Multukulturalizm dəyərləri özünü nələrdə ifadə edir?

1548

Azərbaycan multukulturalizm dəyərləri təhlükəsiz cəmiyyət reallığından xəbər verir

Sivilizasiya inkişaf etdikcə, dünya ölkələri də bu inkişafla ayaqlaşmağa cəhdlər edir. Təbii ki, ölkələr bu sürətlənməyə hazır şəkildə deyil, ibtidai aura ilə qoşulur, əlaqələr, münasibətlər və siyasi bağlılıqlar artdıqca, onların da dünyaya inteqarsiyasında bir zərurilik yaranır. Səmimi etiraf edək ki, odlar ölkəsi Azərbaycan da özünün ictimai-siyasi, sosial-iqtisadi və mədəni varlığı ilə qlobal proseslərdə bir növ, fədakarlıq göstərir. Bu reallığı dövlətimizin beynəlxalq siyasi və mədəni proseslərdəki fəallığı ilə isbat etmək mümkündür. Ölkə qanunvericiliyindəki müasirlik də bu prosesin bir məntiqidir. Məhz bu məntiqi əsas götürərək ölkə prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə tolerantlıq, multukultural dəyərlər öz sərbəst xarakterini aydın ifadə edir.
Yeniləşən, inkişaf edən Azərbaycanda insan modeli, insan hüquq və azadlıqları prinsipləri, vətəndaş amili dövlətimizin əsas diqqət və qayğı hədəfi kimi xarakterizə edir. Yəni, bu proses kommunikativ əsaslardır, özündə ciddi sosioloji məqsədlər ehtiva edir; nəticə etibarilə, humanistlik, modernləşmə cəhdləri vətəndaş cəmiyyətinin aparıcı xətti kimi diqqət çəkir.
Bilirik ki, bu gün Azərbaycanda davamlı inkişaf mərhələsi başlamış, əhalinin sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklər insan kapitalının inkişafını, şəxslərin qanunla münasibətlərinin başlıca məqsədlərini mühüm bir vəzifəyə çevirib. Ölkənin dini tolerantlıq və multukulturalizm işində qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, vətəndaşların həyata baxışını yüksəltmək üçün sivil innovasiyalardan düzgün istifadə etmək vacib məsələdir.
Dövlətçilik mühüm amildir. Multukulturalizm də dövlətçilik işinin əsas prioritetidir. Çox sevindirici haldır ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yaddaqalan qərar və sərəncamları bu mühüm işin tarixi perspektivlərinə örnəklik bəxş edir. Bu proses hakimiyyətin xalq etimadını və müdafiəsinin əldə etməsinin ən təsirli və sınanmış vasitəsidir. Bu mühüm vasitə cəmiyyəti ədalətsizlikdən və diktatura təhlükəsindən qoruyur.
Son illər Azərbaycanın tolerantlıq və multukulturalizm sahələrini böyük uğurlar müşayiət edir. Bu sistemin hazırkı perspektivi cəmiyyət prioritetliyinin hansı səviyyədə olduğunu göstərir. Doğrudan da, son illərdə müstəqil cəmiyyət faktorları ölkədə günün reallığını tam mənada əks etdirir, həyata keçirilmiş islahatlar yüksək dinamik və sürətlənən inkişafa əsaslı zəmin yaradır, xarici ölkə vətəndaşları özlərini ölkəmizdə sərbəst hiss edir, öz dini ayinlərini rahat şəkildə icra edə bilirlər.
Azərbaycan böyük gələcəyə uğurla və inamla addımlayır. Bu yolun başlanğıcında dayanan Heydər Əliyev siyasəti çox şükür ki, bu yolun sonunda da öz parlaqlığı ilə təcəssüm edir. Məhz bu amilə əsaslanaraq bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Ölkənin multukulturalizm və dini təcəssüm məsələlərinin müasir standartlara uyğunlaşdırılması da bu işlərin sırasındadır. Azərbaycan multukulturalizm dəyərləri, onun hazırkı infrastrukturu sivil və təhlükəsiz cəmiyyət reallığından da xəbər verir. Səmimi etiraf edək ki, bu amil son illər öz effektiv dəyərlərini ikiqat artırıb.
Əslində, multukulturalizm hər bir fərdin cəmiyyətin layiqli üzvü olmasına şərait və inam yarada, onu nümunəvi vətəndaşa çevirə bilər. Son illər bu istiqamətdə əhəmiyyətli işlər görülür, qanunvericiliyin informativ bazası gücləndirilir.
Multukulturalizm bizim ölkəmizdə də həyata keçirilməsi vacib olan məsələdir. Bu mənada bu prosesin Dövlət Strategiyası öz məzmununda strateji istiqamət kimi səciyyələnməli, vacib hədəflər vicdan prinsipləri ilə əhatə edilməlidir. Bu da o deməkdir ki, milli dəyərlərə əsaslanan strateji istiqamətlərdə səriştəyə əsaslanan şəxsiyyətyönümlü qanun proseslərinin müəyyənləşdirilməsi, bu istiqamətdə insan resurslarının önə çəkilməsi, səmərəli, şəffaf dəyişikliklərin edilməsi əsas hədəflərdir.
Dövlət qurmaq, müstəqil yaşamaq heç də bütün xalqlara nəsib olmur. Dövlətlərin yaranması və inkişaf tarixi çox çətinliklərdən keçir; bu mənada Azərbaycan da özünün çiçəklənmə və tənəzzül dövrünü yaşayıb. Və əlbəttə ki, dövlətlərin güclü iradə nümayiş etdirməsində şəxsiyyətlər də başlıca rol oynayırlar.
Qeyd edək ki, XX əsrdə ikinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanda demokratikləşmə milli inkişafın vacib faktoru kimi dövlət siyasətinin strateji prioritetinə çevrilib. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası insan hüquqlarının, fikir plüralizminin, söz və məlumat azadlığının, vətəndaş cəmiyyəti institutlarının formalaşdırılması və inkişafına etibarlı zəmin yaradıb. Məhz multukulturalizm və dini tolerantlıq da bu zəmində aydın ehtiva edir.
Dövlətçilik amilinə təsir edən vasitələr çoxdur. Ölkəmizin multukulturalizm dəyərləri də bu vasitələrdən sayılır. Təbii ki, bu gün ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sahələrin, o cümlədən dini sərbəstliyin inkişafına da əsaslı təkan vermişdir. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycanda multukulturalizm reallığı nüfuzu nəzərəçarpacaq dərəcədə artmışdır. Ölkə başçısı bu barədə danışarkən qeyd edib: «Multukulturalizm elə prosesdir ki, bu prosesin hüdudları yoxdur. Biz daim bu məsələni diqqət mərkəzində saxlamalıyıq…»
Azərbaycanın dövlətçilik tarixi onun şərəf yüksəlişidir. Müstəqil dövlətimiz üçün taleyüklü məsələlərin həyata keçirilməsi tariximizin bir çox qaranlıq səhifələrini açmaqla kimliyimizi tam müəyyən etməyi, milli kökləri ilə bağlı yeni təfəkkürlü gənc nəsil yetişidirilməsini zəruri edir. Keçid dövrünün çətinliklərinə, ağır proseslərinə baxmayaraq, biz öz tarixi keçmişimizin çox dəyərli səhifələrini qısa bir müddətdə aça bilmiş və xalqa göstərməyə nail olmuşuq. Xalqımızın hər bir övladı öz tarixi keçmişini, varisi olduğu mədəni irsi daha dərindən öyrənərək böyük qürur hissi duymağa başlayır və sözsüz ki, bununla fəxr edir. Çox sevindirici haldır ki, XX yüzilin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir, öz tolerant missiyalarını uğurla həyata keçirir.
Azərbaycanın dövlətçilik əsasları sivill inkişafa söykənir və xalqımızı xoşbəxt sabahlara aparır. Bu gün Azərbaycanda yeni-yeni zəfərlər gətirəcək milli inkişafın bitkin nəzəri konsepsiyası, mütərəqqi irəliləyişin Azərbaycan modeli var.
Bu gün hər kəsə bəllidir ki, Azərbaycan siyasi qloballaşmada milli özünüdərkə, adət-ənənə prinsiplərinə, ləyaqət, qürur hisslərinə daha ətraflı və əhatəli yanaşmaqdadır. Demək, qloballaşma, qloballıq prinsipləri heç də ölkələrin dəyər sistemlərini zəiflətməyə xidmət etmir, əksinə, ölkələrarası sivill parlaqlığı təmin edir. Bunu nədənsə çox hallarda yalnız Azərbaycanın geosiyasi parametrlərində görürük. Bu mənada da xalqımız hər zaman Azərbaycana müstəqillik, müasirlik bəxş edən ümummilli lider Heydər Əliyevə minnətdar olacaqdır. Çünki onun qurduğu və müasir tempə sığışdırdığı sağlam siyasət bu gün Azərbaycanımızı bütün təzyiq və təsirlərdən qoruyur.
Təbii ki, bütün prioritetlərin əsasında qüdrətli respublikanın inkişaf perspektivləri-düşünülmüş, dünya siyasətinə uyğunlaşdırılan balanslaşdırılmış xarici siyasət, ölkə daxilində sabitliyin təminatı, dövlətçiliyin möhkəmlənməsi, bazar iqtisadiyyatı yolunu seçməklə malik olduğumuz təbii ehtiyatlardan xalqın mənafeyi və rifah halının yaxşılaşdırılması naminə səmərəli istifadə, insan hüquq və azadlıqlarının qorunması, biri-birindən məsuliyyətli vəzifələr dayanır.
İqtisadi tərəqqi, eyni zamanda diplomatik mübarizədə qələbə ən mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə də geniş yol açır. Münaqişə dövlətimizin xarici siyasətində prioritet məsələdir. Ulu öndər Heydər Əliyev diplomatik mübarizənin gücləndirilməsi ilə yanaşı «Bizim məqsədimiz müharibə etmək deyil. Ordumuzun yaranması, formalaşması, möhkəmlənməsi yalnız və yalnız Azərbaycan Respublikasının müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmək üçün lazımdır. Biz düşdüyümüz vəziyyətdən sülh yolu ilə çıxmaq istəyirik» söyləyərək ordu quruculuğuna da xüsusi diqqət yetirdi. 1994-cü il mayın 12-də atəşkəsin əldə olunması Azərbaycanın hər bir sahədə inkişafının təmin olunmasında əhəmiyyətli rol oynadı. Xalqımız bugünkü uğurlarımızın fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin də tezliklə öz ədalətli həllini tapacağına əmindir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi də xarici siyasətinin uğurudur. Bu da ölkəmizin multukulturalizm və tolerantlıq resurslarının əsas hədəfləridir.
Ölkədaxili gərgin situasiyalar, terrora cəhdlər və ikrah doğuran digər pis cəhətlər Azərbaycanın güclü iqtisadi və sosial həyat tərzinə zərbə vurmaq imkanına malik deyil. Sülhün əsası hüquq düşüncəsinin inkişaf prosesidir. Biz hamılıqla son günlər dünyada yaşanan hadisələrdə bunu canlı müşahidə etmişik.
Bəli, bugünkü Azərbaycan vətəndaşlarının milli iftixar mənbəyini təşkil edən çoxəsaslı, fundamental amillərin içərisində Azərbaycanın son illərdəki möhtəşəm inkişafı dayanır.
Həqiqəti görə bilmək ən böyük bacarıqdır. Azərbaycan həqiqət aspektlərinə malik olduğu üçün onun dünyadakı yeri və rolu hər bir tərəfdən görünür. Bu da dediyimiz kimi, aparılan sağlam siyasətin nəticəsidir.
Quliyeva Sevinc Elmar qızı,
Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Təsərrüfatı və Mənzillərin Uçotu Şöbəsinin məsləhətçisi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistrantı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər