Koronavirus peyvəndi artıq Azərbaycanda

609

Türkiyədə vaksinlər “qara bazarda” satılır,  Azərbaycanda da mümkündürmü?

SARS-CoV-2 koronavirus peyvəndinin ilk partiyası Azərbaycana daxil olub. Xəbəri “Sputnik Azərbaycan” yayıb.

Nəşrin mənbəsinə görə, Çin istehsalçısı “SinoVac”dan sifariş edilən peyvənd ölkəyə gətirilib. O da bildirilir ki, ilk mərhələdə səhiyyə işçiləri və 65 yaşdan yuxarı vətəndaşlar  koronavirus peyvəndi alacaqlar.

Qeyd edək ki, rəsmilərin verdiyi açıqlamalardan belə məlum olur ki, Türkiyədən Azərbaycana Çin istehsalı olan “SinoVac” vaksinindən  4 milyon doza  gətiriləcək. Ölkəyə gətirilən vaksinlərin yoxlanması başa çatan kimi kütləvi peyvəndləmə ilə bağlı qərar veriləcək. Bu günə qədər yoxlamadan keçirilən “Sinovac” vaksinləri ilə bağlı mənfi fikir bildirilməyib.

Qeyd edək ki, Çinin “SinoVac” vaksini Türkiyədə klinik sınaqlardan uğurla çıxıb. İlkin mərhələdə 50 milyon doza sifariş edilib. İlk növbədə səhiyyə işçiləri arasında peyvəndləmə aparılacaq. Hər kəsə iki dozanın vurulması tövsiyə edilir. Bildirilir ki, vaksinlər 28 günlük fasilə ilə vurulduqda infeksiyaya qarşı daha dözümlü vəziyyət yaradır.

Bununla belə, ÜST hələ ki  “Pfizer/BioNTech” peyvəndinə təcili istifadə üçün icazə verib. Sözügedən peyvənd Amerikanın “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanıb.

Coronavirus vaccine: Pfizer, BioNTech seek emergency use in US | News | DW  | 21.11.2020

“Ankara” klinikasının baş həkimi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “”Sinovac” vaksinlərinin də təsdiqləndiyi haqda artıq fikirlər var. Çünki əgər təsdiqlənməsəydi, ölkələrə satılması mümkün olmazdı. Əlbəttə ki, hansısa vaksinin daha dayanıqlı olması ilə bağlı təsdiqlənməsi üçün müəyyən zamana ehtiyac var. Təsdiqlərin özü də aparılan sınaqların bir hissəsidir. Milyonlara tətbiq edildikdən sonra aparılan qiymətləndirmə, tədqiqatlar hazırda ortada olan vaksinlərin hansının daha dayanıqlı, yararlı olduğunu aşkarlayacaq. “SinoVac” vaksinlərinin ümumilikdə  əsas üstünlüyü ondan ibarətdir ki, daşınması, saxlanılması, praktikliyi daha sərfəlidir. Məlum olduğu kimi, bu vaksinlər mənfi 2 dərəcədə qala bilir. Digər vaksinlərdə bu mənfi 50-70 dərəcədir ki, bu da bir çox ölkələr üçün əlçatımlı deyil”

Yayılan məlumatlara görə, Türkiyədə vaksinasiya başladılmasa da artıq “qara bazarda” “od qiymətinə” vaksinlərin satışı başlayıb. Yəni ölkədə əlaltından vaksin tapmaq mümkündür.

Bəs Azərbaycanda necə, vaksinlərin “qara bazara”a çıxması mümkündürmü?

Xatırladaq ki, bir neçə gün öncə ölkədə vaksinasiyanın sürətli aparılması üçün özəl şirkətlərin də vaksin gətirilməsi prosesinə cəlb olunması haqda fikirlər səslənmişdi. Lakin cavab olaraq bir çox mütəxəssislər bildirdilər ki, ortada ciddi məsuliyyət olduğu üçün ölkəyə vaksinlərin gətirilməsi, saxlanılması qaydaları, bütövlükdə dövriyyə sisteminə dəqiq nəzarət yanlız dövlət tərəfindən olunmalıdır, necə ki, bütün dünyada da belədir”.

Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı mütəxəssisi, fleboloq

Azərbaycanda da vaksinlərin “qara bazara” ayaq aça bilməsinə gəldikdə isə Zülfüqar Yusifov bunları bildirib: “Təbii ki, insan həyatı və məsələnin təcililiyi, təhlükəliliyi ortaya çıxanda onunla bərabər ortaya müəyyən işbazlar, dəllallar da ortaya çıxır. Bu, bütün dünyada belədir. Xüsusən də inkişaf etməkdə olan ölkələrdə daha tez-tez rast gəlinir. Ola bilsin ki, Azərbaycanda da vaksinlərin ”qara bazarda” satışı ilə məşğul olan insanlar ortaya çıxsın. Əlbəttə ki, müvafiq orqanlar bu məsələ ilə bağlı düşünməmiş olmazlar. Yəqin ki, bunların qarşısı imkan daxilində alınacaq”.

Dünyada isə koronavirusa yoluxanların sayı 91,3 milyonu ötüb. Virusdan ölənlərin sayı 1,9 milyondan çoxdur. Ən çox yoluxam sayına görə ABŞ aylardır ki, ölkələr arasında liderdir. Bu günə qədər ölkədə 23,1 milyondan çox insan virusa yoluxub ki, onun da 385,2 mini dünyasını dəyişib. Bir neçə gün öncə “NBC News”un yaydığı məlumata görə, ölkədə koronavirusun yeni bir növü aşkar edilib. Yeni variant Böyük Britaniyada aşkarlanan mutasiyadan fərqli olaraq, 50 faiz daha sürətlə yayılır. Yayılan məlumatda həmçinin bildirilir ki, yeni növlə bağlı hesabata görə, maska taxılmadığı və sosial məsafə qorunmadığı təqdirdə epidemiya daha kəskin vəziyyət ala bilər. Qeyd edək ki, hazırda ABŞ-da koronavirusa yoluxmada yaz və yay ayları ilə müqayisədə ikiqat artım müşahidə edilir. Ölkədə dekabrın əvvəllərindən başlayaraq “Pfizer” və “BioNTech” şirkətlərinin, həmçinin “Moderna” şirkətlərinin istehsal etdiyi vaksinlərlə vaksinasiya başlayıb. Rəsmi açıqlamalardan belə məlum olur ki, yaxın vaxtlarda ölkədə gündəlik olaraq 1 milyon insana vaksin tətbiq edilməyə başladılacaq.

İngiltərədə də koronavirusun yeni ştammının geniş yayılması səbəbindən ölkədəki ölüm halları da sürətli şəkildə artır. Son bir neçə gündür ki, ölkədə gündəlik yoluxma sayı 50 mindən çox olur. Rəsmilər bildirir ki, ölkənin bir neçə şəhərində vəziyyət çox kritikdir. Belə ki, xəstəxanalar demək olar, doludur. Məhz bu səbəbdən Londonun şərqində yerləşən müvəqqəti tibb ocağı xəstələrin qəbuluna başlayacaq. Qeyd edək ki, ötən həftədən etibarən İngiltərədə ardıcıl olaraq üçüncü dəfə sərt karantin rejimi tətbiq olunub.

Covid: Bolsonaro hails suspension of Chinese vaccine trial - BBC News

Rusiyada isə bu günə qədər virusa yoluxanların sayı 3,4 milyondan, virusdan ölənlərin sayı isə 62 min nəfərdən çox olub. Bununla da Rusiya virusa yoluxanların sayına görə dünyada 4-cü sıradadır. Xatırladaq ki, ötən il dekabrın sonlarından etibarən ölkədə vaksinasiya prosesi başladılıb. Rəsmilərin açıqlamasına görə, bu günə qədər 1 milyondan çox insan Rusiya istehsalı olan “Sputnik V” peyvəndi ilə vaksinasiya edilib. Hər gün 100 min doza peyvənd dövriyyəyə buraxılır. Bununla belə, ölkədə koronavirusla bağlı kritik durum yerində qalmaqda davam edir.

Avropada koronavirus pandemiyasının ən ciddi zərbə vurduğu ölkələrdən biri olan İtaliyada da vəziyyət kritik olaraq qalır. Bu günə qədər ölkədə 79 mindən çox insan virusun qurbanı olub. Ölkədə koronavirusun Britaniyada aşkarlanmış ştammı aşkarlanandan virus daha sürətlə yayılmağa başlayıb. Bu günə qədər İtaliyada 2,2 milyondan çox yoluxma halı aşkarlanıb. Yerli mətbuat orqanlarının yaydığı məlumata görə, İtaliya hökuməti koronavirus pandemiyası ilə əlaqədar ölkədəki fövqəladə vəziyyəti daha yarım il müddətinə uzatmağa hazırlaşır. Qeyd edək ki, İtaliyada ötən il yanvarın 31-də yarımillik fövqəladə vəziyyət elan olunmuşdu. İyul ayında fövqəladə vəziyyət hökumətin qərarı ilə oktyabrın 15-dək, sonra isə bu il yanvarın 31-dək uzadıldı. Fövqəladə vəziyyət çərçivəsində hökumət ictimai sağlamlığın qorunması məqsədilə bir sıra sərəncamlar verib. Qarşıdakı həftədə hökumətin ölkədəki epidemioloji vəziyyətin inkişafından asılı olaraq, sərt karantin rejimi ilə bağlı da yeni qərar elan edəcəyi gözlənilir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər