Koronavirusdan sağalan şəxslərin təkrar yoluxma ehtimalı varmı? – RƏY

2345

Koronavirusa yoluxub sağalan şəxslərin yenidən virusa yoluxma ehtimalı bu gün də müzakirə mövzusudur.

“Report” xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı bir müddət əvvəl yaydığı məlumatda hazırda koronavirusa yoluxan və sağalan, bədənində antitellər olan şəxslərin yenidən təkrar yoluxmayacağına dair heç bir sübutun olmadığını bildirib.

Məlumatda qeyd edilir ki, belə insanların ikinci bir infeksiyadan qorunmasına dair heç bir dəlil yoxdur.

Azərbaycanın baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev “Report”a açıqlamasında bildirib ki, bu gün virusa yoluxan şəxsin sağalandan sonra yenidən yoluxması güman edilmir: “Hesab olunur ki, bədəndə virusa qarşı immunitet yaranır və yenidən yoluxma ehtimalı yoxdur. Bu da təxminən bir illik qoruyucu müddət ola bilər. Amma bu da sadəcə fərziyədir. Bu immunitetin nə qədər davamlı olacağı və yenidən yoluxmanın ola biləcəyi ehtimalı məlum deyil”.

Cəlal İsayev

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı isə bildirib ki, virusdan sağalan şəxslərin yenidən koronavirusa yoluxması ilə bağlı araşdırmalar bunun mümkün olduğunu göstərir: “Bu gün əldə olunmuş analizlərə görə, yenidən yoluxma baş verə bilər, amma xəstəlik yüngül keçirilə bilər. Amma virusun sonradan hansı mutasiyaya doğru gedəcəyini gələcək göstərəcək. Ona görə də heç kəsin arxayınlaşmaması lazımdır”.

Ramin Bayramlı

TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva isə qeyd edir ki, koronavirusdan sağalanların yenidən yoluxması sualına cavab vermək çox çətindir: “Qrip tipli respirator xəstəliklərdə immunitet çox gec yaranır. Hazırda xəstəliyi keçirən vətəndaşlardan sereloji testlərin keçirilməsinə başlanılıb. Bunun nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.

Yaqut Qarayeva

Səhiyyə eksperti Adil Qeybulla isə hesab edir ki, koronavirus xəstəliyini keçirənlər təkrar virusa yoluxa bilməz: “Virusa yoluxanların bədənində bu xəstəliyə qarşı immunitet yaranır. Bu ştam onsuz da bir də təkrar olunmayacaq. Gələn il peyda olunan ştam tamamilə başqası olacaq. Ona görə də bu variant və insanların təkrar xəstələnməsi mümkün deyil”.

A.Qeybulla “koronavirusa yoluxan insanlar ömür boyu ağ ciyərlərindən əziyyət çəkəcəklər” fikirinə də aydınlıq gətirib: “Sağalan xəstələrdə virus mutasiyaya uğrayır və itir. Koronavirusun bədəndə lövbər salması real deyil. Bu o deməkdir ki, daima xəstəlik kəskinləşər və sönər. Belə bir bir şey mümkün deyil. COVID-19-un bu ilin sonuna kimi mutasiyaya uğrayıb yoxa çıxacağı proqnozlaşdırılır. Ona görə də narahatçılığa əsas yoxdur. Gələn il isə koronavirusun yeni bir stamı peyda olacaq. Bu, nə dərəcədə mövsümi soyuqdəymə törədəcək, yoxsa daha ağır olacaq, indidən demək çətindir”.

Adil Qeybulla

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.

Onu da qeyd edək ki, TƏBİB bu günədək Azərbaycanda koronavirusdan sağalmış hər hansı şəxsin yenidən bu virusa yoluxması barədə məlumat paylaşmayıb.

Xatırladaq ki, bu gün Azərbaycanda ağır koronaviruslu xəstəyə sağalan şəxslərdən qan köçürülməsinə başlanılıb. Bununla da xəstələrdə müsbət dinamika müşahidə edilir. İmmun plazma müalicəsi COVID-19 diaqnozu ilə müalicə alıb sağalan xəstələrdən Mərkəzi Qan Bankı tərəfindən toplanan qan plazmasının ağır vəziyyətdə olan xəstələrdə istifadəsi ilə həyata keçirilən metoddur. Donordan qan alınaraq laborator testlər həyata keçirilir. Test nəticələri uyğun olan donorlardan aferez metodu ilə plazma alınır. Prosedur 45-60 dəqiqə davam edir. donordan immun plazma 1 ay ərzində ən çox 3 dəfə, ilk plazmanın götürüldüyü tarixdən etibarən 7-10 gün fasilə ilə alına bilər.

Prosedurun donorun sağlamlığı üçün heç bir riski yoxdur. Aferez proseduru zamanı qanın ayrılması üçün istifadə olunan setlər birdəfəlik və sterildir. Setlər qapalı sistem kimi işləyir. Prosedur zamanı qan cihazla təmas etmir. Bu müalicə tam ödənişsizdir. Bütün xərclər TƏBİB tərəfindən qarşılanır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər