Macarıstan koronavirusa belə qalib gəlib – Səfir açıqladı

864

“Macarıstan koronavirusla vidalaşır. Son iki gündə yalnız iki yoluxma faktı qeydə alınıb. Son bir həftədə isə yoluxma sayı 3-15 arası dövr edib. 9,7 milyonluq Macarıstan buna necə nail oldu? Uğur formulu çox sadədir: dövlətin vətəndaşa hörməti, vətəndaşın dövlətə inamı, kütləvi məsuliyyət hissi, ictimai nəzarət”. 

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev sosial şəbəkədə yazıb.

O bildirib ki, fövqəladə vəziyyət və komendant saatı elan olunmasına baxmayaraq hər şey vətəndaşın şüur və məsuliyyətinə hesablandı, sərt qadağalar tətbiq edilmədi:

“Yoluxma hallarının az qala kütləvi xarakter aldığı günlərdə də insanların məsafə hissi gözləməklə meşə və parklarda gəzmələrinə, qaçmalarına, velosiped sürmələrinə, idmanla məşgul olmalarına maneçilik törədilmədi. Bir dəfə də olsun polis-vətəndaş qaçdı-tutdusuna təsadüf olunmadı. Bütün ərzaq mağazaları, aptek və bazarlar səhər saat 9-12 arası 65 yaşdan yuxarı insanlara xidmət etdi. Daha çox adamın ictimai nəqliyyatdan deyil, fərdi avtomobillərindən istifadə etməsi üçün parkinqlər pulsuz oldu. Əsas magistrallarda velosipedçilər üçün sərbəst hərəkət zolağı yaradıldı. Qapalı yerlərə maskasız girmək bir kimsənin ağlına gəlmədi. İnsanlar hətta ən uzun növbələrdə də səbirlə distansiya gözlədilər. Hökumətin əlaqədar nazirləri həftədə iki dəfə Parlament qarşısında pandemiya ilə mübarizədə görülən və görülməsi nəzərdə tutulan işlər barəsində məlumat verdilər. Dünyanın 116 ölkəsindən 10 minə yaxın macar vətəndaşının vətənə gətirilməsi təşkil edildi.

Məmləkətimizdəki vəziyyəti həyəcanla izləyirəm. İnsanlarımızın qarşılaşdıqları çətinliklərə üzülürəm. Həkimlərimizin fədakarlığından qürur duyuram. Hər kəsin ümumi fəlakətə anlayışla yanaşmasını, özünü, ailəsini, millətimizi və dövlətimizi qorumasını arzulayıram. Mümkün qədər tez bir zamanda hər şeyin yoluna düşməsini istəyirəm. Və inşallah, belə də olacaq!

Amma insan hər yerdə insandır. Yoluxma sayı 3-ə düşən gün vəzifəli macar tanışlarımdan birinə zəng vurub təbrik etdim. “İnanma!”- dedi. Yoluxanlar çoxdur. Rəqəmləri gizlədirlər!”
Bir şey deyə bilmərəm. Amma həyatın artıq əvvəlki ahənginə qayıtmaq üzrə olduğu danılmaz həqiqətdir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər