Müasir siması ilə göz oxşayan Sumqayıt - “Kaspi” qəzetinin reportajı

1546

Media nümayəndələrinin Cənubi Qafqazın mühüm sənaye mərkəzinə səfəri təşkil olundu
Əhalisinin sayına və sahəsinə görə Bakıdan və Gəncədən sonra üçüncü böyük şəhərimiz olan Sumqayıtın şəhər statusu almasından 69 il ötür. 94.17 km² ərazisi olan Sumqayıt son illərdə görkəmini dəyişib. Əvvəllər töküntülü, bərbad yolları, təmirsiz binaları ilə yaddaşımıza həkk olunmuş şəhərdən indi əsər-əlamət qalmayıb. Bura Azərbaycanın inkişaf etmiş və qısa zaman çərçivəsində müsirləşmiş bir şəhərinə çevrilib.

Noyabrın 24-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi üçün Sumqayıt şəhərinə təşkil olunmuş səfər çərçivəsində buna bir daha şahid olduq. Bizi Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Eyvaz Qocayev qarşıladı. Heydər Əliyev parkında, Heydər Əliyev Mərkəzi, Şahmat məktəbi, Uşaq İncəsənət Məktəbi, “Kimyaçı” mədəniyyət sarayı, Sumqayıt bulvarı, Bayraq Muzeyi və Sumqayıt Dövlət Dram Teatrını gəzərək burada görülmüş işlərlə tanış olduq.
E.Qocayev şəhərin inkişafı, son illərdə görülən işlərlə bağlı danışaraq, şəhər statusu almasının 69 illiyini qeyd edən Sumqayıt üçün bu inkişafın qısa zaman kəsiyində baş versə də, geniş miqyaslı olduğunu bildirdi.
Ən böyük xalçanın saxlandığı saray
Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev Sumqayıt şəhərinin tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi və ən gözəl ünvanlarından biri olduğunu qeyd etdi. O, Sumqayıtın ötən əsrin 40-cı illərində salındığını desə də, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi illərində şəhərə yeni nəfəs gəldiyini vurğuladı: “Azərbaycana birinci rəhbərliyi illərində ulu öndərin xüsusi diqqət və qayğısını sumqayıtlılar hər zaman hiss ediblər. Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını son illər özünə qaytarır və bu istiqamətdə inamla irəliləyir. Ona görə əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Cənab prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov 2015-ci ildə Sumqayıt şəhərinə icra başçısı təyin olunub. Qısa müddət ərzində, prezidentin təbirincə desək, burada möcüzəvi işlər görülüb. Sizi bura çağırmaqda məqsədimiz sizləri bu işlərlə yaxından tanış etməkdir. İstərdik ki, Sumqayıtda olan inkişafı özünüz görəsiniz”.
Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayının direktoru Ədalət Quliyev bizi  bina ilə tanış etdi. O, çıxışında bu sarayın Sumqayıtda yaşayan gənclərin asudə zaman keçirmələri üçün əlverişli bir məkan olduğunu qeyd etdi: “Sarayın yenidən qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin ixtiyarına verilib”.
Sarayda qonaq olarkən burada təsviri və tətbiqi incəsənət, əl ilə toxuma dərnəklərinin fəaliyyət göstərdiyinin şahidi olduq. Gənclər burada incəsənətin müxtəlif növləri ilə məşğul olmaq imkanına malikdirlər.
Burada Xalidə Seyidovaya məxsus olan böyük bir xalça mövcuddur ki, o, 1980-ci ildə toxunub. Ədalət müəllim deyir ki, yun tərkibli xovsuz toxunuşlu, sadə və mürəkkəb keçirtmə əl işi olan xalça bir-birinə birləşdirilmiş altı hissədən ibarətdir. Onlar sonradan birləşdirilərək indiki görkəmini alıb. Ara sahənin üzərində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin və mədəniyyət xadimlərinin portretləri, Qobustan qayaüstü təsvirləri, xalça naxışları təsvir olunub.
Saraydan sonra Sumqayıt Dənizkənarı Bulvarı ilə tanış olduq. Bir neçə il bundan öncəyədək bu ərazi baxımsız və səliqəsiz idi. Sanki bu əraziyə sehrli çubuqla toxunublar. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan Sumqayıt bulvarının ərazisində Bayraq Meydanı tikilib. Bundan başqa, sahilə gəzinti gəmilərinin yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə inşa edilib. İndi Sumqayıta gələn, bulvarı gəzən hər kəs sözsüz ki, bu şəhərdən xoş təəssüratlar və sevgiylə ayrılır… Bu məkan sumqayıtlıların istirahət etməsi üçün ən əlverişli məkandır.
69 yaşlı şəhərin 50 yaşlı teatrı
Bulvardakı Bayraq Meydanında Azərbaycan Respublikasının dövlət bayrağı 42 metr hündürlüyündəki dirək üzərində dalğalanır. Yaxınlıqda isə böyük Bayraq muzeyi fəaliyyət göstərir. Bu binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərir. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən fiqurlar nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-nin və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Eyvaz Qocayev deyir ki, muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da eksponatlarla tanış olmalarına imkan yaradır.
Sumqayıtda yeni tikilib istifadəyə verilən Heydər Əliyev Mərkəzində də olduq. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Mərkəzin bələdçisi bildirdi ki, binanın tikintisinə ötən ilin noyabrında başlanılıb. Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və mansardan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı fəaliyyət göstərir.
Şəhərin ziyalı təbəqəsinin yetişməsində, gənclərin milli-mənəvi dəyərlərə bağlı olmasında əsas rollardan birini də teatr oynayır. Bu mədəniyyət ocağının təmirdən sonrakı vəziyyəti ilə də tanış olduq. Sentyabrda Sumqayıt Dövlət Dram Teatrının yaranmasının 50 illiyi tamam olub və bu yubiley təntənəli şəkildə qeyd edilib. Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işlərinin yüksək zövqlə və keyfiyyətlə başa çatdırıldığının şahidi olduq. Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bizi teatrla tanış etdi, təmirdən sonra teatrda baş verən ən son yeniliklərdən danışdı.
Daha sonra təmir olunan teatr binasını gəzdik. Teatrın 500 yerlik tamaşa və 100 yerlik konfrans zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə fırlanan səhnə tamamilə yenidən qurulub.
Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Teatrın ekspozisiyasının daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib. Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib olunub.
Sumqayıt şəhərinə səfər çərçivəsində son olaraq Zeynalabdin qəsəbəsində “Nümunəvi həyət”in açılışında iştirak etdik. Yerli sakinlər bu açılışa sevinir, çoxdandır övladlarının istirahəti üçün parka ehtiyac duyduqlarını bildirirdilər.
Beləliklə, günü-gündən gözəlləşən və müasirləşən 69 yaşlı Sumqayıtdan xoş təəssüratlarla ayrıldıq.
Xəyalə Rəis

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər