Necə oldu ki, gənc fortepiano müəllimi jurnalist oldu?

986

Ətrabə Rzayeva. O, özü haqda danışmağı xoşlamır. Bu ilin fevral ayında Əməkdar Mədəniyyət İşçisi adına layiq görülmüş sumqayıtlı jurnalisti biz buna məcbur etdik. Bəlkə də çoxlarımız onu tanımırıq, elə isə gəlin tanış olaq. Necə oldu ki, gənc fortepiano müəllimi jurnalist oldu?

Düşünürəm ki, insanın özü haqqında danışmasından çətin və bəlkə də məsulliyyətli heç nə yoxdur. Özünütənqidə meylli olduğum üçün  heç bir zaman ünvanıma təriflər söyləməmişəm. Bu heç də ona  görə deyil ki özümdən məmnun qaldığım məqamlar olmayıb. Əsla yox… Sadəcə anamın ağlım kəsəndən mənə aşıladığı bir məsləhəti  bütün varlığıma hakim kəsilib: “ Özünü heç vaxt tərifləmə, qürur duy,  səni ləyaqətli insanlar qiymətləndirirsə…

Və mən bu mənada çox xoşbəxt insanam. İlk növbədə ona görə ki, Tanrı mənə insanların fərqini onların  savadında, zəkasında, mənəvi zənginliyində görən valideynlər bəxş edib. Bilirsinizmi, elə yaxşı nəyim varsa, onlardan qaynaqlanır. Varlıqları ilə həmişə şükür etdiyim, fikirlərinə, zövqlərinə etibarımın indiyədək dəyişmədiyi iki qardaşımla bərabər Sumqayıtda  sadə bir müəllim ailəsində böyümüşük.

 Başqalarından fərqim nə olub ki?!  Mən də uşaq bağçasına, məktəbə getmişəm. Nümunəvi şagird və fəal ictimaiyyətçi olmuşam. Lakin bura qədər…

Fəqət, həmyaşıdım olan qızların böyük əksəriyyətinin ömür kitabına yazılan qismətdən mənə pay  düşmədi… Amma Yaradana minnətdaram!  Hələ məktəbdə orta  təhsilimi ala-ala musiqi texnikumuna daxil olmuşam və müvəffəqiyyətlə fortepiano fakültəsini bitirmişəm. Təsəvvür edirsinizmi, ilk dəfə sinfə musiqi müəllimi kimi daxil olanda mən 3-cü kurs tələbəsi idim və cəmi 16 yaşım vardı…. Bu istisna bir hal idi. Göstərilən  yüksək etimadın özündən də ağır olan məsuliyyəti zərif yeniyetmə çiyinləri üçün bəlkə də çəkiləcək yük deyildi. Amma bacardım! Qazancım – şagirdlərin məhəbbəti, valideynlərdən və rəhbərlikdən daim eşitdiyim “ Əhsən sənə!” oldu.

1979-cu ildə təhsilimi davam etdirmək məqsədi ilə Azərbayçan Dövlət İncəsənət institutuna sənədlərimi verdim. Elə ilk sınaq imtahanında, bu kollokviüm idi,  hazırlıq səviyyəmin əla qiymətləndirilməsi nadir bir hal kimi bu ali tədris ocağında mənə sonsuz maraq və diqqət qazandırdı. Sanki bir göz qırpımında qaynar, səmərəli elmi işlərimlə zəngin tələbəlik illəri  fərqlənmə diplomu ilə başa çatdı.

Anamın arzusu ilə musiqi müəllimi olsam da, taleyin öz sürprizləri var idi. Belə ki, bir dəfə şəhərimizdə keçirilən çox əhəmiyyətli tədbirin ssenarisini yazmaq və  aparıcısı olmaq  mənə həvalə edildi. Gördüyüm işin uğuru məni ümumşəhər əhəmiyyətli  əksər tədbirlərin fəal iştirakçısına çevirdi. Əzmlə və böyük həvəslə  çalışdım. Heç ağlıma gəlməzdi ki,  bir gün mən şəhər komsomol  bürosunun qərarı ilə o zaman yeni yaradılan “ Cırtdan”- ixtisaslaşdırılmış uşaq kinoteatrına direktor təyin olunacam.  Bax beləcə əmək fəalliyyətimin yeni dövrü başladı. İşimə can yandırmağım əksər novator ideyalarımın hayata keçməsinə  səbəb oldu.

Nəinki Azərbaycana, onun hüdudlarından çox uzaqlara  səs salan “Cırtdan” ın sorağı mötəbər kinoforumlardan  gəlirdi. Gördüyümüz işin təcrübəsi  SSRİ-nin əsas sərgisi sayılan – Xalq Təsərrüfatının Nailiyyətləri Sərgisinə  təqdim olundu və mənim fəaliyyətim bürünc medala layiq görüldü.

Taleyimin sürprizləri isə davam edirdi… Qazandığım uğurların tez–tez mətbuatda yer alması məni media mənsubları ilə mütəmadi olaraq bir araya gətirirdi. Hətta bu sahadə özümü sınamaq kimi təkliflər alırdım. Və beləliklə, “Exo Sumqayıta” şəhər qəzetində imzam görünməyə başladı… Cəsarətli, aktual mövzuları əhatə edən, oxucuların marağına səbəb olan yazılarım həm respublikamızın, həm də “Komsomolskaya pravda”, “Rabocaya tribuna”, “Moskovskiy komsomolec ” və diqər  populər umumittifaq mətbu orqanlarında çap olunurdu.    Redaksiyaya bağlandığım və işimin başımdan aşdığı bir zamanda isə “Azərinform”a ( indi “AzərTAc”) dəvət aldım və bu böyük ailənin bir üzvünə çevrildim.

İllər keçdi, təcrübəm artdı, əhatəm genişləndi, bir çox şeylərə baxışlarım  yeniləndi, dəyişməyən isə işə özümü bütünlüklə həsr etməyim, halal münasibətim və  insanlara sevgim oldu. Elə ən böyük qazancım da bu keyfiyyətləri dəyərləndirməyi bacaran işıqlı zəka sahiblərinin verdiyi qiymətdir. Regional  müxbir kimi respublikamızın və onun ikinci böyük industrial  şəhəri Sumqayıtın  gözüm önündə sürətlə inkişafını, tərəqqisini  həməşə sevə-sevə  izlədim və fərəhlə qələmə aldım. Fəaliyyətim 2004-ci ildə dövlətimizin  yüksək  mükafatına – “ Tərəqqi” medalına layiq görüldü.   

Əməkdaşı olmağımla qürur duyduğum AzərTAc mənim üçün dövlətimin yüksək dəyər verdiyi, xüsusi diqqət yetidiyi, dünya informasiya nəhənglərinin etibarlı tərəfdaşı, milli mənafeyə sadiq, ənənələrilə seçilən, şərəfli tarixi olan  və gələçəyinə əminliklə inandığım, sözün əsl mənasında, böyük bir məktəbdir. İllərlə  burada göstərdiyim fəaliyyət dövlətimızın  yüksək  qiymətinə layiq görüldü.

      KİV-in inkişafındakı xidmətlərinə görə 26 fevral 2010 il – əməkdar mədəniyyət işçisi fəxri ada layiq görüldüm.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər