Müşfiq Məmmədli: Vətəndaşlarımız peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdırlar

369

Əgər yoluxma bu tempdə davam etsə, yenidən məhdudiyyətlərin tətbiq edilməsi məsələsi gündəmə gələ bilər

“Son dövrdə Azərbaycanda koronavirus pandemiyasına yoluxma və bununla bağlı ölüm halları artıb. Dünyada, xüsusilə region ölkələrində, o cümlədən Rusiya, İran, Gürcüstanda COVID-19-a yoluxma hallarında kəskin sıçrayış müşahidə olunur. Azərbaycanda isə epidemioloji vəziyyət  digər ölkələrlə müqayisədə nəzarət altındadır. Buna səbəb dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atılmasıdır”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

M. Məmmədli bildirib ki, dünyada COVID-19 infeksiyası yayılmağa başladığı dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən başlayaraq Azərbaycan hakimiyyəti çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirməyə başladı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiyanın qarşısının alınması üçün qətiyyətli və çevik addımlar atıldı. Belə ki, dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, ümumi strategiyanın həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında Operativ Qərargah yaradıldı, onun fəaliyyəti təşkil olundu. Operativ Qərargahın yaradılması, xüsusi karantin rejiminin tətbiq olunması kimi tədbirlər ilk günlərdən öz müsbət nəticəsini göstərdi. Ölkədaxili vəziyyət, xarici aləmlə əlaqələr mövcud tələblərə uyğun tənzimləndi. Hökumətin intensiv və düzgün fəaliyyəti sayəsində qısa zamanda səhiyyə infrastrukturu koronavirusla mübarizəyə istiqamətləndirildi, aidiyyəti dövlət qurumlarının fəaliyyəti bacarıqla əlaqələndirildi və bir çox mühüm məsələlər həll edildi. Qısa zamanda əlverişli karantin zonaları, yoluxmuş xəstələrin müalicə olunduğu xüsusi xəstəxanalar yaradıldı, yeni xəstəxanalar istifadəyə verildi. Bakıda və regionlarda fəaliyyət göstərən bu xəstəxanalar ən müasir avadanlıqlarla təmin edilib. Xüsusilə Azərbaycanın dünyanın aparıcı ölkələri ilə eyni vaxtda vaksinasiya prosesinə başlaması pandemiya ilə mübarizədə daha effektiv rol oynadı”.

Deputatın sözlərinə görə, bütün görülən tədbirlər bizə pandemiya ilə mübarizədə arxayınlaşdırmamalı, virusun yeni ştammlarının region ölkələrində yayılması Azərbaycan əhalisi üçün də xəbərdarlıq olmalıdır: “Son dövrlər Azərbaycanda bəzi məhdudiyyətlərin götürülməsindən sonra COVID-19-a yoluxanların sayındakı artım gözlənilən idi. Çünki iyunun 29-dan etibarən hər gün müntəzəm olaraq koronavirusa yoluxanların sayının xəstəlikdən sağalanlardan daha çox olduğu müşahidə edilirdi. Xüsusilə toy şənliklərinin geniş vüsat alması və istirahət mövsümü fonunda belə bir artım olmalı idi. Əgər yoluxma bu tempdə davam etsə, yenidən məhdudiyyətlərin tətbiq edilməsi məsələsi gündəmə gələ bilər”.

Həmsöhbətimiz vurğulayıb ki, pandemiya ilə mübarizədə vaksinasiya prosesinə daha sürətli qoşularaq  kütləvi immunitet qazanmış insanlarımızın sayını artırmalıyıq: “Onu da qeyd etmək lazımdır ki, avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərə “Əks-göstəriş sertifikat”ının verilməsinə başlanılıb. “Əks-göstəriş sertifikat”ı almaq üçün ərazi üzrə poliklinikalara müraciət edilməlidir. Poliklinikalar həmin şəxslərin məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edəcək. Komissiyanın rəyi əsasında vətəndaşa “Əks-göstəriş sertifikat”ı veriləcək. Digər vətəndaşlarımız isə peyvəndlənmə prosesinə məsuliyyətlə yanaşmalıdır. Özümüzü və ətrafımızdakı insanları qorumaq üçün hər birimiz bu prosesdə fəal və məsuliyyətli davranmalıyıq”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər