Kollektiv immunitet niyə gecikir? – İnfeksionist açıqladı

609

Azərbaycanda “Omikron”a yoluxma sayı həndəsi sürətlə artır. Bu ştammın sonuncu dalğa olacağı ilə bağlı proqnozları nəzərə alsaq, yoluxmanın artması təhlükəli sayılmamalıdırmı? Bəs ölkədə kollektiv immunitet niyə yaranmır?

Maraqlıdır ki, bu qədər vaksin vurulub, amma yoluxma sayı vaksin az vurulan ölkələrdəkindən faktiki fərqlənmir. Yeri gəlmişkən, əhalinin 52 faizi vaksinasiya olunub. Vaksin olunmayanlar isə 48 faiz təşkil edir. Yazını hazırladığımız zaman bəlli olan statistik məlumata əsasən, ölkəmizdə bir gündə 29 515 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 565, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 201, buster doza üzrə vaksinasiya olunanların sayı isə 24 749 nəfərdir. Vurulan vaksinlərin ümumi sayı isə 11 905 588, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 222 566, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 736 905, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 946 117 təşkil edir.

Bu arada, tanınmış virusoloq Pyotr Çumakov mediaya açıqlamasında bildirib ki, COVID-19-a yoluxma halları artmaqdadır, lakin yaxın gələcəkdə dalğa azalacaq: “Omikron” ştammı çox yoluxucudur və sürətlə yayılır, lakin onun yaratdığı COVID-19 dalğası yüksələn kimi tez də azalacaq. Rusiyada dalğa çox güman ki, fevralın 10-dan sonra azalmağa başlayacaq”.

Omikron dalğası nə vaxt səngiyəcək? - Virusoloqdan AÇIQLAMA

Pyotr Çumakov

Virusoloq bildirib ki, koronavirusun “Omikron” variantı ilə yoluxma çox vaxt COVID-19 simptomları ilə nəticələnmir: “İndi insanların çoxu asemptomatikdir, yəni yoluxduqlarını belə bilmirlər, çünki bu ştam çox aşağı patogendir, adətən insanın hiss edə bilməyəcəyi yüngül, soyuqdəyməyə bənzər bir xəstəliyə səbəb olur. Bir çox ”Omikron” daşıyıcılarında COVID-19 simptomları olmadığından və tibbi yardıma müraciət edilmədiyindən, hazırda gördüyümüz insidentlərin artması əslində statistikanın göstərdiyindən qat-qat çoxdur. “Omikron”a yoluxmuş insanların böyük bir hissəsi COVID-19-a qarşı immunitet qazanacaq, buna görə də bu xəstəliyin növbəti dalğası narahatlıq yaratmayacaq”.

Haqqımda - Dr. İlahə Vəliyeva

İlahə Vəliyeva 

Mövzu ilə bağlı həkim-infeksionist İlahə Vəliyeva isə “Yeni Müsavat” a mövzunu belə şərh edib: “Nəzərə alsaq ki, ”Omikron” qısamüddətli immunitet yaradır. Bu virusa yoluxan adam təkrar yoluxa bilər. Sadə qrip necədirsə, bu ştammda da elədir. Ona görə də davamlı immunitetin yaranması mümkün deyil.  Kollektiv immunitet o zaman yaranır ki, hər kəs xəstəliyi keçirir və hər kəs sağalır. Bundan sonra virusa yoluxma faizi aşağı düşür. Amma “Omikron” qısamüddətli immunitet yaratdığına görə kollektiv immunitet yaranmır. Bundan əvvəlki virus variantları yayılan zaman da kollektiv immunitet yaranmadı. Məsələn, suçiçəyi xəstəliyinə yoluxan adam təkrar bu virusa yoluxmur. Çünki insanlarda davamlı immunitet yaranır. Amma qrip, paraqrip, koronaviruslar, bunlara qarşı davamlı immunitetin yaranması mümkün deyil. Ona görə də burada kollektiv immunitetin yaranması özünü göstərmir. O ki qaldı “Omikron” un sonuncu virus variantı olması, pandemiyanın sonuna səbəb olacağı ilə bağlı deyilənlərə, bunu əvvəldən demək doğru olmaz. Bunu zaman göstərəcək. Amma bu virusun yoluxuculuq qabiliyyətinin yüksək olması danılmazdır.  “Omikron” digərlərindən fərqli olduğuna görə yoluxuculuğu da yüksəkdir”.

İnfeksionist vaksinasiyanın effekt verməməsi ilə bağlı iddialara da cavab verib: “Vaksin olunmaq o demək deyil ki, yüz faiz effekt verəcək. Diqqət edirsinizsə, vaksin olunanlar xəstəliyi daha da yüngül keçirirlər. Yalnız yanaşı, xroniki xəstəliyi olanlar, yaşlı adamlarda ağır gedişatlı olur”.

Həkim əlavə edib ki, hazırda müraciət edənlər əsasən “Omikron” a yoluxanlardır: “Bu ştam antibiotiklərə ləng tabe olur. Xəstəlik boğaz ağrısı, quru öskürək, qulaq ağrısı, 37-38 dərəcə hərarətlə davam edir. ”Omikron” ştamı zamanı xəstələrə klassik hava-damcı infeksiyasında olduğu kimi burada da antiviral müalicə aparılır. Bir də immunitetin güclənməsinə diqqət edirik”.

Bu arada ölkə üzrə COVID-19-a yoluxmanın ən çox qeydə alındığı şəhərlərin statistikası açıqlanıb. Koronavirusinfo.az saytında yayımlanan məlumata görə, COVİD-ə yoluxma halları ilə bağlı ən yüksək göstərici 52,3 faizlə Bakı şəhərinin payına düşür.  Yoluxma digər bölgələr üzrə Abşeronda 13,3 faiz, Aran zonasında 12,9 faiz, Gəncə-Qazaxda 7,7 faiz, Quba-Xaçmazda 3,6 faiz, Şəki-Zaqatalada 3,5 faiz, Lənkəranda 2,5 faiz, Dağlıq Şirvanda 2,2 faiz, Yuxarı Qarabağda 1,6 faiz, Naxçıvanda yoluxma 0,05 faizdir. Koronavirusa yoluxma hallarının 0,5 faizi isə ölkə xarici yoluxmaların payına düşür. Xatırladaq ki, koronavirusa yoluxma üzrə aparılan araşdırmaya görə, virusa yoluxanların 51 faizi qadınlar, 49 faizi kişilərdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər