Mərmi şah damarını kəsmiş rejissor – Bu şəhidi məşhurlar da tanıyırdı – FOTO

312

“Qardaşım 2016-2017- ci ildə hərbi xidmətdə olub. Sentyabrın 28-i səfərbərliklə döyüşlərə çağırıldı. Ayın 29-u səhər saatlarında Sumqayıt hərbi komissarlığından müharibəyə yollandı. Qardaşım ixtisasca topçu idi. Elnur Ağcabədinin Qiyaməddinli kəndində döyüşüb. Noyabrın 7-i həmin yerdə şəhid olub. Boğazına “D 20″ topunun qəlpəsi dəyib”.

Bunu Milli.Az-a açıqlamasında Vətən Müharibəsinin daha bir şəhidi Allahverdizadə Elnurun qardaşı Səbuhi deyib.

Ötən gün cənab Prezident İlham Əliyev tərəfindən “Vətən Uğrunda” medalı ilə təltif olunan şəhidin qardaşı bildirib ki, Elnurun şah damarı kəsildiyindən həyatını xilas etmək heç cür mümkün olmayıb:

“Elnur 1995-ci ildə Sumqayıtda anadan olub. Ali təhsilli idi. 2012-2016-cı illərdə Slavyan Universitetinin Tərcümə Fakültəsini, Çexiya-Azərbaycan dili ixtisası üzrə təhsil almışdı.

Oktyabrın 4-ü Ağcabədinin Qiyaməddinli kəndinə bir qrup əsgər gətirilib. Qardaşım da onların arasında olub. Ta ki, şəhid olduğu günə qədər orada olub. Ayın 4-ü orada bir neçə əsgər şəhid olub, bir neçəsi yaralandığı üçün qardaşımgili ora göndəriblər.

Bizlə əlaqə saxlayan döyüş yoldaşları qardaşımın qorxmazlığından danışmaqdan doymurlar. Onlar deyirlər ki, qardaşım topun arxasında olanda əsl qəhrəman idi. Düşməndən zərrə də olsa qorxusu yox idi. Bütün döyüş yoldaşlarına ürək-dirək verərdi. Möhkəm olmalarını istəyərdi.

Günaşırı, 3 və ya 4 gündən bir əlaqə saxlayırdı. Söhbətimiz sadəcə 10-15 saniyə çəkirdi. Qısa danışırdı və söhbətin məzmunu da həmişə belə idi: “Məndən narahat olmayın, hər şey yaxşıdır. Siz özünüzə diqqət edin”. Biz deyirdik ki, bəs axı müharibədə olan sənsən, biz yox. Yenə deyirdi ki, “Qorxmayın hər şey yaxşıdır. Yeməyimiz, içməyimiz, yuxu rejimimiz  hər şey qaydasındadır. Bir xahişim var ki, hamımız üçün dua edin. Yalnız dualara ehtiyacımız var“.

Qardaşımın əsgərlikdən son bir xatirəsi var idi. Onu bizlə müharibəyə gedəndə bölüşdü. Dedi, “Narahat olmayın, mən döyüş də, atışma da görmüşəm. Belə ki, əsgərlikdən tərxis olunmağa 10 gün qalmış postda ermənilərlə üzbəüz döyüşmüşəm. Ona görə narahat olmayın”.

Şəhid xəbərini Sumqayıt icra hakimiyyətinin nümayəndəsi verdi. O, qardaşımın ağır yaralı olduğunu, tez özümüzü çatdırmalı olduğumuzu, qan lazım olacağını dedi. Mən və anam getmək istəsək də atam bizim evdə olmağımızı məsləhət gördü. Əslində qardaşım həmin gün – xəbəri aldığımız gün noyabrın 7-i səhər saatlarında şəhid olubmuş. Biz həmin gün artıq günorta xəbəri eşitdik. Qardaşım şəhid olan gün bütün sosial şəbəkələrdə onun haqqında məlumat verilib, şəhid olduğu yazılırdı. Baş qarışıq olduğu üçün internetə vaxt ayırmaq olmurdu. Ancaq şəhid olduğu xəbərini özümə yaxın buraxmırdım. Son anda xəbərimiz oldu.

Döyüş yoldaşından Elnurun son sözünün nə olduğunu, nə dediyini soruşdum. Heç nə deyə, danışa bilmirdi dedi. Qardaşımın yarası elə idi ki, onu heç yerə çatdırmaq, tibbi yardım göstərmək çarə deyildi. Boğazına dəyən top qəlpəsi onun şah damarını kəsmişdi.

Qardaşım səs rejissoru idi. “Barama”, “Atılmışlar” serialları, “Son iclas” sənədli filmi, saysız-heabsız reklamların səs rejissoru olub. “Bozbash pictures”lə birgə çalışıb. “Picmus production”un əməkdaşı olub. Bir çox seriallara səs rejissorluğu edib.

Təhməz Əsədov
Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər