Mahir Şükürov: “İnanmıram ki, o yolunu azsın”

978

Sumqayıt futbol məktəbinin yetirməsi olan milli komandamızın və “Neftçi”nin üzvü Mahir Şükürov  “Futbol11.az” saytına müsahibəsində  şənbə günü Topaz Premyer Liqasında “İnter”lə keçirəcəkləri matç haqqında fikirlərini bölüşüb.

– Premyer Liqanın hesabat turunda doğma meydançanızda lider “İnter”lə görüşəcəksiniz. Yəqin ki, bu, sənin üçün adi oyun olmayacaq. Hər halda, vaxtilə “İnter”də uğurlu oyunlar keçirib, “Anji”yə transfer olunmuşdun…

– Hər bir oyun bizim üçün vacibdir. Ona görə də matça çox ciddi hazırlaşırıq. “İnter” digər rəqiblərdən fərqlənmir. Amma bu oyun öncəsi hər kəs öz məsuliyyətini son dərəcə dərk edir.

– Vaxtilə “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin əvəzedilməzlərindən olmusan. Maraqlıdır, bu baş məşqçinin və onun rəhbərlik etdiyi komandanın əsas üstünlükəri nədən ibarətdir?

– Əlbəttə ki, Kaxa Azərbaycana gələn ən səviyyəli legioner məşqçilərdən biridir. Onun öz futbol fəlsəfəsi və inandığı taktika var. Etiraf edirəm ki, Kaxanın taktiki gedişləri əladır. Sxadadzenin komandasına, korpusuna qarşı oynamaq həmişə çətin olub, indi də çətindir.

– Bəs “Neftçi”nin əsas üstünlüyü nədən ibarətdir?

– “İnter” əsasən komanda şəkilində oynayır. Bizdə isə elə oyunçular var ki, matçın taleyini həll edə bilirlər. Düşünürəm ki, “Neftçi” “İnter” oyunu tam başqa bir matç olacaq.

– Sözsüz ki, “İnter” və “Neftçi” çempionluğun əsas favoritləridir. Demək olarmı ki, bu qarşılaşma çempionluqla bağlı müəyyən görüntü yaradacaq?

– Əlbəttə ki, bu oyun çempionluq yolunda hər iki komanda üçün vacibdir. Bu oyunda qazanılacaq 3 xal həmişə köməyimizə çatacaq. İndi qazanacağımız xal bizim üçün qızıla bərabərdir. Çünki elə anlar olur ki, məhz çempionatın sonunda “kaş bu oyunu udaydıq” deyirik.

– “İnter”in heyətində fərqləndirə biləcəyin oyunçu varmı?

– Əlbəttə ki, var. Amma ad çəkmək istəmirəm. “İnter” komanda şəkilində güclüdür. Ümumiyyətlə bir deyim var. Oyun zamanı məşqçinin işi 40, futbolçunun işi 60 faizdir. “İnter”in oyunçuları hərə özlüyündə liderdir. “İnter”də yaxşı oyunçular yığışıb.

– Bayaq fərdi oyunçulardan danışdın. Sözsüz ki, həmin siyahının başında Vobay durur. Vitse-kapitan kimi necə düşünürsən, Vobay cızından çıxmayıb ki?

– Vallah mən nə deyə bilərəm? Vobay komanda üçün əlindən gələni etməyə çalışan oyunçudur. İnanmıram ki, yolunu azsın. Ola bilər ki, Vobay kənardan belə görünür. Bəlkə də belədir. Amma mən oyuna adaptasiya olduğuma görə hiss eləmirəm.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər