Kəşfiyyatçı əkizlərdən biri Tonaşen ətrafında şəhid oldu, digəri “Vətən sağ olsun” dedi

1399

Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda  canından keçmiş şəhidlərimizdən biri də Neftçala rayonunun Şorkənd kəndində böyüyüb boya-başa çatan  Cəfərov Cəlil Sulduz oğludur.

Cəlil və əkiz qardaşı Xəlil 1998-ci ildə anadan olublar. Ailədə 3 qardaşdırlar. Kiçik qardaşları Cəmilin 19 yaşı var. Cəlilin atası Sulduz kişi sadə zəhmət adamı, bənnadır. Anası Elnarə xanım evdar qadındır.  Əkiz qardaşlar Salyan şəhərindəki 3 saylı orta məktəbin məzunu olublar.  Onlar hələ uşaqlıqdan idmanın sərbəst güləş növü ilə məşğul olublar. Dəfələrlə rayonlararası yarışların iştirakçısı və qalibi olublar.  Hələ orta məktəbdə oxuduqları vaxt məktəblərarası hərbi vətənpərvərlik yarışlarında həvəslə iştirak ediblər.

Anası deyir ki, hərdən əkizlər repetirotun yanına getmək əvəzinə hərbi vətənpərvərlik yarışına gedirdilər və nəticədə müəllimlərdən ona şikayətlər gələrdi.

Əkiz qardaşlar Cəlil və Xəlil hərbi xidmətlərini sərhəd qoşunlarının  sıralarında keçiblər. Əmiləri Elman kişi deyir ki, qardaşının əkiz balalarının  hələ uşaq vaxtı taxta parcasından avtomat “düzəldib” Qarabağı azad etməyə gedəcəklərini deyəndə bu  günlər heç ağlına gəlməzdi. Hərbi xidməti başa vurduqdan sonra hər iki qardaş silahlı qüvvələrdə müddətdən artıq hərbi qlluqçu kimi xidmət etməyə başlayıblar.

Hər ikisi kəşfiyyatçı olub. Qardaşlar valideynlərinə deyiblərmiş ki, hər ikimizin kəşfiyyatçı kimi xidmət etməsinə komandanlığın razılığını almaq çıx çətinliklə başa gəlidi.  Çünki kəşfiyyatçı hər an ölümlə üzləşir. Müharibə başlayandan sonra qardaşlar valideynlərinə  deyiblərmiş ki, hər gün bir-birimizlə danışıb halallaşırıq.

Cəlil 16 oktyabr tarixdə Ağdərə yolunun üzərindəki Tonaşen kəndi yaxınlığında kəşfiyyatda olarkən düşmənin  snayper gülləsinə tuş gələrək şəhid olub. Qardaşı Xəlil onun kəşfiyyatdan qayıdanların arasında olmadığını gördükdə döyüşçü dostları ona “Xəlil, başın sağ olsun” deyib.  Xəlil cavab verib:  “Vətən sağ olsun. İndiyədək 17 nəfər belə qardaşımı itirmişəm”.

Xəlil şəhid olduqdan sonra onun nəşini geri gətirə bilməyən kəşfiyyatçılar şəhidin üzərindən təkcə onun telefonunu və sənədlərini götürərək Xəlilə təhvil veriblər.  Xəlil həmin telefondan kəndə zəng vuraraq qardaşının şəhid olduğunu xəbər verib. Ona görə də kənddə əvvəlcə əkiz qardaşlardan Xəlilin şəhid olması xəbəri yayılıb.

“Xəlil mənə zəng vuraraq bildirdi ki, burda əmanətim qalıb, götürüb kəndə qayıdacam. Sən demə əmanət dedikdə o qardaşının nəşini nəzərdə tutrdu”,-şəhid atası deyir.

Cəlilin nəşini isə neytral ərazidən yalnız 1 ay 6 gün sonra götürmək mümkün olub. Onun tabutunu fəxrlə çiyninə almış əkiz qardaşı Xəlilin qürurlu görnüşü sosial şəbəkələrdə ən çox paylaşılan şəkillərdəndəndir. Atası Sulduz kişi : “Qarabağda alınan hər qarış torpaq balalarımızın qanı ilə yoğrulub.Həyatda ən böyük arzum müharibə başa çatdıqdan sonra həmin torpaqları gəzib ziyarət etməkdir. Mən fəxr edirəm ki, oğlum millətimin namusu uğrunda şəhid oldu”.

Şəhidin anası da eyni fikirdədir, oğlunun Vətən yolunda şəhid olmasından qürur duyduğunu deyir: “ Bir ana kimi fəxr edirəm ki, balam Vətən yolunda gedib. Hələ uşaqlıqdan hər iki balamın arzusu döyüşçü olub itirilmiş torpaqları geri almaq idi. Onlar arzularına çatdılar. Əkiz oğlanlarımın biri şəhid, o biri qazi oldu”.

Əkiz qardaşını doğma kəndində torpağa tapşıran Xəlil isə yenidən cəbhəyə qayıdıb, hazırda Şuşadadır…

 

Emil Məmmədov, Neftçala

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər