Mayk Tayson Azərbaycana gəlir

281

Dünya şöhrətli amerikalı boksçu Mayk Tayson Azərbaycana gəlir. Bu barədə Sputnik Azərbaycan-a “Qadzilla” şirkətinin rəhbərinin köməkçisi Vüqar Həsənov məlumat verib.

“Biz dünyaca məşhur idman simalarını Azərbaycana gətirəcəyik. Məqsədimiz tanınmış idman simalarını ölkəyə gətirməklə yanaşı, Azərbaycanı da dünyaya daha da tanıtmaqdır” — V.Həsənov bildirib.

Onun sözlərinə görə, Taysonu Azərbaycana gətirmək də belə bir zərurətdən yaranıb: “O, istənilən bir ölkəyə getsə, kimliyindən və peşəsindən asılı olmayaraq hər kəs onunla görüşüb, ən azı şəkil çəkdirmək istəyəcək. Biz də şirkət olaraq belə məşhur simaları Bakıya gətirərək onlarla fanatlarını görüşdürməyə çalışacağıq. Taysonun Bakıya gətirilməsi fikri də şirkətin rəhbəri Emil Əmiraslanova aiddir. Əminliklə deyə bilərəm ki, Mark Taysonu görmək üçün qonşu ölkələrdən də gələnlərin sayı az olmayacaq”.

“Bundan başqa, məşhur qaydasız döyüş ustası Roys Qreysi də bu yaxınlarda Bakıya gələcək. Bu idmançıya da maraq böyükdür və Dağıstan, Rusiya, Qazaxıstan, İrandan tədbirdə iştirak etmək istəyənlər var. Düşünürük ki, Mark Taysonun da tədbirində bu cür olacaq”- deyə V.Həsənov əlavə edib.

Şirkət təmsilçisi bildirib ki, tədbirdə tək boksçular yox, istənilən idman növü ilə məşğul olan idmançılar da iştirak edə biləcəklər: “Boksu sevən, ona marağı olan hər kəs seminara gələ biləcək. Seminar bilet ilə olacaq. Bir sözlə, bilet alan hər kəs iştirak edə bilər. Tədbir iki gün davam edəcək. Birinci gün Tayson seminar keçirəcək. İkinci gün isə boksçu azarkeşləri ilə görüşəcək və imza günü keçiriləcək”.

Onun dediyinə görə, Taysonun Bakıya gəlişi noyabr ayının əvvələrinə planlaşdırılır: “O zamana kimi seminarın və imza gününün təşkil olunacağı yerlər dəqiqləşəcək. Hələ ki, Roys Reysinin tədbirinə hazırlıq gedir”.

Qeyd edək ki, 22 iyulda məşhur qaydasız döyüş ustası, ciu-citsu üzrə braziliyalı peşəkar idmançı Roys Qreysi Azərbayacana gələcək. O da idmançılar üçün seminar keçirəcək.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər