Nazirlərə namə

958

207543cd5515Ölkədə nazirliklərimizin və nazirlərin gördüyü işlərin müqabilində hər bir vətəndaş onlara təşəkkür etməlidir. Bu, bir növ hərbi xidmət kimi, dövlət rəmzlərinə hörmət kimi konstutision borcdur. Təəssüflər ki, nazirlərimizin gərgin iş rejimi imkan vermir ki, vətəndaşlarımız onlara tet-a-tet təşəkkürnamələrini çatdırsınlar. Bu Şərəfli işi bəndənizə həvalə edib bir çox həmvətənlərimiz. Fürsətdən istifadə edərək ürəyi dolu olan vətəndaşlarımızın minnətdarlıqlarını mən tribuna, yəni köşə vasitəsilə çatdırım. Lap həyəcanlandım, birinci kimdən başlayacağımı bilmirəm.

Sayın baş nazirimiz, sizə bütün xalq təşəkkür edir, çünki sizin sayənizdə və rəhbərliyiniz altında nazirlərimiz saat kimi işləyir. Qəzetimizin “Oxumasanız da olar” rubrikasındakı saat haqqında Muradın yazdığı lətifədəki kimi yox ha… Əsl saat kimi. İndi isə söz verilir təşəkkür edənlərə.

Qüdrətli müdafiə nazirimiz, çox sağ olun, sizin hərbi-strateji taktikanız sahəsində əsgərlərimiz bit-sirkələrlə müharibədə hər gün möhtəşəm qələbələr qazanır. Lap əsgərliyim yadıma düşdü, bir gün “odboy”a yaxın bitlər üstümüzə, daha doğrusu, bədənimizə hücum çəkdi. Amma komandirlərimizin və çavuşlarımızın verdiyi əmrlər sayəsində düşmən susduruldu və çoxlu tələfat verdi.

Bərəkətli kənd təsərrüfatı  nazirimiz, sizə nəinki fermerlər, hətta inəklərimiz və uzunqulaqlarımız da minnətdardır. Çünki məhz sizin məqsədyönlü tədbirləriniz nəticəsində ölkəyə gətirilən əcnəbi inəklər və eşşəklər sayəsində yerli heyvanlarımız çox şey öyrəniblər. Eşşəklərimiz daha şıllaq atmır, inəklərimiz isə əcnəbi təlimləri nəticəsində daha çox bala verirlər.

Hörmətli təhsil nazirimiz, sizin islahatlar sadəcə təsvirə gəlməz dərəcədə  cahanşümuldur. Günü-gündən zirvələrə dırmanan təhsilimiz…(Təsirləndim və gözlərim yaşardı, ona görə bir anlıq pauza verdim) Savadlı-bilikli, kompüter kimi, robot kimi dəqiq öyrəncilərimiz bütün arılara örnəkdir, bu zəhmətkeş varlıqlar məəttəl qalıblar onlara. Bir görün şagirdlərimiz, abituriyentlərimiz, tələbələrimiz solğun çiçəklərdən – dərsliklərdən necə əziyyətlə bal yığırlar (yenə gözlərim yaşardı).

Çox güclü idman və gənclər nazirimiz, Sizə də təşəkkür edirik. Siz olmasaydınız, iki əsl azərbaycanlı, özü də gənc idmançımız, Qış olimpiadasında iştirak edə bilməzdi. Nə olsun ki, yer tuta bilmədilər. Gözəl bilirsiniz ki, Olimpiya Oyunlarında əsas iştirak etməkdir, qələbə qazanmaq deyil.

Dəyərli mədəniyyət və  turizm nazirimiz, Allah sizi bizə çox görməsin. Zəhmətinizin bəhrəsidir ki, layiqli və hamının hərtərəfli tanıdığı  sənət karlarımız öz yüksək qiymətlərini aldı. Turizm sektorunun inkişafı nəticəsində hər il ölkəmizə neçə minlərlə çinli, pakistanlı gəldi, bizə alverin bəzi sirlərini öyrətdi.

Tərəqqipərvər iqtisadi inkişaf nazirimiz, sizin zəhmətiniz əvəzedilməzdir. Gördüyünüz inkişafyönümlü işlər nəticəsində kiçik sahibkarlar daha başından böyük işlər görməyərək zırpı-zırpı holdinqlərin qabağında at oynada bilmir, necə deyərlər, böyük-kiçik yeri bilirlər.

Əvəzolunmaz ekologiya və təbii sərvətlər nazirimiz, bu xalq, bu millət sizə əbədi olaraq minnətdardır. Siz uzaq Antarktida materikinə səyahət etdiniz, bütün dünya bildi ki, azərbaycanlılardan da oranı fəth edən oldu. Torpaq atəşi ilə yanan Qarabağ dərdli bu millətin yanan ürəyinə Kilimancaro, Antarktida qarı səpərək söndürdünüz yanğını. Sumqayıtlılar isə sizə xüsusilə minnətdardır. Məhz sizin titanik səyləriniz nəticəsində artıq bu şəhərdə bir dənə də olsun civə tullantısı qalmayıb.

Sevimli vergilər nazirimiz, siz öyrətdiniz, biz vətəndaşlara vergi verməyənin hansı aqibətlərlə üzləşəcəyini, verginin dövlətə xeyrini siz öyrətdiniz. Vergiyə sevginin yaradılması Sizin əməyinizdir. Yazdıqca VÖEN-imi axtarıram, Onun başına bir iş gəlməsin, sən mənim VÖEN-imi xəta-bəladan hifz elə, İlahi!

Qiymətli daxili işlər nazirimiz, sayənizdə vəziyyət lap əladır. Bütün vətəndaşlar polisə  hörmət eləməyi bacarır. Daxili işlərimiz sahmandadır, həmvətənlərimizin başı-gözü mitinqlərdə yarılmır, gecələr küçələrə qorxusuz-hürküsüz çıxırıq, gəzirik, əylənirik. Bir polis tanışımın dediyi kimi, mənim polisim məni qoruyur.

Vətəndaş oxucularım, mən sizin təşəkkürləriniz ərz etdim. Bunun üçün özümə  də bir dənə təşəkkür.

P.S. Hansı nazirə təşəkkür çatmadısa, deməli vətəndaşlar onların işlərindən razı deyillər, onlar da öz növbələrində çalışıb nöqsanları aradan qaldırsınlar.

P.S.S. O nazirlərin adlarını yazıb mənim e-mail ünvanıma göndərə bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər