Müəllim olmaq istəyənlərin diqqətinə – Vakant yerlərin sayı açıqlandı

657

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılan vakant yerlərin sayını açıqlayıb.

Təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdirinin vəzifəsini müvəqqəti icra edən Məhəbbət Vəliyeva deyib ki, müsabiqəyə çıxarılan vakant yerlərin sayı təxminən 7 minə yaxındır.

İyulun 16-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verildiyini xatırladan nazir müavini bildirib ki, daha çox rus bölməsində bütün fənlər və ibtidai siniflər üzrə ixtisaslı kadrlara ehtiyac var.

M. Vəliyevanın sözlərinə görə, müəllimlərin işə qəbulu ilə bağlı 50 mindən artıq şəxs müraciət edib, müraciət edənlərdən 46 839 namizədin elektron ərizəsi təsdiq edilib və onlar müsabiqədə iştirak etmək hüququ qazanıb: “Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla, ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. Müəllimlər komputer vasitəsilə cavablandırdıqları sualların nəticələrini 90 dəqiqənin tamamında özləri də görür”.

Nazir müavini iyulun 16-dan başlayaraq hər gün təxminən 4 min nəfərə yaxın namizədin test imtahan mərhələsində iştirak etdiyini vurğulayıb.

O qeyd edib ki, test imtahan mərhələsindən uğurla keçən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Qeyd edək ki, ibtidai sinif üzrə 16-19 iyul, ingilis dili üzrə 19-20 iyul, alman dili üzrə 20 iyul, riyaziyyat üzrə 23-24 iyul, informatika və təsviri incəsənət üzrə 24 iyul, Azərbaycan dili və ədəbiyyat üzrə 25-26 iyul, rus dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili, fransız dili və musiqi üzrə 26 iyul, tarix və kimya üzrə 27 iyul, fizika və texnologiya üzrə 28 iyul, biologiya üzrə 30 iyul, fiziki tərbiyə üzrə 30-31 iyul, coğrafiya üzrə 31 iyul tarixlərində test imtahanları keçiriləcək.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılacaq.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər./APA/

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər