Minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamın əsasında insan amili yer alıb

1412

Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamının əsasında insan amili yer alıb

Azərbaycan son dövrlərdə özünün sosial-iqtisadi inkişafı baxımından ən məhsuldar və inqilabi dövrünə qədəm qoymuşdur. Bir-birinin ardınca məqsədli iqtisadi və sosial islahatlar həyata keçirilməkdədir. Strateji yol xəritəsi çərçivəsində iqtisadiyyatin müxtəlif sahələrinin inkişaf etdirilməsi, modernləşdirilməsi, əhalinin sosial rifahının daha da yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi, əhalinin gəlirlərinin artırılması tədbirlərinin görülməsi diqqət çəkir.

Ölkə Prezidenti İlham Əliyev əhalinin rifah halının yüksəldilməsi istiqamətində davamlı tədbirlər görməkdə və addımlar atmaqdadır. Hələ, 2019-cu il fevral ayının 28-də verilmiş Prezident Fərmanı ilə sosial istiqamətdə inqilabi addımların başlanğıcı oldu və bunların davamlı olacağı gözlənilirdi. Həmin fərman əhalinin böyük sevincinə səbəb olmuş, 900 minədək insanı əhatə etmiş və ölkəmizdə fiziki şəxslərin problemli kreditlərinin həlli məqsədilə 700 mln. manatdan çox vəsaitin yönəldilməsini nəzərdə tutmuşdur. Bundan əlavə, elə həmin fərmanla ölkəmizdə minimum əməkhaqqı 38 % artırılmış, 180 manata çatdırılmış və nəticədə 600 min insanın əməkhaqqının artırılması təmin edilmişdir.Eyni zamanda, minimum pensiyaların məbləğı 116 manatdan 160 manata qədər artırılmış və bu artım 223 min insana şamil olunmuşdur.Bununla yanaşı, vergi və sığorta yığımlarının 150-200 milyon manat artacağı gözlənilir.

Ölkəmizdə minimum əmək haqqının artırılması məsələləri dövlət başçısının xüsusi diqqət mərkəzindədir və iqtisadi potensialımız yüksəldikcə bu məsələlər istiqamətində önəmli qərarlar verilir. 2004-cü illə müqayisədə 2018-ci ildə Azərbaycanda minimum əməkhaqqı səviyyəsi 6,5 dəfə yüksəlmişdir. Əlbəttə, bu böyük nəticədir, amma 2019-cu ildə bu sahədə sıçrayış təmin edilmiş və minimum əmək haqqı ölkəmizdə qısa müddət ərzində 2 dəfə artırılmışdır. Belə ki, 2019-cu il fevral ayının 28-də minimum əmək haqqı həcmi 130 manatdan 180 manatadək artırılmışdır. Lakin, ölkəmizdə iqtisadi inkişaf proseslərinin dinamikliyi, iqtisadiyyatın artım tempinin bərpa olunması, iqtisadi inkişaf modelinin təkmilləşdirilməsi prosesləri sürətlənməkdədir və onun kökündə insan kapitalının inkişafına, insan amilinin həlledici amil olmasına strateji yanaşmalar daha da yüksəlmişdir. Dövlət başçısı ölkə vətəndaşları ilə görüşündə dövlətin sosial-iqtisadi sahədə siyasətinin əsasında insan amilinin dayandığını dəfələrlə bildirmişdir və ölkə əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması məqsədilə tədbirlərin dairəsinin daha da genişləndiriləcəyini qeyd etmişdir.

Ölkə Prezidenti İlham Əliyev öz vədinə və ümummilli liderimiz Heydər Əliyevin formalaşdırdığı sosial-iqtisadi siyasətin təməl prinsiplərinə daim sadiqliyini nümayiş etdirir. Bunun bariz nümunəsi kimi dövlət başçısının 18 iyun 2019-cu il tarixli minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamını göstərmək olar. Bu sərəncamla ölkəmizdə minimum aylıq əməkhaqqının məbləği 250 manat səviyyəsində müəyyən olunmuş və bu qərarın 2019-cu ilin sentyabrın 1-dən qüvvəyə minməsi göstərilmişdir. Beləliklə, 28 fevral 2019-cu ildə yenicə artırılmış minimum əmək haqqı 180manatdan 250 manata qədər qaldırılmışdır, bu isə 40 % civarında artım deməkdir. Bu artım ölkə iqtisadiyyatında və cəmiyyətdəsosial-iqtisadi fəallığın yüksəlməsinə, əhalinin yaşayış səviyyəsinin artmasına, iqtisadiyyatda şəffaflığın artmasına, vergiqoyma bazasının təkmilləşdirilməsinə, ilk növbədə ölkə vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasına imkan verəcəkdir. Sərəncamdan özəl sektorda fəaliyyət göstərən 350 min ölkə vətəndaşı bəhrələnəckdir, bundan əlavə dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın insanın əməkhaqqının yüksəlməsi baş verəcəkdir.

Minimum əmək haqqının artırılmasının müsbət və multiplikativ təsirləri bunlarla bitmir, belə ki, sərəncam 2 milyondan artıq ölkə vətəndaşının sosial rifahına müsbət təsir göstərəcəkdir və insanların maddi vəziyyətlərini xeyli dəyişəcəkdir. Bu sərəncamla minimum əmək haqqının artırılması ilə bərabər, dövlətçiliyin inkişafında və dövlətin daha sabit fəaliyyətində mühüm funksiyaları yerinə yetirən dövlət qulluqçularının əmək haqqları 50 %, həmçinin hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əmək haqlarının 40 faiz artırılması, eyni zamanda dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid  aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması və dövlət büdcəsindən maliyyələşən bir sıra mühüm təşkilatlarda işləyən şəxslərin əmək haqqlarının 40 faiz artırılması qərara alınmışdır. Dövlət başçısının 2019-cu ilin başlanğıcından bu vaxta kimi verdiyi fərman və sərəncamlar əsasında həyata keçirilən sosial tədbirlərin təsir trayektoriyası üst-üstə 3 milyard manatdan artıq təşkil edir.

Azərbaycan özünün inkişaf hədəfləri və həyata keçirdiyi qlobal layihələri ilə dünya ölkələri arasında nüfuzunu və rəqabətqabiliyyətliliyini artırmaqdadır. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz inamla iqtisadi cəhətdən inkişaf etmiş ölkələr sırasında yer almaq üçün irəliləməkdədir. Sevindirici haldır ki, bu proseslərdə əsas diqqət ölkə vətəndaşlarına, onların sosial rifahının əhəmiyyətli səviyyədə yüksəldilməsinə və onların həyat şəraitinin dünya standartlarına uyğunlaşdırılmasına yönəldilmişdir.

Şəfa Əliyev, Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər