Millət vəkili Sona Əliyeva şəhid Vüqar Yusifovdan yazdı…

2542

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Tez-tez işlədilən bir suala rast gəlirik… Haradan başlayır Vətən? Kiminə görə doğulduğu, kiminə görə qoruduğu torpaqdan… Kiminə görə evindən, kiminə görə elindən başlayır. Mənə görə qəlbimdən başlayır Vətən! Torpağıma və insanıma olan sevgimdən, əcdadıma və gələcəyimə olan ehtiramımdan, bu gün yaşamımı sürdüyüm eldən-obadan və məni var edən dəyərlərimə bağlılığımdan başlayır Vətən! Bağ olmayan yerdə bağlılıq olmur, toplumuna və dəyərlərinə sahib çıxmayanın, rəğbət duymayanın vətəni olmur…

Vətən sevgisi … Bu haqda əsrlərlə yazılıb, yazılacaq da, danışılıb danışılacaq da, bunlar hamısı gözəldir. Vətənə ən sadə və səmimi hisslərlə məhəbbət duymaq isə hər şeydən daha üstündür, mürəkkəbləşməyə və mürəkkəbləşdirməyə ehtiyac yoxdur, sevgi çox sadədir sözlə ifadə olunmur, heç bir sözün qüdrəti bu hissi tamlığı ilə ifadə etmək iqtidarında deyil, sadəcə bir həqiqət var, təki sən bu hissi, sevgini tamlığı ilə dərk edəsən, mahiyyətini anlayasan… Əslində isə sənə güc verən yeganə qüvvənin üstündə durduğun torpağının, özgüvən və mənlik hissinin tarixən formalaşmış olan milli dəyərlərdən ibarət olduğunun, sənə dəyər qatanın və kimlik verənin, sonunda varlığının, varlığın olduğunun qənaətinə gələsən! Budur Vətən!

"Qəlbimdən başlayan Vətən!"

İnsanlar fərqlidir, düşüncəsi, davranışı, işinə və həyatına münasibəti, məsuliyyəti müxtəlifdir. Bu fərqlilik onları eyni fundamental genetik yaddaşdan nisbi də olsa uzaqlaşdırır, cəmiyyətdəki statusunu müəyyən edir. Tanrıdan gələn yeganə eynilik isə insanın bu dünyaya sevgiylə doğmasıdır. Kimimiz onu tez anlayır dərinliyinə varırıq, kimimiz ifadəsində çətinlik çəkirik, bəzən isə mahiyyətini dərk etmirik, hər halda həyatımızda yaxınlarımızı, dostlarımızı sevməyimizi bir instikt kimi qəbullanmağımız bunun ən sadə izahıdır. Hər halda, bu dünyada hər şeyin bir qarşılığı vardır, verməsən ala bilməzsən, sevməsən sevilməzsən, yaxşılıq etməsən dəyərlənməzsən….Vətən sevgisinin belə…

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.
Südüdür ki, dolanıb qanım olub,
O mənim sevgili cananım olub.

Deməli, vətənə bir sevgi borcumuz var, dəyərini ödəməliyik, bununla da ona dəyər qatmalıyıq…
Yəqin Vüqar da belə düşünürdü, uzaqlardan, bəzən okeanın o tayından doğma yurd, torpaq, vətən haqqında düşünmək onun əslində bizim yaradılışımız və varlığımızla müqayisə olunmayacaq qədər qiymətli və dəyərli olduğunu dərk etməyə imkan verir. Vətən sadəcə üzərində yaşadığın torpaq, malik olduğun milli mənəvi dəyərlər, dövlətini sərhədləyən coğrafi məkan deyil, o, anadır, atadır, bacıdır, qardaşdır, namusu qeyreti başının tacı, qayğısı özünündür, dəyərlərini anlamadığın halda yazılmamış qanun kimi birmənalı qəbul etdiyindir, tarixi və mədəniyyəti səni dünyaya götürən kimliyindir! Qüdrəti qüdrətin, gücü gücündür!

"Qəlbimdən başlayan Vətən!"

Bunu bilirdi Vüqar, Vətən sevgisi onun var olmasından daha ucaydı, itirilmiş torpaqların niskili, günahsız insanların dövranın ədalətsizliyində amansız talehə baş əyməsi onun dərdiydi, insanımızın qanıyla sulanmış işğalda qalan torpaqlar onun qeyrətiydi, əsir götürülmüş, öldürülmüş qadınlar, qocalar, uşaqlar onun namusuydu… Bu duyğularla yetişmişdi Vüqar!

Onu bu duyğularla tərbiyə edən atanın, insan kimi ən yüksək dəyərlərə qovuşduran ananın, belə bir qardaşı olduğu üçün qürurlanan bacının görüşünə getmişdim. Bütün cümlələr danışılıb, dinlənilib, bütün sözlər işlənib, sadəcə baxışlar qalıb, yorğun atanın, qəmli ananın və qayğılı bacının baxışları qalıb, anlayıram, candan can gedib… İtki ağırdır, sevdiyin və sevgisini bölüşmək istəmədiyinin yoxluğu ən ağrılıdır… Buna baxmayaraq, Vüqarı Nurəddin ata özü üçün böyütməmişdi, Vətən üçün yetişdirmişdi, Vətən sağ olsun demişdi!
Tanrı insanı ziddiyətlə dünyaya gətirib, o yalnız duyğu üzvləri ilə qəbul etdiyi hər şeyin varlığını dərk edir, cismanilik əsasdır, bağlılıq yüksəkdir, bunun yaratdığı hisslərə, yaddaşında qalanlara, keçirdiyi hisslərə dəyər qiymət verə bilir… İndi də, beləydi…

"Qəlbimdən başlayan Vətən!"

Vüqardan danışırıq, təhsilindən, uğurlarından, müvəfəqqiyyətlərindən, ailəsindən, övladlarından söhbət edirik… Vüqarın yoxluğunu hiss etmədən… şəkillərinə baxırıq, üzündəki təbəssümü əbədi xatirələrlə onun yalnız fiziki yoxluğunu hiss etdirir, yoxsa o burdadır, bizimlədir, bizə baxır və həmişəki kimi gülümsəyir… O, cismini gəldiyi torpağa, ruhunu əbədiyyətə, hər zərrəciyini bizə təslim etmişdi. Nurəddin ata bir oğulun itkisini yaşasa da, min övlad qazanmışdı, onun zərrəsini daşıyanları, ona sevgi və ehtiram bildirənləri oğul etmişdi özünə… Bir istəyi var, hamı bilsin Vüqarın atasıdır o. Bu ruhda, bu amalda, bu düşüncədə o tərbiyə edib, dünyaya Validə ana gətirib və hər ikisi vətən sevgisini övlad məhəbbətindən uca tutub… Bu insanlığın çata biləcəyi ən yüksək məqam olsa gərək, nəticədə itirdiyin canının parçası, hissinin, enerjinin, geninin daşıyıcısı olan övladındır…

"Qəlbimdən başlayan Vətən!"

Vüqar insanlığın ən yüksək zirvəsinə ucalıb, Vətən uğrunda şəhid olub, şəhid olmaq isə ölümü olumdan üstün tutmaq etməkdir, bu dünyada sənə əziz olan hər kəsdən, valideyndən, övladdan, yoldaşdan, dostdan, yaşamın boyu əldə etdiyin hər bir şeydən,səni düşüncə və cisim olaraq bu dünyaya mahiyyətini sərgiləyən canından vaz keçməkdir. Ölümün gözünə baxa baxa, Vətən sevgisinin ondan üstün, zəkasından varlığından öndə olduğu düşüncəsiylə özünü ölümə tərk edən haqqında daha başqa nə demək , nə yazmaq olar bilmirəm… Bu böyüklüyə, vətən sevgisinə,mübariz və igidliyə sadəcə böyük ehtiramla baş əymək lazımdır…
Allahdan sənə rəhmət diləyirəm, Vüqar. Bu dünyada da, o dünyada da ən yüksək məqam sənindir. Aramızdasan, bizimləsən, çünki sən bizim, səni tanıyan və tanımayan hər kəsin qəhrəmanısan! Ruhun şad olsun igidim!
Sona Əliyeva, Milli Məclisin deputatı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər