Mişiyevin işi: 7-13 yaşlı qız uşaqlarını zorlayan 20 yaşlı gəncin öz aqibəti necə oldu – QAPALI DOSYEDƏN

2011

Analar qızlarını məktəbə buraxmırdılar….

… Həmin illərdə yayılan xof və qorxunun nəticəsində, Bakı şəhərində analar qızlarını məktəbə buraxmaqdan imtina etmişdilər. Bu da şəhərdə böyük səs-küyə səbəb olmuşdu. Artıq bir neçə il idi ki, Bakıının milis idarələrinə eyni məzmunlu şikayət ərizələri daxil olurdu. Şəhər prokurorluğunda  şikayət ərizələri ilə bağlı istintaq-əməliyyat qrupu da fəaliyyətə başlamışdı.  Qrupun işinin 28-ci günü, 1982-ci ilin noyabr ayının 2-də, keçmiş Şaumyan(indiki Xətai) milis idarəsinə eyni vaxtda iki şikayət ərizəsi də daxil oldu. Ərizələri 13 yaşlı  Lilya Xaritonovanın və 15 yaşlı Yuliya Volodinanın valideynləri imzalamışdılar.

Birinci ərizədə həmin gün Liliyanın naməlum cinayətkar tərəfindən zorlandığı göstərilirdi. İkinci ərizəçinin qızı Yiliya isə xoş təsadüf nəticəsində cinayətkarın qanlı caynaqlarından qurtara bilmişdi.

Liliya xaritonova  istintaqa ilk ifadəsində belə deyirdi ki, ona yaşadıqların binaın blokunda yanaşan cinayətkar, bu blokda Kovalyov soyadlı adamın yaşayab-yaşamadığını soruşmuş, sonra isə onun üstünə bıçaq çəkib, qorxudaraq, elə pilləkənlərin üstündəki meydançada zorlamışdı. Yuliya Volodinadan da eyni familiyalı adamın yaşadığını soruşandan sonra, onun üstünə bıçaq çəkərkən, təsadüfən qızın atası gəlib hadisə yerinə çıxmışdı. Cinayətkar, valideyndən də Kovalyovu soruşub, “yox”  cavabını alandan sonra, qaçıb aradan çıxa bilmişdi.

Şahid ifadələri və ilkin izahatlara əsasən, operativ əməliyyat qrupunun işçiləri naməlum şəxsin əlamətlərini müəyyənləşdirirdilər.  Hadisədən 3 gün keçəndən sonra, yəni noyabrın 5-də elə həmin ərazidə zərərçəkənlərin təsvir etdiyi geyimdə və boy buxunda bir oğlanın  peyda olduğunu görürlər. O, həyətə girən kimi cibindən tünd rəngli eynək çıxararaq gözünə taxır. Sonra isə oğrun-oğrun ətrafa boylanaraq, var-gəl edir. Elə bu zaman təqib olunduğunu duyub, aradan çıxmaq istəyir. Operativ əməliyyat qrupunun işçiləri onu tutub, şübhəli şəxs qismində saxlamalı olurlar.

Milis şöbəsinə gətirildikdən, təxminən 20-25 dəqiqə sonra o, tanınma üçün təqdim olunur. Tanınma zamanı hər iki zərərçəkən və Yuliyanın atası cinayətkarın həmin oğlan olduğunu bir daha təsdiq edirlər. Bundan başqa qızlar, naməlum şəxsin üstündə tapılan bıçağın  onların üstünə çəkilən bıçaq olduğunu bildirirlər.

O, əsasən 7-13 yaşlı qızları hədəf  seçirdi. Ova çıxmazdan bir neçə gün əvvəl Bakı şəhərinin müxtəlif rayonlarını gəzər, axtardığı körpə qızcığazları nişanlayar, yalnız bir neçə gün keçəndən sonra ovunun dalınca gələrdi. Bu ilkin  “gəzintilər”  zamanı o, qızların evdə tək olduqlarına əmin olar, çox vaxt da əllərində açar olan uşaqlara qapı açmaqda kömək göstərmək bəhanəsiylə yanaşardı…

 

                                       Cinayətkar kim idi

 

İbtidai istintaq zamanı törətdiyi bütün vəhşi cinayətləri boynuna alan bu 20 yaşlı oğlan Mişiyev Gennadi İsayeviç Bakı şəhərində anadan olmuşdu, milliyyətcə yəhudi idi. Ailənin yeganə övladı idi. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda oxuyurdu.  Asudə vaxtlarının mənalı keçməsi üçün atası onu dostunun yanında işə də düzəltmişdi. İnsanlığını itirən bu cani işdən və dərsdən sonra boş vaxtlarında,  şəhərin körpə qızlarının həyatına qəsd etməklə məşğul olurmuş. Bütün bünlar haqqında o özü, ilkin istintaqda ətraflı danışırdı.

İstintaqı aparan Bakı şəhər  Prokurorluğunun müstəntiqi  Adil Ağayev ondan soruşanda ki,  səni bu cinayətlərə nə sövq etmişdi, Mişiyev belə cavab vermişdi:

“Mən özümdə cinsi pozğunluq hiss etmişdim. Gələcəkdə bunun pis nəticələr verəcəyindən qorxduğumdan, özümü sınamaq istədim.  Cəsarətsizliyimdən özümə münasib ola biləcək qadın və qızlara yanaşmaq əvəzinə, körpə qızları seçdim. Axı onlar müqavimət göstərə bilməyəcəkdilər. Bir neçə dəfə bu hərəkətlərimi müxtəlif azyaşlı qızlarla sınaqdan çıxardıqdan sonra, artıq məndə vərdiş halına çevrildi və mən qarşıma çıxan qızları harda gəldi, hansı formada olursa zorlamağa başladım.”

                               Ona Kovalyev lazımdırmı?!

İbtidai istintaq zamanı törətdiyi bütün cinayətləri etiraf edən Mişiyev, çox  fenomenal yaddaşa malik idi.  O bütün ünvanları, hadisələrin baş verdiyi yerləri xronoloji ardıcıllıqla yadda saxlamışdı.

Törətdiyi ilk qanlı cinayəti belə nəql edirdi:

“… İli yadımda deyil, qış fəsli idi. Əyninə xəz dəri geymiş bir qız uşağı beşmərtəbəli evin blokuna daxil oldu. Mən ona yaxınlaşıb dedinm ki, həkiməm. Onu müayinə etməliyəm. Bu sözümə inanan qız məni evə buraxdı. Onların ikiotaqlı mənzili var idi. Mənim  təklifimlə qız paltarını soyunub, çarpayıya uzandı. Sonra qız qışqırdı… Mən əlimlə onun ağzını yumdum.  Sonra da sakitcə çıxıb getdim.”

İstintaq əməliyyat qrupunun əməkdaşları  göstərilən ünvanda sorğu keçirdilər.  məlum oldu ki, həmin hadisə, 1978-ci il fevral ayıının 1-də baş veribmiş. Qızın valideynləri isə hadisə haqqında susmağı daha məqsədəuyğun biliblər. Hadisə baş verəndə 9 yaşında olan Lena,  4 il keçməsinə baxmayaraq, cinayətkarı görən kimi tanıyır.  Valideynlərinin dediyinə görə,  cinayətkar uşağın ağzına balınc qoyub və onu ölmüş bilib gedib. Hətta törətdiyi hadisə haqqında uşağın valideynlərinə məlumat yazıb qoyub.

Bu hadisədən az sonra, Mişiyev daha bir cinayət törədib. Az yaşlı qızın başına oyun açdıqdan sonra, evlərində gözünə görünən yaxşı nə varsa, yığıb aparıb.

Onun bu mənfur əməlləri milis idarələrində  çox vaxt qeydiyyata düşmədiyindən, cinayətkarın caynaqlarına keçən körpə qızcığazların sayı artırdı. Hər dəfə qurbanlarından “Kovalyovu” soruşmaq, Mişiyev üçün bir vərdişə çevrilmişdi. Guya, bu axtarış ona nəsə verəcəkdi. Çox qəribə təsadüfdür ki, cinayətkar bir dəfə, Kovalyov familiyalı bir qız uşağı ilə rastlaşır və onu da bədbəxt edir. Həmin hadisəni Mişiyev belə danışırdı: “1982-ci ilin avqust və ya sentyabr ayı idi. Əhmədlidəki binaların birinin blokuna girdim. Təxminən 13 yaşlı bir qız uşağı poçt qutusundan “Pionerskaya pravda” qəzetini çıxarmaq istəyirdi. Mən ona yaxınlaşıb, öz köməyimi təklif etdim. Həmişəki kimi ondan da, Kovalyovların burada yaşayıb-yaşamaması barədə soruşdum. Qız dedi iki, onlar elə Kovalyovlardır. Özümü itirməyərək dedim ki, məni onun atası göndərib. Sonra isə əlimdəki bıçaqla onu qorxudaraq, onu zorladım… Mənzillərində  nə qədər axtarsam da, pul tapmadım. ”

 

                            Damdan uçan qızcığaz…

 

      Mişiyevin etiraf etdiyi başqa bir daha iyrənc cinayət:

“Sentyabr ayıının axırında Moskva univermağından çox da uzaqda yerləşməyən bir binaya girdim. Balaca bir qız mənzilin qapısını açmağa çalışırdı. Mən ona öz köməyimi təklif etdim. Sonra birlikdə otağa keçdik. Bıçaq gücünə qızı soyundurdum… Qız ağlayırdı. Sonra isə onu hamama yanıma çağırdım. O qorxa-qorxa yanıma gəldi. Dedim ki, əllərimin qanını yumaq üçün su töksün.”  Mişiyev sonradan ilkin istintaqdakı etiraflarından imtina edirdi. Lakin onun verdiyi ifadələr və izahatlarla əlaqədar bütün ərazilər və bütün şahidlər dindirilmişdi. Hətta hər hadisə ilə bağlı məhkəmə-tibbi ekspertizasının cavabları da hadisələrin, məhz özgəsi deyil, Mişiyev tərəfindən törədildiyini sübut edirdi. Arxasında varlı qohumları, valideynləri olan Mişiyev, nəyin bahasına olursa olsun, günahlarını boynundan atmaq istəyirdi. Onun qohumları Moskvaya məktublar yazır, Azərbaycan Respublikasının mühafizə orqanlarına  müxtəlif böhtanlar yağdırırdılar. Lakin həmin vaxtlarda, Mişiyevlə eyni kamerada yatan  Budyagin adlı bir müttəhim istintaqa belə bir məlumat verdi. Mişiyev deyir ki, “.. Əlimdəki bıçaqla qorxudaraq, kiçik bir qız uşağını  dəmir yolu vağzalı ətrafında yerləşən binaların birinin damına çıxardım, elə damın üstündə onu zorlamaq istəyirdim. Birdən qız əlimdən çıxdı. Damın  kənarına qalxdı və quş kimi süzə-süzə asfaltın üzərinə yıxılaraq öldü…”

Müttəhim Budyagindən alınmış məlumatla əlaqədar əməliyyatçılar hadisəninin baş verdiyi rayonu müayinədən keçirdirlər.  Faciəvi surətdə həlak olan qızın anası hadisəni təsdiq edərək dedi ki, qızım Olqa  11 may 1982-ci ildə damdan yıxılaraq, özünə gəlmədən keçinib. Biçarə ana yalnız istintaqa izahat verəndən sonra bildi ki, onun məsum körpəsi dama nə üçün çıxmışdı.

… 18 cinayət əməlini əvvəlcə boynuna alıb, sonra təkzib edən Mişiyev Bakı şəhər prokurorluğuna  bağışlanma haqqında, yaşamaq istəyi haqqında məktubla müraciət etmişdi: “Həbsxanada yatdığım xeyli müddət ərzində öz fikirlərimlə tək qalandan sonra belə qərara gəldim ki, məni bağışlamağa heç bir şans yoxdur. İnanın ki,  mən bu etiraflarımla özümə ömür almaq istəmirəm. Əvvəlcə verdiyim ifadələri ona görə təkzib edirdim ki, məhkəmə salonunda oturanların üzünə baxmağa daha taqətim qalmayıb.”  İstər istintaqda, istərsə də məhkəmədə  Mişiyev etiraf və təkziblər arasında çırpınır, əvvəl dediklərinin çoxundan sonra imtina edirdi. Lakin toplanmış sübutlar cinayətkarın törətdiyi əməllərin  18 körpə qızın həyat faciəsinin tam mənzərəsini yaradırdı.

 

                              Uşaq yaddaşı iti olur

 

…. Yuxarıda yazmışdıq, bu cinayətkarın caynağına keçən qızların əksəriyyəti 7-13 yaşlı fidan qızlar idi. Məhkəmə zalında körpələr ona baxıb ağlaya-ağlaya danışırdılar. Əksəriyyəti isə nə baş verdiyini heç anlamır, mahiyyətinə varmırdılar. Eləcə deyirdilər ki, Mişiyevin onlara qarşı etdiyi hərəkətlərdən ağrı-əzab çəkiblər.

Həmin məhkəmə prosesində dövlət ittihamçıısı  kimi çıxış edən İdris Əsgərov müttəhimə  dediyi sözləri xatırlayır: Şeksprin məşhur  “III Riçard” əsərindəki vəhşi Qloster şahzadənin yanında dayanıb yalvarır: “Deynən ki, onları mən öldürməmişəm”. Cavabında şahzadə soruşur: “Onda təsdiq et ki, onlar da ölməyiblər. Axı onlar ölüblər, özü də ki, sənin əllərinlə ölüblər, qatil qul.”

… Beləliklə Azərbaycan Respublikasının Ali Məhkəməsində Mişiyevin törətdiyi cinayət əməlləri tam sübut olundu.  3 il davam edən istintaq müddətində kifayət qədər dəlil-sübut toplanmışdı. 1985-ci il noyabrın 10-da başlanıb, dekabrın 27-də qurtaran məhkəmə müttəhim Gennadi İsayeviç Mişiyevə  ölüm cəzası verilməsi haqqında  hökm çıxardı.  Hökm oxunarkən iştirakçılar və zərərçəkənlər göz yaşları içərisində əl çalırdılar.

Uşaq yaddaşı iti olur. O zaman vəhşi, qatı bir cinayətkarın nəfsininmi deyim,  ağlınınmı deyim bəlasına gələn qızcığazlar yəqin ki, heç nəyi unutmadılar. Onların bəziləri indi də Bakı şəhərindədirlər. Bu yazı onların qəlbində ağrılı duyğular oyada bilər. Dərdlərini təzələndirdiyimizə görə onlardan üzr istəyirik.

 

Görəsən indi belə hüquqşünaslar varmi?!

 

İdris Əsgərov: Bu gözəl  insan vaxtilə Azərbaycan Respublikası Baş prokurorluğunun dirəyi  idi. Ondan 1997-ci ilin noyabr ayında aldığım müsahibəmdən  ayrı-ayrı epizodları bölüşürəm:

– İdris müəllim, prokuror, ədalət, qanun və Allah…. bunlar hamısı bir məcraya sığırmı?

– … hər bir hüquq-mühafizə orqanı işçisi əyninə iş paltarını geyinib, əlinə qələm alıb ilk sənədi yazıb və ya nəzərdən keçirərkən, qanuna sədaqət, Allaha inam və ədalətlilik əməllərini uca tutmalıdır.  Qapımızı şikayətlə döyən yuxarıda allaha, aşağıda bizə pənah gətirərək, qapımızı açırsa, onun şikayətini elə həll etməliyik ki, dediyimiz  “yox” kəlməsi belə tam əsaslandırılmış olsun. Şübhəli “yox” deyən adam həm qanun qarşısında, həm də bir olan Allah qarşısında  günah işlətmiş olur. Vətəndaş bizdən sədəqə deyil, qanuni hüququnu tələb edir…

– Yəqin ki, savadsız hüquqşünas özü də cinayət etmiş olur, deyilmi?

­- … Stalinin hakimiyyəti illərində DTK-nın sədri işləmiş Yaqodanın məhkəmə iclasında dediyi sözləri həmişə xatırlayıram: “Mən gördüyüm bu qanunsuz işlər üçün rəhbərdən həmişə təşəkkür almışam. Bu gün isə Allahdan elədiklərimin cəzasını – ölüm hökmü alıram!”. Sənədə çəkilən hər bir imzanın arxasında dayanmaq lazımdır. Hər bir qərar və ya hökm əsaslı olarsa, cinayətlər nisbətən azalmış olar. İnsanların taleyini ədalətlə həll etməyin özü elə Allahın yolu ilə getməkdir. Hüquq mühafizə  orqanı işçisinin bir əlində qanun olanda, o biri əlində  Quran olmalıdır.

P.S.  Bəs görəsən Mişiyev haqqında çıxarılan ölüm hökmü icra olundumu?!  Elə bu işin sonunu daim nəzarətdə saxlayan  qocaman  prokuror İdris Əsgərov bildirdi ki,  Azərbaycanda çıxarılmış güllələnmə cəzasını bir neçə il sonra SSRİ Ali Məhkəməsi 15 il müddətinə həbs cəzası ilə əvəz etdi. Onun varlı qohumları cəza müəssisəsini belə Rusiyaya dəyişməyə müvəffəq oldular. Beləcə, məlum oldu ki, sovet hökuməti öz mərhəmətini Lenin komsomolunun fəalından əsirgəmədi. Bu hesabla,  15 il cəza çəkən Mişiyev hardasa 2000-ci ildə dəmir barmaqlar aarasından xilas olub.  Ancaq, sağdırsa, həbsxanada gördükləri, başına  gələnlər elə onun hər gün ölməsi deyilmi…?!

 

Aida Eyvazlı

Daşkənddən yazır

( Jurnalist təhqiqatı arxivindən)

 

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər