənində, şüurunda, canında olan ruh onun qorxudan tənhalığa qapılmasına imkan yaratmaz, əksinə, daha mübariz və cəsarətli edər. Yaşarın da xarakterində məskən salan ləyaqət timsalının özünün saf və qüdrətli bir ruhu bar ki, onu ali hisslərə, xoş niyyətlərə sövq edir.

Yaşar bazar iqtisadiyyatının sərt qanunları qarşısında geri çəkilmədi, əksinə, sahibkarlıqla məşğul olmağa başladı, bir sıra uğurlara imza atdı. Sumqayıt şəhərinin inkişafında, qurub-yaradılmasında şəhər rəhbərliyinə, o cümlədən Sumqayıtın təəssübkeşləri kimi, o da, əlindən gələni edirdi. Sumqayıtın ictima-siyasi həyatında fəal iştirak etdiyinə görə, möhtərəm Prezidentimiz, cənab İlham Əliyevin sərəncamı ilə Yaşar Quliyev “Tərəqqi” medalı ilə təltiv olunmuşdur.

-Bu, yüksək mükafatı mənimlə çiyin-çiyinə çalışanların, Sumqayıtı sevənlərin əməyinə verilən mükafat kimi qəbul etmişəm.

Yaşar Allah adamıdır. Həcc ziyarətində olub, Hacı statusuna layiq görülüb. O, oruc tutur, namaz qılır. Bir sözlə, şəriət qanunlarına vaxtlı-vaxtında əməl edir. Bunun özü daxilən təmizlənmək və paklanmaq deməkdir. Bunlarla yanaşı, həyatı dərketmə, o dünyanın, bu dünyanın möcüzələrinə inanmaq, yaxşını, pisdən ayırmaq, Allahın insan qarşısına çıxartdığı sınaqlardan məharətlə çıxmaq, bu yolda dözüm və iradə göstərmək vacib sayılır.

Y.Quliyevin həyatında nöqsanlar olmayıb, desək, səmimi olmarıq. Lakin səhvlərin vaxtında etiraf edilməsi, düzə, ədalətə arxalanmaq, saxtakarlığa, riyakarlığa qarşı aparmaq güclülərin işidir.

Bu haqda Yaşar Quliyev belə deyir:

-Demək istəmirəm ki, həyatda bir çox qəhrəmanlıqlar göstərmişəm, xeyir, bu yalan olardı. Hamı kimi, adi bir həyat tərzi keçirmişəm. Taleyimdən narazı deyiləm. Lakin elə hallara rast gəlirsən ki, təəccüblənir və məəttəl qalırsan. Özündən razı olan bir adam bir də görürsən ki, gördüyü balaca bir işi şişirdir, reklam elətdirir. Bu, populistlərə xas olan cəhətdir. Mənim fikrimcə, xalqa xidmət etmək istəyirsənsə, çalışdığın yerdə işə vicdanla yanaş, bax onda, xalqına xeyir verə bilərsən. Laqeydliyin, biganəliyin düşməniyəm. Aqilləruin bir sözü var: “İnsana səhv etmək ona məxsus cəhətlərdəndir, bunun üçün onun dostları var”. Bax, əsl sədaqətli dost adamı düz yoldan əyri yola düşməsinə rəvac görməz. Bax, budur, həyat, budur dostluğun yüksək zirvəsi. Mən həyatla, onun tələbləri ilə həmişə ayaqlaşmağa çalışmışam. Buna nə qədər nail olmuşamsa bunu yaxınlarım, deyə bilər.

Həyat hər bir adamı hesab etdiyi yola çatdırır. Bu, yol bizi hara aparır? Zirvəyə, yoxsa uçuruma? Bilmirik. Çalışırıq ki, bu yolda sapmayaq, addımladıqca kamilləşək, püxtələşək, dost tapaq, hörmət qazanaq, əgər bütün bunlar olmasa, bu yol, bizi toz-tozanağa bürüyüb, küləyin qabağına verərək, dağlara, təpələrə çırpar, axar sulara qatıb dərinliklərdə dəfn edər.

Yaşarın yolu nə toz-tozanağa düşüb, nə dağlara çırpılıb, nə də axar sulara qərq olub, əksinə, əzmkarlığı və əməksevərliyi ilə yolu parlaq, günəşli bir yolla addımlamasına şərait yaradıb. Bu yolda sevgi tapıb, ailə qurub, sevinclə kədəri bir bölüşüb, həyatın gözəlliklərindən kam alıb. Ömrünün 70-ci ilinə qədəm qoyan Y.Quliyev geri boylananda, hiss edir ki, həyatda qazandıqları itirdiklərindən qat-qat çoxdur. Bunun özü bir xoşbəxtlikdir.

Bundan sonra mən Yaşara ömrünə qatılan illərin şirinliyini duymağı, işıqlı və parlaq günəşin istisinə qızınmağı, ürəyinin hərarəti və sevgisi ilə ailəsini, uşaqlarını, nəvələrini, dostlarını daima sevindirməyi arzulayıram.

 

Eyruz Məmmədov,

Respublikanın əməkdar jurnalisti  

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər