Komitə sədri məktəblərdə yeni fənnin tədrisini TƏKLİF ETDİ

1385

“Orta məktəblərdə yeni fənnin – “Maliyyə savadlılığının elementləri” fənninin tədrisinə ehtiyac var”.

Modern.az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bununla bağlı təklif irəli sürüb.

Komitə sədri xatırladıb ki, hazırda bütün dünyada mövcud olan təhsil sistemi XX əsrin təhsili sayılır:

“Ona görə insanların bir çoxu məktəb, universitet bitirəndən sonra belə həyatda rastlaşdıqları müasir çağırışların öhdəsindən gələ bilmirlər. Halbuki, məsələn, məktəb bitirib işə başlayan hər bir insandan artıq ilkin maliyyə savadlılığı, öz gəlir və xərclərini planlaşdırmaq, vergidən yayınmamaq, kiçik də olsa investisiya etmək, banklar ilə münasibətə girmək və s kimi müasir vərdişlər tələb olunur.

Hesab edirəm ki, orta məktəb şagirdlərinə artıq ilkin maliyyə savadı verilməlidir. Üçüncü sinifdə şagirdlərə “maliyyə problemlərini necə həll etmək” yollarını öyrətmək lazım: məsələn, ailənin gəlir və xərclərini təhlil etmək, fərdi maliyyə planı tərtib etmək kimi ilkin bilikləri öyrətmək lazımdır. Daha yuxarı siniflərdə isə (6-7-ci siniflərdə) şagirdlərə sahibkarlıq fəaliyyətinin riskləri, yüksək kredit faizlərinin nəticələri, haqsız maliyyə təcrübələri və maliyyə dələduzluğunun formaları, vergi cinayətləri kimi risklər haqqında ilkin biliklər öyrədilməlidir”.

Tahir Mirkişilinin fikrincə, riyazi məsələlərin bir hissəsi malların qiymətlərinin, alışların dəyərinin və vergilərin hesablanmasına həsr edilməlidir:

“Bundan başqa, şagirdlərə sərbəst formada sadə formaların və sənədlərin – ərizə, müraciət, deklarasiya, etibarnamələrin doldurulmasını, elektron hökumətlə ünsiyyət formalarını öyrətmək lazımdır.

Hesab edirəm ki, insanlar arasında maliyyə savadlılığının artması onların öz həyatlarını daha doğru planlaşdırmasına, maliyyə risklərindən uzaq durmalarına və ümumilikdə ölkədə maliyyə dayanıqlılığının güclənməsində səbəb ola bilər”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər