Kitaba, mütaliəyə  maraq  uğurlu gələcək deməkdir

475

   “Bir ölkədə oxumağa, mütaliəyə  qarşı  istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər  azalmaz”.

Benjamin Franklin

 Keşmiş Sovet İttifaqında 15 müttəfiq respublika arasında ən çox mütaliə edən respublikalardan biri də Azərbaycan idi. Həmin vaxt insanlarımızın kitaba marağının çox olmasının ən böyük səbəbi təhsilimizin çox yüksək səviyyədə olması idi.  Məhz həmin dövrdə yetişən insanlar  bu gün Azərbaycanda  ən aparıcı mütəxəssislər sayılırlar. O zaman vətəndaşlarımz  başa düşürdülər ki, Nikolay Rubakinin təbirincə desək: “əsl təhsil yalnız mütaliə ilə əldə olunur”. Və Deni Didronun qeyd etdiyi kimi:  “adamlar mütaliədən əl çəkəndə, fikirləşməkdən də qalırlar…”

Çox təəssüf ki, Azərbaycan müstəqillik qazanandan sonra qarşıya çıxan, elmimizdə, təhsilimizdə yaranan problemlərdən biri və ən başlıcası  kitab oxumağa marağın azalmasıdır. Bir ölkədə təhsilin zəifləməsi və yeni nəslin kitaba marağının sönməsi, sözsüz ki, gələcəkdə  xalqımızın dünyanın aparıcı millətləri arasında lazımi söz çəkisinin olmayacağından xəbər verir.  Almaniyanın inkişafında əvəzsiz xidmətləri olan məşhur filosof , böyük rəhbər Otto Fon  Bismark bu haqda bir vaxtlar belə deyib: “Təhsilə pul ayırmamaqla “qənaət” edən dövlət, sonra həmin pula həbsxanalar tikmək məcburiyyətində qalacaq”.

Uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin təhsilə, mütaliəyə marağının azalması səbəbindən  söz  yox ki, məmləkətimizdə kriminal hadisələr çoxalır, həbsxanalara düşənlərin sayı artır. Bəli, bu gün təcili həyacan təbili çalınmalıdır. Əlbəttə, məqsədyönlü istiqamətdə layihələrn icrasında ziyalılarımız hökmən çox böyük rol oynamalıdırlar.

Sumqayıtda bununla bağlı ilk addımı  Dostlar Klubu idarə heyətinin üzvləri atıb. Belə ki, aprelin25- də  Səməd  Vurğun adına Mərkəzi Kitabxanada  Sumqayıt Dostlar Klubu idarə heyətinin üzvləri ilə şəhər kitabxana müdirlərinin  görüşü  keçirilib.

Sumqayıt  Dostlar Klubunun sədri, tanınmış həkim, yazıçı-publisist Hümbət Həsənoğlu, idarə heyyətinin  üzvləri-  tibb elmləri namizədi, Əməkdar həkim Mayılxan Tağıyev, yazıçı-rejissor,  jurnalist-publisist,  Əməkdar  incəsənət xadimi Ağalar İdrisoğlu,  “Məktəbli – kitab evi” mağazalar şəbəkəsinin təsisçisi, sahibkar  Hacı  Akif  Şahbazov,  Əməkdar  jurnalist  Rəhman Orxan,  şair-mühəndis  Əliyar  Fərzəliyev,  yazıçı-publisist, Əməkdar jurnalist Eyruz Məmmədov, yazıçı-tərcüməçi Arif Ərşad,  Əməkdar həkim Kamil İbadov,  şair- iqtisadçı Rafiq Mehdiyev, Sumqayıt Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Yeganə  xanım  Əhmədova və Səməd  Vurğun adına Mərkəzi kitabxananın əməkdaşları,  kitabxana filiallarının müdirlərinin iştirakı ilə  keçirilən  səmimi görüşdə  səslənən  fikirlər  böyük  maraq kəsb etmişdir .

Görüşü  idarə edən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin  direktoru  Y. Əhmədova  çıxış üçün ilk sözü  H. Həsənoğluna vermişdir. Hümbət müəllim Sumqayıt  Dostlar Klubunun idarə heyətinin üzvlərini təqdim etmiş, birgə əməkdaşlıq həyata keçirmək təklifini irəli sürmüş  və  cari ilin iyunun 9-da keçiriləcək  “Dostlar günü”tədbirində kitabxananın fəal oxucularını  və işində fərqlənən kitabxanaçıları  mükafatlarla təltif edəcəyini, bütün bunların  hər  kəsdə mütaliəyə marağın artmasına səbəb olacağını  bildirmişdir. O, həmçinin vurğulamşdır ki, “mütaliə – insanın təkmilləşməsinin ən böyük və dəqiq  açarıdır”. Eyni zamanda, məşhur filosof  R. Bredberin söylədiyi: “Bir milləti və onun mədəniyyətini yox etmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər!” fikirlərini görüş iştirakçılarının diqqətinə çatdırmışdır .

Mərkəzi kitabxananın direktor müavini Natəvan  xanım  Axundzadə son vaxtlar  gördükləri işlərdən danışmış,  əhalidə  mütaliəyə marağı artırmaq üçün  kitabxana əməkdaşlarının  Sumqayıt  Dostlar Klubu üzvləri ilə birgə fəaliyyət göstərmək təşəbbüsünü  ürəkdən bəyəndiyini bildirmişdir. Vurğulamışdır ki, yeniyetmə və  gənclərə tez-tez Şarl  Lui Monteskyonun bu kəlamını xatırlayırıq: “Oxumağı, mütaliəni sevmək həyatdakı cansıxıcı saatları ən gözəl saatlarla dəyişməkdir”.

Sonra Sumqayıt  Dostlar Klubu idarə heyətinin üzvləri digər maraqlı təkliflər irəli sürmüşlər. Qeyd etmişlər ki, təkcə kitabxanalarda deyil, Sumqayıtın bütün təhsil ocaqlarında  əhalinin vaxtaşırı olaraq mütaliəyə həvəs və marağının artırılması istqamətində  görüşlər, tədbirlər həyata keçirəcək, uşaq fondunun zənginləşməsi üçün bütün  köməkliklərini əsirgəməyəcək, həm öz kitablarını və həm də dünyanın maraqlı yazıçılarının əsərlərini  oxuculara hədiyyə edəcəklər.

Sonda  Sumqayıt  Dostlar Klubu üzvləri adından Hümbət Həsənoğlu  Sumqayıtın simvolu sayılan “Göyərçin” simvolik forması  xatirə hədiyyəsi olaraq Yeganə xanım  Əhmədovaya təqdim etmişdir.

İlhamə  MƏHƏMMƏDQIZI, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər