MM komitə sədri: “Uğurların təməlində Prezidentin rəhbərliyi ilə həyata keçirilən iqtisadi strategiya dayanır”

504

 

“Azərbaycanda 2021-ci ildə iqtisadi artımın 5 faizdən çox, qeyri-neft iqtisadiyyatımızda artımın isə 7,2 faiz olması xüsusilə müharibədən çıxmış ölkə üçün çox gözəl göstəricidir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

T. Mirkişili deyib ki, ötən il ümumi sənaye istehsalımız 5 faizdən çox, qeyri-neft sənayemiz 20 faizə yaxın artıb: “Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində də qeyd etdiyi kimi, bu, dünya miqyasında bəlkə də ən yüksək göstəricidir. Çünki biz neft amilini kənara qoysaq, real iqtisadi və sənaye artımı məhz bu rəqəmdə özünü əks etdirir. Digər tərəfdən, keçən il böyük xərclərimizin olmasına, Qarabağ və Şərqi Zəngəzur bölgələrində və ölkəmizin digər yerlərində investisiya proqramının tam icra edilməsinə baxmayaraq, valyuta ehtiyatlarımız da 2,5 milyard dollar artıb. O da nəzərə alınmalıdır ki, qeyri-neft ixracımız 40 faizdən çox artıb. Bu, imkan verir ki, biz valyutanı təkcə neft-qaz hesabına yox, eyni zamanda, digər məhsullar hesabına ölkəmizə gətirək. Ölkədə əhalinin, tələbatın, daxili istehlakın artması ilə paralel qeyri-neft ixracının artması böyük nailiyyətdir. Yeri gəlmişkən, dövlət başçısının da hökumətə ümumi göstərişi ondan ibarətdir ki, valyuta ehtiyatlarının azalmasına imkan verməməliyik. Çünki bu, bizə iqtisadi müstəqillik verir və iqtisadi müstəqillik olmadan, siyasi müstəqillikdən danışmaq mümkün deyil”.

Parlamentin komitə sədri nəzərə çatdırıb ki, 2021-ci ilin yekunlarına əsasən, ixrac idxalı böyük dərəcədə üstələyib və müsbət saldo 10 milyard dollardan çoxdur: “İlk növbədə manatın sabit qalmasına bunun ən böyük təsiri var. Manatın uzun illər sabit olmasından isə həm əhali faydalanır, həm də manata inam böyük dərəcədə artıb. Eyni zamanda investorlar da milli valyutanın sabit olduğunu görürlər. Bu uğurların təməlində isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzunmüddətli iqtisadi strategiya dayanır”.

T. Mirkişili qeyd edib ki, keçən ildə əldə edilmiş nailiyyətlər hesabına 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın müstəqillik tarixində ən böyük büdcə olacaq. Büdcə xərcləri təxminən 30 milyard manata çatacaq: “Bu il həm azad olunmuş torpaqlarda investisiya layihələri icra ediləcək, həm də ölkəmizin bütün yerlərində islahatlar davam etdiriləcək. Bu islahatların nəticələri də göz önündədir. Təkcə vergi orqanları keçən il proqnozdan əlavə təqribən 1,4 milyard manat vəsait yığa biliblər. Sahibkarlar artıq yeni, şəffaf münasibətlər qaydalarına öyrəşiblər və bunu alqışlayırlar”.

Parlamentin komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasət bir-birini tamamladığını vurğulayıb: “2022-ci ildə iqtisadiyyatımızın 4%-ə yaxın artması proqnozlaşdırılır. İşğaldan azad olunmuş ərazilərin də reinteqrasiyası iqtisadi artımın daha sürətlənməsi üçün münbit şərait yaradacaq. Aparılan islahatlar və onun nəticəsində yaranan əlavə iqtisadi imkanlar növbəti illərdə də dövlətin sosial siyasətinin daha da güclənməsi üçün mühüm maliyyə mənbəyi rolunu oynayacaq. Həyata keçirilən siyasətin mərkəzində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verirdi ki, biz iqtisadi islahatları uğurla həyata keçirək”.

T. Mirkişili dünyada taxılın, buğdanın qiyməti kəskin artması fonunda Azərbaycanda geniş sosial paketin həyata keçirildiyini, yalnız bundan sonra ölkədə çörəyin qiymətinin real bazar qiymətinə uyğunlaşdırıldığını da xatırladıb: “Azərbaycanın əsas buğda təchizatçı Rusiyadır, ən ucuz buğdanı bu ölkədən alırıq. Rusiyada da həm qiymətlər, həm də ixrac rüsumları artıb. Digər tərəfdən, biz təqribən 3,3 – 3,4 milyon ton buğda istehlak edirik. Bundan cəmi 2 milyon ton Azərbaycanda istehsal edilir. Eyni zamanda Azərbaycanda adambaşına düşən torpaq sahəsi qonşu ölkələrə və bir çox ölkələrə nisbətdə daha azdır. O da nəzərə alınmalıdır ki, uzun illər ərazimizin 20 faizi işğal altında idi, ərazimizin bir hissəsi iqlimə görə, torpağın keyfiyyətinə görə kənd təsərrüfatı üçün yararsızdır. Sözsüz ki, yerli istehsalı ilk növbədə məhsuldarlıq hesabına artırmağa çalışmalıyıq. Çünki bu gün taxılçılıqda məhsuldarlıq 32 sentner, yəni 3,2 tondur. Əgər bu rəqəm 4 tona, 4,5 tona çatsa, bu, mümkündür, çünki iri fermer təsərrüfatlarının bəzilərində 7 tondur, bəzilərində 6 tondur. Ancaq mövcud reallıqda çörəyin qiymətini süni şəkildə əvvəlki səviyyədə saxlamaq mümkün olmazdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial siyasətin mərkəzində isə insan amili dayandığı üçün öncə məhz sosial paket həyata keçirildi, minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırıldı. Ümumi həcmi 1,5 milyard manat olan bu sosial paketin əhatə dairəsi 2 milyon insandan çoxdur. Bu da çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Həm də ölkəmizdə müntəzəm olaraq maaşlar qaldırılır, insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür. Maaşların və təqaüdlərin artırılması bunun bir hissəsidir. Paralel olaraq dövlət başçısının tapşırığına uyğun olaraq dövlət orqanlarının tənzimləyici rolu da gücləndirilir ki, süni qiymət artımı, möhtəkirlik olmasın. Bir sözlə, vergi orqanları proqnozdan 1,4 milyard manat vəsait artıq toplanması fonunda 1,5 milyard manatlıq sosial paket dərhal təmin edildi, əlavə yığılmış bütün vəsait yalnız sosial layihələrə istiqamətləndirildi. Ümumilikdə bu il 30 milyard manata çatacaq büdcə xərclərinin təqribən 14 milyard manatı sosial yönümlü xərclər olacaq. Bu, bir daha Prezident İlham Əliyevin sosial sahəyə nə qədər böyük önəm verdiyini təsdiqləyir”.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər