Mahir Şükürov: “Karyeramı “Neftçi”də bitirmək istəyirəm”

218

Millimizin və “Neftçi”nin aparıcı üzvü,  Sumqayıt futbol məktəbinin yetirməsi  Mahir Şükürov Mundial.az  saytına müsahibəsində həm “Neftçi”nin qış fasiləsinə qədərki çıxışına münasibət bildirib,  həm də gələcək karyerası haqqında danışıb.

– Birinci dövrəni “Neftçi” üçün necə dəyərləndirirsə­n?
– Mənə elə gəlir ki, hər şey yaxşıdı. Heç nə itirilməyib. Avropa Liqasının oyunlarını da götürsək digər klublarımızdan çox oyun keçirdik. Demək olar ki, üç gündən bir görüş keçirmişik. Məhz bu üzdən deyirəm ki, heç nə itirilməyib. Qarşıda bir ehtiyat oyunumuz da var. İnşallah, təxirə salınmış matçda qələbə qazansaq liderlə aramızdakı fərq ikiyə enəcək.

– Yəqin ki, hər iki cəbhədə mübarizə aparmaq çətindi…
– Əlbəttə. Kubok oyunlarını da nəzərə alsaq, üç cəbhədə mübarizə apardığımızı deyə bilərəm. Yaxşı bilirik ki, UEFA-nın oyunları çətin olur. Bundan başqa, qrupumuzda yer alan klublar da güclü idilər. Ona görə də üç gündən bir oynamaq həqiqətən çox ağır oldu. Heyətimiz də geniş deyil. Belə götürəndə, hər oyuna eyni heyətlə çıxırdıq. Yalnız iki-üç oyunçu dəyişilirdi. Sözün düzü yorğunçuluq da özünü göstərirdi. Bunu gizlətməyin heç bir mənası yoxdu. Həm UEFA-nın, həm də millinin oyunlarında temp yüksək olur. Bir sözlə, həmin qarşılaşmalar yüksək səviyyədə keçirilirdi. Bütün bunlara baxmayaraq, çempionat oyunlarına da vaxtımızı ayıra bildik.

– Səncə, hansı klublar cari mövsüm çempionluğa real namizəddirlər?
– İlk “altılıq”da yer alan komandaların hər birini çempionluğa namizəd görürəm. Ümumiyyətlə, çempionatda zəif komanda yoxdu. Elə olur ki, zəif komanda güclü klubu məğlub edirdi. Məhz bu üzdən cari mövsüm Premyer Liqamız maraqlı keçir. İlk “altılığ”a düşən klubların hamısı çempionluq uğrunda rəqabət aparacaq. Hazırda hər bir komanda “Neftçi” ilə oyuna xüsusi hazırlaşır ki, qələbə qazansın.

– Necə düşünürsən, “Neftçi” çempionluq titulunu qoruya biləcək?
– Məsuliyyətimizi­ yaxşı dərk edirik. Çünki digər komandalar da çox güclüdülər. Sanki rəqiblərimiz “Neftçi” klubunu məğlub edəndə çempionluq yaşayırlar. Ancaq öz məqsədimiz var. Klub rəhbərliyi bizdən çempionluq tələb edir. İstəyirik ki, ardıcıl üçüncü çempionluğu yaşayıb özümüzü sübut edək. İnşallah, çempion olub Çempionlar Liqasının qrup mərhələsinə düşmək istəyirik. Əgər bu, planımızda varsa, niyə də bunu etməyək?! Ona görə də qarşıdakı oyunlara ciddi hazırlaşacağıq.­ Sağolsun rəhbərlik, bizə dəstəyini əsirgəmir. Onlar komandanın bütünproblemlər­ini yoluna qoyurlar.

– Belə çıxır ki, mövsümün əvvəlində rəhbərlik qarşınıza çempionluğu əsas məqsəd qoyub…
– Bəli, məqsədimiz yalnız çempionluqdu. Ona görə ki, “Neftçi”nin adı var. “Neftçi” hər il çempionluğa oynayan komandadı. Eləcə də bu il. Onu da bilirik ki, çempionluq asan şəkildə əldə olunmayacaq.

– Hansısa klubdan təklif alsan cavabın nə olacaq?
– 22-23 yaşım yoxdur ki, hansısa klubla danışıq aparım. Nə qədər gücüm varsa, hamısını “Neftçi”yə sərf etmək fikrindəyəm. Bu günkü gündə klub rəhbərliyi mənə güvənir. Ona görə də canla-başla komandama kömək etməliyəm. İstənilən komanda mənə rəsmi təklif göndərsə, cavabım “yox” olacaq. Çünki karyeramı “Neftçi”də bitirmək istəyirəm.

ELVİN RÜSTƏMOV

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər