Məktəblilərimiz Çində keçirilən beynəlxalq müsabiqədə uğur qazanıblar

1129

Bakı Slavyan Universitetinin (BSU) nəzdində Məktəb-Lisey Kompleksinin müəllim və şagirdləri Pekində “Kəmər və yol – gənclər yaradıcılığı düşərgəsi və müəllimlər üçün təlim” adlı tədbirdə iştirak ediblər. Tədbir Çin Xalq Respublikasının Elm və Texnologiya Nazirliyinin dəstəyi, Çin Elm və Texnologiya Assosiasiyasının Uşaq və Gənclər Elm Mərkəzi və Çin Uşaq Elmləri üzrə Təlimatçıları Assosiasiyasının təşkilatçılığı ilə keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, şagirdlər Çinin təhsil sistemi ilə yaxından tanış olub, Pekində fəaliyyət göstərən 80 nömrəli orta məktəbin elmi laboratoriyalarında təcrübəli müəllimlərin rəhbərliyi altında “Intelligent Robot” (İntellektual robot), “Chemistry and Life” (Kimya və həyat), “Biological Tissue Culture” (Bioloji toxuma mədəniyyəti), “Virtual Reality” (Virtual reallıq), “Digital Video Making” (Rəqəmsal video yaradıcılığı) və bu kimi digər maraqlı layihələrdə iştirak ediblər.

Dünyanın 29 ölkəsinin nümayəndələrinin qatıldığı tədbirdə Azərbaycanı təmsil edən BSU-nun nəzdində Məktəb-Lisey Kompleksinin şagirdləri Nərmin Abdullayeva, Urfan Rəhimzadə, Arzu Mirizadə, Rəna Rüstəmli və Fidan Xudaverdiyeva mükafatlara layiq görülüb, medal və diplomlarla təltif olunublar.

Tədbir çərçivəsində keçirilən “Elmi təhsil hamı üçün” təhsil forumunda Təhsil Nazirliyinin təmsilçısi Yaşar Ömərov məruzə ilə çıxış edib, ölkəmizdə aparılan təhsil islahatları barədə məlumat verib.

Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı BSU-nun müəllim və şagirdləri ilə görüşüb. Məktəbliləri qazandıqları uğurlara görə təbrik edən səfir Azərbaycan-Çin münasibətlərinin bütün sahələr üzrə dinamik inkişaf etdiyini, xüsusən təhsil sahəsində iki ölkə arasında böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər