Nazirlik Sumqayıtda yeni mənzillərin əlillərdən alındığı xəbərinə aydınlıq gətirdi

704

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) dekabrın 24-də Sumqayıt şəhərində Qarabağ əlilləri və şəhid ailələrinin istifadəsinə verilən 12 mərtəbəli 96 mənzilli yaşayış binası ilə bağlı mətbuatda yayılan məlumatlarla bağlı açıqlama verib. ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a bildirilib ki, nazirlik Azərbaycanın ərazi bütövlüyü uğrunda fiziki sağlamlıqlarını itirərək əlil olmuş vətəndaşlarla bağlı əlamətdar bu hadisədən «qara piar ənənəsi» məqsədilə istifadəyə təəssüflənir:

“Bu hadisə dövlət orqanının fəaliyyətinə ləkə yaxmaq niyyətində olan bəzi mətbu orqanlar üçün «yeni mövzu mənbəyi»nə çevrilib. Belə ki, həmin mətbu orqanlarda dərc olunan yazılarda Sumqayıt şəhərindəki 12 mərtəbəli binanın guya 5-ci mərtəbəsinədək istifadəyə verildiyi, digər mərtəbələrin tikintisinin isə tam başa çatmadığı, yalnız 3 mənzilin istifadə üçün yararlı olduğu, həmçinin mənzillərə qoyulmuş mebel dəstlərinin, habelə 3 ailəyə verilmiş orderlərin geri alındığı kimi heç bir əsası olmayan, yalan fikirlər yer alıb. Nazirlik olaraq bildiririk ki, bu fikirlər heç bir fakta söykənmir və ölkədə söz və fikir azadlığının təmin olunması üçün yaradılan şəraitdən sui-istifadə edilməklə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərə böhtan atmaq məqsədinə yönəlib”

ƏƏSMN bəyan edib ki, Sumqayıt şəhərində əlil və şəhid ailələri üçün müasir standartları özündə birləşdirən yeni layihə əsasında inşa edilən, rahat yaşayış üçün daxili təchizata malik olmaqla, özünün arxitektur gözəlliyi ilə diqqəti cəlb edən, ətrafdan keçən hər bir insanda yalnız xoş hisslər yaradan bir bina haqqında «tikintisinin tam başa çatmadığı» ifadəsini işlətmək düzgün deyil:

“Digər tərəfdən, bildiririk ki, bu binadakı, eləcə də digər bölgələrdə əlil və şəhid ailələri üçün inşa olunmuş binalardakı mənzillərin bölgüsü Nazirliyin 27 noyabr 2012-ci il tarixli 11/7-139 nömrəli əmri ilə yaradılmış müvafiq Komisiya tərəfindən həyata keçirilir.
Həmin Komissiyada yalnız Nazirliyin deyil, rayon (şəhər) İH-lərinin başçılarının müavinləri, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatının, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nümayəndələri, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrin İctimai Birliyinin, «20 Yanvar» Cəmiyyətinin, Çernobıl Əlilləri İttifaqının,  Azərbaycan Respublikası Əlil Təşkilatları İttifaqının sədrləri təmsil olunur.
Mənzil almaq üçün müvafiq rayon (şəhər) İH-də növbədə olan hər hansı  əlil və şəhid ailəsinə mənzilin verilməsi Komissiyanın iclaslarında Komissiya üzvlərinin yekdil qərarı əsasında həyata keçirilir. Komissiyanın iclasları tam şəffaflıq şəraitində keçirilir, mənzillərin bölgüsü ilə bağlı hər bir qərar mənzil üçün növbəlilik prinsipinə və ədalətli yanaşmaya əsasən verilir. Bunun nəticəsidir ki, mənzillərin bölgüsü ilə bağlı əlil və şəhid ailələri tərəfindən bu vaxta qədər heç bir əsaslı şikayət və ya narazılıq halı olmayıb”.

Nazirlik bildirib ki, Sumqayıt şəhərində yeni istifadəyə verilən 12 mərtəbəli binadakı mənzillərin bölgüsü də şəffaflıq şəraitində, növbəlilik prinsipi və ədalətli yanaşma əsasında həyata keçirilib, Komissiyanın mənzillərin bölgüsü ilə bağlı qərarlarından çıxarışlar əlil və şəhid ailələrinə təqdim edilib. Həmin çıxarışların yenidən geri alınması barədə fikir isə yalan və böhtandan başqa bir şey deyil.

“Onu da bildirək ki, Sumqayıt şəhərində əlil və şəhid ailələri üçün  inşa olunmuş 12 mərtəbəli, 96 mənzilli binadakı  bütün mənzillər təmir olunub və mətbəx mebeli ilə təchiz olunub. Binada mənzillə təmin olunmuş şəxslərdən 25-i şəhid ailələri, digərləri isə əlilliyi olan şəxslərdir”-deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, dekabrın 24-dəki açılış mərasimində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

Modern.az 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər