“Kimdir sülh tərəfdarı: “Kalaşnikov”la təlim keçən Akopyan?” – Komitə sədri

1500

Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri komitəsinin sədri Hicran Hüseynova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:

– Hicran xanım, dini və milli dəyərlərə ayrı-seçkilik və dözümlülük, fundamental hüquqların toxunulmazlığı ilə bağlı vəziyyəti necə dəyərləndirirsiniz?

– Ölkəmiz tarixən milli və dini baxımdan həmişə tolerant bir ölkə olub. Bunu bütün tarixi mənbələr təsdiq ediblər. Azərbaycanda çoxsaylı etnosların və müxtəlif dinlərin nümayəndələri birlikdə sülh şəraitində yaşayıb. Heç vaxt bu ərazidə milli ayrı-seçkilik, dini qarşıdurma olmayıb. Azərbaycan ərazisində yaşayan ermənilər isə digər millətlərdən fərqli olaraq torpaq iddialarını ortaya atıb. Məhz erməni təcavüzü nəticəsində bir milyon Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Onlardan 400 mindən çoxu qadın, 300 mindən çoxu isə uşaqlar olub. Hərbi münaqişə dövründə minlərlə azərbaycanlı qadın həlak olub, yaralanıb, ağılasığmaz işgəncələrə və təhqirlərə məruz qalıb. Müharibənin dəhşətləri qadın və uşaqlarda dərin psixoloji iz buraxıb. Yaşadıqları stress, fiziki və psixoloji zorakılıq uzun müddət, bir çox hallarda isə həyat boyu davam edib. Həmçinin bu gün işğal edilmiş bölgələrdə və Ermənistanla sərhəd rayonlarında yaşayan qadın və uşaqların səhhətində ciddi problemlər var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti bütün kateqoriyadan olan vətəndaşlarına həssas yanaşır. Xüsusən də qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi, mənzil-məişət şəraitlərinin yaxşılaşması istiqamətində zəruri addımlar atılıb. Qaçqınların və məcburi köçkünlərin problemləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətindədir. Azərbaycan dövləti hər zaman beynəlxalq prinsiplərə hörmətlə yanaşır və bütün məsələlərin sülh yolu ilə həll olunmasına tərəfdardardır. Ölkəmizin qoşulduğu bir sıra beynəlxalq sənədlər və Konvensiyalar da bunu əyani sübut edir. Bunlardan biri də Sülh və təhlükəsizlik haqqında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsidir. BMT-nin TŞ-sı sülh quruculuğunda qadınların rolunu hər zaman diqqətədə saxlayıb. Bu məqsədlə bərabər hüquqlu iştirakının zəruriliyinə diqqət çəkilir. Bu məqsədlə 31 oktyabr 2000-ci ildə Qadınlar, Sülh və Təhlükəsizlik üzrə 1325 saylı Qətnaməni qəbul edilib. Eyni zamanda BMT-nin TŞ-nın qadın, sülh və təhlükəsizlik mövzusunda qəbul etdiyi səkkiz qətnaməsi mövcuddur. 1325 saylı Qətnamə üzv ölkələrdə münaqişələrin qarşısının alınması, idarə edilməsi ilə bağlıdır. Qətnamədə həmçinin qadınların milli, regional və beynəlxalq səviyyələrdə təmsilçiliyinin artırılmasına da çağırış edilir.

– Ölkəmizdə qadın hüquqlarının qorunması və təşviqi sahəsində vəziyyəti necə qiymətləndirmək olar?

– Azərbaycan hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verir. Ölkəmiz hazırda beynəlxalq səviyyədə qadın hüquqlarının təşviqində fəal iştirak edir. Bunun nəticəsi olaraq ölkəmizdə bir sıra beynəlxalq səviyyəli tədbirlər keçirilir. Heydər Əliyev Fondunun və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda Bakıda beynəlxalq forum keçirildi. Bu forumun keçirilməsi məhz qadınların cəmiyyət həyatındakı fəal mövqeyini bir daha təsdiq edir. Avropa Şurasının qadınlar və kişilər arasında bərabərlik məsələlərinə məsul nazirlərin konfransı da mühüm əhəmiyyət kəsb edirdi. “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin təmin olunması” və digər beynəlxalq əhəmiyyətli konfranslarda qaldırılan məsələlər bütün dünyaya bir mesaj idi. Bu tədbirlər qadınların, qızların hüquqlarının müdafiəsinə, sülh və təhlükəsiz şəraitdə yaşaması istiqamətində öz mühüm töhfəsini verəcək.

– Münaqişədən əziyyət çəkmiş cəmiyyətlərdə qadınların rolu arxa plana keçir. Azərbaycan qadını bu gün cəmiyyətin formalaşmasında nə dərəcədə aktivdir?

– Azərbaycan göstəriş xatirinə, kimlərəsə xoş gəlsin deyə heç bir addım atmır. Sözün əsl mənasında həm xalqımız, həm də başqaları üçün sülh və əmin-amanlıq istəyirik. Lakin əfsuslar olsun ki, biz qarşı tərəfdən tamam başqa mənzərə seyr edirik. İşğalçı Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan davamlı olaraq sülhün əleyhinə olduğunu isbat edir. Sözdə bir, əməldə isə başqa cür hərəkət edən siyasətçilər var. Onların ailəsi isə sülh və təhlükəsizlik prosesinə maneə yaradırlar. Hətta öz xalqını aldatmaqdan belə çəkinmirlər.

– Sizcə, bunun kökündə hansı amil dayanır?

– Kimdir sülh tərəfdarı? Oğlu, qızı, həyat yoldaşı, bacısı, qardaşı, valideynləri şəhid olan, işgəncələrə məruz qalan, evindən, el-obasından qovulmasına baxmayaraq sülh çağırışları edən Azərbaycan qadınıdır. Qarşı tərəfdə isə sülh çağırışı edə-edə “Kalaşnikov” avtomatı ilə təlim keçən erməni qadını var. Özü də bu qadın sadə bir insan deyil. O baş nazirin xanımı, “Qadınlar sülh naminə” təşkilatının rəhbəridir. Bu isə erməni siyasətinin əsl mahiyyətidir. Avqustun 25-dən 31-dək müxtəlif yaş qruplarından olan 15 erməni qadın hərbi təlimlərdə iştirak edib. Harada? Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində. Kimə? Azərbaycanlılara qarşı. Doğrudur tarixdə bir çox nümunələr var ki, qadınlar da kişilərlə bərabər vuruşub. Lakin onlar öz torpaqlarının azadlığı uğrunda mübarizə aparıb.

– Sülh carçısı birdən-birə niyə müharibə ovqatına kökləndi?

– Anna Akopyan bir müddət öncə ölən erməni əsgərlərinin analarını toplayıb Azərbaycan analarına müraciət etməyə çağırmışdı. İndi özü hərbi təlim keçməklə bu çağırışların siyasi manevr olduğunu göstərir. Çünki çağırışlar övlad itirmiş erməni analarını sakitləşdirməyə, beynəlxalq ictimaiyyətə isə sülh tərəfdarı olduqlarını göstərməyə hesablanmışdı. Bunun əksinə ilk olaraq da elə öz cəmiyyətləri tərəfindən ifşa edildi. Bir çoxları təlimləri tənqid edərək, ölkədəki ağır vəziyyətdən diqqət yayındırmağa çalışıldığını bildirdi.

A.Akopyan sülh çağırışlarını unudaraq mülki azərbaycanlıların yaşadıqları kəndləri hədəf göstərir. Erməni qadınlarını Dağlıq Qarabağı “müdafiə” etməyə dəvət edir. Təlim yerlərindən çəkilmiş şəkillər isə Paşinyanın inqilab diktaturasının, Ermənistanın hərbi təcavüzünün mahiyyətininın sübut edir. Əgər Ermənistanda qadınlar da müharibəyə hazırlaşırlarsa, bu ölkənin sülh istəməsinə necə inanmaq olar?

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər