“Kim görüb ki, ailədə anaya istirahət günü verilsin, uşağa isə ata baxsın”

200

Əmək Məcəlləsi haqqında qanunda qadınlar kimi kişilərin də atalıq məzuniyyətinə çıxmaq hüququ var.

Qanunla onlara 14 gün məzuniyyət verilir. Bu müddət ərzində kişilərə heç bir ödəniş nəzərdə tutulmur. Əksinə məzuniyyət atanın öz hesabına olur. Bu səbəbdən də kişilər buna maraq göstərmir və onlara verilən hüquqdan istifadə etmirlər. Lakin səbəb təkcə maddi maraq deyil, həm də bizim cəmiyyətin buna hazır olmamasıdır.

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Open.az-a açıqlamasında bildirib ki, qanunvericilikdə təkcə ananın deyil, atanın da məzuniyyətə çıxması öz əksini tapsa da, bəzi stereotiplər var: “Məsələn, uşağa baxmaq, onu yumaq, altını dəyişmək və.s bu birbaşa qadının öhdəliyinə düşür. Bu gün elə ailələr var ki, orada kişilər məzuniyyətə çıxmasalar da, vaxtlarını və enerjilərini uşağın böyüməsinə, inkişafına kifayət qədər sərf edirlər. Bu ailə münasibətlərindən və tərbiyədən asılıdır. Biz sonradan nəyisə kökündən dəyişə bilmərik. Bu müəyyən konfliktlər yaradacaq. Uşaq yaşlarından oğlan övladlarına dəstək olmağı, kömək etməyi aşılamaq lazımdır. Həmçinin nümunə olaraq göstərmək də vacibdir”.

Mehriban Zeynalova bildirib ki, bu qanunun normal qəbul edilməsi və işləməsi uzun çəkəcək: “Çünki bu məzuniyyət atanın öz hesabınadır. Hansı qadın razı olar ki, onun həyat yoldaşının maaşından tutulsun? Burda iqtisadi amil var. Buna görə qadın yoldaşının əmək haqqının azalmaması üçün bütün məsuliyyəti öz üzərinə götürür. Mən düşünürəm ki, kişilərə əlavə ödəniş olsa, yavaş-yavaş atalar da məzuniyyətə çıxar və övladının ilk günlərində daha çox onun yanında olar. Amma burada məsələ var ki, kişiyə əlavə ödəniş edilsə, kişi məzuniyyətə çıxdıqdan sonra həqiqətən vaxtını övladına sərf edəcək? Anaya övladına baxmaqda kömək edəcəkmi? Kim görüb ki, bizim ailələrdə anaya həftədə ən az bir dəfə istirahət günü verilsin və o rəfiqələri ilə görüşsün, başqa məsələlərini həll etsin. Ata isə uşağa baxsın. Bu bizim üçün ənənə deyil. Düzdür bəzi ailələr var. Amma çox azdır. Onu edənləri də qınaq obyekti edirlər, kişi kimi saymırlar, qadının ayaqqabısının altında əzilən adlandırırlar. Yəni ümumi ictimai qınaq hələ ki, bunun əleyhinədir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər