Müşfiq Məmmədli: Azərbaycan COVID-19 pandemiyasının öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyin təbliğinə ilk başlayan dövlətlərdəndir

616

Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində beynəlxalq birliyin digər bir sıra ölkələrindən fərqli olaraq yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizəyə qlobal töhfə verib. Dövlətimiz təkcə öz vətəndaşlarının sağlamlığının qorunması sahəsində deyil, aparıcı ölkə kimi pandemiya ilə mübarizədə qlobal səviyyədə mühüm addımlar atıb. BMT-nin Baş Assambleyasının bu ilin sentyabrın 2-də keçirilən 76-cı sessiyasındakı müzakirələr çərçivəsində “peyvənd milliyətçiliyi”nin qınanılması Qoşulmama Hərəkatının üzvlərinin və xüsusilə Azərbaycanın müstəqil dövlət kimi bu ədalətsizliyə qarşı haqq səsini ucaltması baxımından mühüm əhəmiyyət kəsb edir. Noyabrın 18-də BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Assambleyanın üçüncü komitəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərəkatın üzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihəsi müzakirə edilib və qəbul olunub. Qətnaməyə 171 ölkə lehinə səs verib. Belə qənaətə gəlmək olar ki, Azərbaycan haqq savaşında dünya dövlətlərinin fikrini də müsbət istiqamətə yönəldə bilib və nəticədə Azərbaycanın haqlı təklifi dünya ölkələri tərəfindən müsbət qarşılanıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli deyib.

Deputat bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyev pandemiya dövründə bir sıra təkliflərlə çıxış edib: “Ötən ilin may ayında təşkil edilmiş zirvə toplantısında və dekabrda 150-dən çox dövlətin dəstəyi ilə keçirilmiş BMT-nin Baş Assambleyasının dövlət başçıları səviyyəsində olan xüsusi sessiyasında peyvəndlərin ədalətli bölüşdürülməsi və pandemiya ilə qlobal mübarizədə vahid strategiyanın işlənib hazırlanması istiqamətində Prezident İlham Əliyev tərəfindən mühüm təkliflər irəli sürülüb. Qətnaməyə münasibətdə Ermənistanın bitərəf mövqe sərgiləməsi beynəlxalq birliyin qorxunc bəlaya qarşı həmrəy olduğu vaxtda onun sırf korporativ maraqları naminə prosesdən kənarda qalmasını göstərir. Bu, Ermənistanın cılız fikirlərlə “inkişaf edən” dövlət olduğunun sübutudur. Qətnamə məhz Azərbaycanın təşəbbüsü ilə qəbul edildiyi üçün qlobal mübarizədən kənarda qalmaq və belə mühüm qətnamənin tərəfdarı olmamaq Ermənistan siyasətinin bir oyundan ibarət olduğunun bariz nümunəsidir”.

M.Məmmədli, həmçinin Azərbaycanın pandemiya dövründə digər ölkələrə göstərdiyi humanitar və maliyyə yardımları barədə də danışıb. Bildirib ki, Azərbaycan ikitərəfli əlaqələr səviyyəsində 4 ölkəni COVID-19 əleyhinə vaksinlərlə təmin edib, eyni zamanda qlobal mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımı ayırıb: “Həmçinin Qoşulmama Hərəkatının üzvü olan 30-dan çox ölkəyə də humanitar və maliyyə yardımları göstərib. Bütün bunlar Azərbaycanın koronavirusla bağlı bəyan etdiyi prinsipə sadiqliyini və qlobal mübarizəyə öz töhfəsini real şəkildə verdiyini sübut edir. Azərbaycan, doğrudan da, COVID-19 pandemiyasının öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyin və əməkdaşlığın təbliğinə ilk başlayan dövlətlərdəndir”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər