Nərmin Quliyeva cinayətinin pərdəarxası - AĞLASIĞMAZ...

6704

Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlinin tam təfərrüatı məlum olub. AYNA xəbər verir ki, oxu.az-ın əməkdaşı bu cinayətlə bağlı bütün faktları toplayıb.

… Qız noyabrın 21-də itkin düşdü. Qonşuların qeyd etdiyinə görə, hadisə toy günü günortadan sonra baş verdi. Bütün cəmiyyət uşağın axtarışını izlədi və sağ tapılması üçün dua etdi.

Nərmin 46 gündən sonra tapıldı, amma öldürülmüş və yandırılmış vəziyyətdə. Azərbaycan Prezidenti İlham Əliyev cinayətlə bağlı açılmış istintaq işini nəzarətə götürdü.

Yanvarın 10-da Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq bildirdi ki, qətldə şübhəli bilinən, qurbanın atası Şərif Quliyevin qonşusu və sinif yoldaşı, 47 yaşlı İlkin Süleymanov tutulub.

Deməliyəm ki, hamı Nərmini öldürən şəxsin İ.Süleymanov olmasına inanmır. Bu baxımdan cəmiyyət üç cəbhəyə ayrılıb. Bəziləri Süleymanovun tutulması ilə razıdır, ikinci hissə onun qətldə iştirakına inanmadığını bildirir, bəziləri isə məhkəmə qərarını gözləyərək hər hansı bir şərhdən, tamamilə imtina etdiklərini söyləyir.

 

Son günlər sosial şəbəkələrdə və internet forumlarında bu mövzu ilə bağlı müzakirələr dayanmır. İnsanların çox sayda sualları, fikirləri var. Bu suallara qismən də olsa, aydınlıq gətimək məqsədilə baş vermiş hadisə ilə bağlı ardıcıl və ətraflı məlumat vermək istəyirik.

Qeyd edək ki, hüquq-mühafizə orqanlarından əldə etdiyimiz məlumatlar ibtidai istintaq məlumatlarıdır. Faktla bağlı istintaq hələ də davam edir, yeni hallar yarana bilər. Cinayətdə iştirak edən şəxslər ifadələrini dəyişdirə bilərlər. Sonda məhkəmə digər faktları da üzə çıxara bilər. Təqsirsizlik prezumpsiyasına əməl edərək İlkin Süleymanovu qatil adlandıra bilmərik, baxmayaraq ki, hüquq-mühafizə orqanlarının rəsmi məlumatlarına görə, adam cinayətini etiraf edib və istintaqda ona qarşı bütün lazımi sübutlara malikdir.

Nərmin yoxa çıxdığı gün…

Ondan başlayaq ki, qohumlarının ifadəsinə görə, Nərmin əmisi Lətif Quliyevin həyətində yoxa çıxıb. Məlumdur ki, qardaşlar Şərif, Arif və Lətif Quliyevlər bir-birinə yaxın məsafədə yaşayırlar.

Günortadan sonra atası qızı, bir gün əvvəl qardaşı Arif Əliyevə verdiyi pencəyi geri almaq üçün göndərir. Nərmini sonuncu dəfə əmisi Lətif Quliyevin evinin həyətində görürlər. Ancaq qəribədir ki, heç kim Nərminin oradan necə çıxdığını görməyib. Buna görə də yaxın qohumlar arasında parçalanma yarandı, qarşılıqlı ittihamlar başladı.

Nərminin yerini ən qısa zamanda tapmaq ümidi ilə, demək olar ki, bütün qohumları “Xəzər” TV-də Xoşqədəm Hidayətqızının aparıcısı olduğu “Səni axtarıram” verilişinə üz tutdular. Veriliş xüsusi səylə Nərminin axtarışına qoşularaq, əməliyyat-axtarış işini və istintaqın məxfiliyinə dair qanunları kobud şəkildə pozaraq istintaqı qarışdırdı. Yaxın qohumlar ilk şübhəlilərin sırasına düşdülər. Lakin bu barədə danışmaq çox gecdir…

 

Bu vaxt Tovuz rayonunda Nərminin itməsi ilə əlaqədar istintaq qrupu yaradıldı. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, polis Fövqəladə Hallar Nazirliyinə müraciət edib və hadisənin dördüncü günü kinoloji xidmət itləri uşağın axtarışına qoşulub. Əldə edilən məlumatlara görə, axtarışa, həmçinin şübhəli cinayətkarların axtarışı üzrə xüsusi təlim keçmiş it də cəlb edilib.

Dondar Quşçu kəndində 4500 nəfər sakin yaşayır. Polis axtarışlara yaşayış olmayan və tənha insanların yaşadığı evlərdən başlayıb. Kənddə belə evlər çox olduğuna görə bu istiqamətdə işlər bir gündən çox çəkib.

“Heç kim uşağın bütün ailənin yaşadığı evdə gizlənə biləcəyini düşünməmişdi. İlkin Süleymanov valideynləri ilə birlikdə və Quliyevin evinə yaxın evdə yaşayır. Bütün mümkün versiyalar nəzərə alındı, amma ilk növbədə ən çox ehtimal olunanlar nəzərdən keçirildi. Qaçırılma planlaşdırıldığı üçün, əməliyyat qrupunun bütün üzvləri qurbanın kənddən çıxarıldığına inanırdılar. İndi insanlar axtarışların niyə qonşuların evlərində aparılmadığını soruşurlar, çünki hər şey mərhələli şəkildə həyata keçirildi”, – asayiş keşikçiləri bildirirlər.

İtkin düşən qızın yaxın qohumlarının evlərində və evlərinin ətrafındakı ərazilərdə, o cümlədən Nərminin getdiyi yollarda araşdırma aparılıb. İtlərə qızın yuyulmamış paltarları qoxladılıb, lakin aparılan axtarışlar müsbət nəticə verməyib.

Eyni zamanda, Nərminin avtomobillə vurula biləcəyi ilə bağlı versiya da vardı. Ehtimal olunurdu ki, sürücü yaralı Nərminə tibbi yardım göstərilməsi üçün aparıb, ancaq yolda uşaq ölüb və sürücü cəsəddən qurtulub.

Bundan əlavə, istintaqı Xoşqədəm Hidayətqızı qarışdırdı. Onun verilişində qohumlarından biri, Nərmin itən zaman evin yaxınlığından sarı rəngli maşının keçdiyini gördüyünü söylədi. Eyni verilişdə uşağın Salyan bölgəsində görüldüyü barədə də açıqlama verildi.

Biz müəyyən etdik ki, polis teleaparıcıya itkin düşmüş Nərminin axtarışına qarışmamaq barədə xəbərdarlıq edib, ancaq o, yenidən Tovuz rayonuna gedib, qohumlarını dindirib, onları qarşı-qarşıya qoyub… Bütün bunlar təbii ki, istintaqın işinə mane ola bilməzdi.

Nərmin tapılır…

Yanvarın 6-sı, saat 19:40-da polisə Şərif Quliyevin evindən, təxminən 400-500 metr məsafədə uşağın meyitinin yanması barədə xəbər gəlir. Əməliyyatçılar dərhal hadisə yerinə yola düşürlər. Orada onlar, aralarında İlkin Süleymanov da olmaqla, üç nəfəri görürlər. Qızın cəsədini kimin ilk gördüyünü soruşanda İ.Süleymanov cavab verir.

Onun dediyinə görə, “siqaret çəkməyə çıxıb və 200 metr aralıda nəyinsə yandığını görüb” və “yaxınlaşıb”. Bu sözlər artıq əməliyyatçılar arasında şübhə doğurur.

Guya Süleymanov, “bir növ oyuncağın yandığını” düşünür, “yaxınlaşandan sonra uşaq olduğunu anlayır”. Ancaq cəsədi söndürməyə tələsmir. “Mən qonşuları çağırmağa qaçdım”, – deyir.

“Süleymanov qızın cəsədinin tamamilə yanmasını gözləyib. Buna görə də həmin axşam o, şahid qismində bölməyə dəvət edilib. Ancaq onunla söhbətə başlayanda adamın birmənalı danışmadığını başa düşdük”, – polisdən qeyd edilib.

Kənddə həyat tərzi şəhərdən fərqlidir. Burada axşam saat yeddi-səkkizdən sonra, adətən küçədə kimisə görməzsiniz, hamı evdə olur. Məhz elə bu zaman, İ.Süleymanov, sonradan etiraf etdiyi kimi, Nərminin cəsədini bir arabaya qoyaraq yandırmağa aparıb.

Patoloq-anatomlar Nərminin ölümünün səbəbini və vaxtını müəyyən etdilər. O, tapılmamışdan, təxminən beş gün əvvəl öldürülüb. Mütəxəssislər onun baş nahiyyəsində bərk bir cisimlə vurulmuş zərbələr nəticəsində yaranmış bir neçə xəsarət (beş yerdə zərbə, bir yerdə isə kəllə sümüyü sınıb) qeydə alıblar.

Uşağın cinsi təcavüzə məruz qalmasına gəlincə, məhkəmə-tibbi ekspertizasının bu faktı təyin etməsi mümkün olmadı, çünki öldürülmüş qızın cəsədinin beldən aşağı hissəsi tamamilə yanmışdı.

Nərmin yoxa çıxdığı gün geyindiyi paltarda tapıldı. Qızın dırnaqları kəsilmişdi və istintaq-əməliyyat qrupunun üzvləri bunu onunla əlaqələndirdilər ki, qatil bunu qurbanın ona müqavimət göstərdiyi, bəlkə də cinsi əlaqə zamanı ona xəsarət yetirməməsi üçün edib.

 

Bütün bu müddət ərzində uşağın uzaq bir yerdə deyil, Dondar Quşçu kəndinin ərazisində olması ehtimal edildi. Məhkəmə tibbi ekspertizası Nərminin cəsədinin tapıldığı yerdə heç bir avtomobil təkərinin izini tapmadı. Lakin qatil(lər)in qurbanın cəsədini tikinti arabasında gətirdiyini göstərən izlər qeydə alındı. Cinayətkar cəsədi polietilin torbaya yerləşdirmişdi. Nərminin cəsədinin qalıqları 8 yanvarda dəfn edildi.

“Mənimlə gəl, sənə bir kitab verərəm”

Yanvarın 9-da istintaq-əməliyyat qrupu üzvlərinə uşağın İlkin Süleymanov tərəfindən öldürülməsi, tamamilə aydın oldu. O, subaydır. Moskva Dövlət Universitetində ali təhsil alıb, üç dildə (Azərbaycan, rus və ingilis) danışır. Rusiyada oxuyub, işləyib, amma son illərdə valideynləri ilə birgə yaşayıb.

Məsuliyyətdən yayınmağın heç bir mənası olmadığını başa düşən İ.Süleymanov qonşusunun qızını necə qaçırdığını etiraf etdi. Beləliklə:

21 noyabrda Nərmin əmisinin həyətindən çıxarkən İ.Süleymanovla qarşılaşıb. Kişi qızı aldadaraq evinə aparıb. Ona maraqlı bir kitab verəcəyini və qızı kimi baxacağını söyləyib. Əvvəlcə uşağı böyük evin birinci mərtəbəsindəki otağa gətirib, sonra onunla birlikdə ikinci mərtəbəyə qalxıb.

Qeyd edək ki, İ.Süleymanovun yaşlı valideynləri bu evin yaxınlığındakı kiçik evdə yaşayırlar. Dindirilmə zamanı onlar oğlanlarının tez-tez evə girdiyini gördüklərini etiraf ediblər, ancaq Nərmini orada gizlətməsini heç vaxt ağıllarına gətirməyiblər.

Təqsirləndirilən şəxs bildirib ki, Nərmin stuldan qalxaraq getmək istəyib, ancaq onu dayandırıb. Qız deyib ki, atası onu toya aparacağına söz verib (20 noyabrda qonşuda toy olub). Saxlanılan şəxsin bu ifadələri, qızın atası Şərif Quliyevin uşaq itdiyi gün polisə dedikləri ilə üst-üstə düşür, o, qızına onu toya aparacağına söz verdiyini bildirib.

 

Sonra qızın əllərini bağlayıb, ağzını skotçlayıb və soyuq çardaqda kilidləyib. Təcavüzkar qıza qidalanması üçün yaxınlıqdakı mağazadan az miqdarda aldığı peçenye və bulka verib. Mağazanın satıcısı İ.Süleymanovun hər iki-üç gündən bir ondan alver etdiyini təsdiqləyib.

Təqsirləndirilən şəxsin valideynlərinin dediyinə görə, onlar oğlanlarının çardaqda meyvə qurutduğunu düşünüblər. Və buna görə tez-tez dama qalxdığını düşünüblər.

İstintaq o qənaətdədir ki, oğurluq edən şəxs qurbana təcavüz edib, amma məhkəmə tibbi ekspertizasının müvafiq rəyi olmadığından faktı sübut etmək çətindir. Saxlanılan şəxs bunu qəbul etmir. Deyir ki, Nərmini “qızı kimi baxmaq üçün” evinə gətirib.

Məlumdur ki, qız çox zəifləyib və xəstələnib. O, soyuq çardaqda saxlanılıb. İstintaqın “Gecə Nərminin yanında yatırdın?” sualına İ.Süleymanov belə cavab verib: “Xeyr, orada yatmaq mümkün deyil, ora həddindən artıq soyuqdur”.

Hadisə yerindən Nərminə aid olduğu iddia edilən qan izlərinin nümünələri götürülüb. Saxlanılan şəxs qızın baş nahiyyəsində qeydə alınan dörd xəsarətin özü tərəfindən yetirildiyini iddia edib: “Əzab-əziyyət çəkdiyi üçün başını divara çırpırdı”. Ancaq qızın başına daşla vuraraq kəllə sümüyünü sındırdığını da etiraf edib.

Vacib bir detalı da qeyd edək: Oğru bütün müddət ərzində “Səni axtarıram” verilişini izləyib və Nərminin itkin düşməsində qohumlarının bir-birini ittiham etdiyini görüb. Beləliklə, istintaqın gedişatını izləyib və cinayətdə şübhəli bilinənlər arasında olmadığına əmin olub.

Qızın cəsədini yandırmasının səbəbini isə onunla izah edib ki, istintaqı çaşdırmaq istəyib, öldürülən qızın yaxınlarından şübhələnsinlər, deyə.

Saxlanılan şəxsin sözlərinə görə, polis daim hadisə yerində olub, qohumları və qonşuları dindirirmiş və o, bunu görürmüş. Süleymanov başa düşüb ki, qızı dərhal öldürsə, cəsəd iylənməyə başlayacaq və qoxu onu ələ verəcək.

Hüquq-mühafizə orqanlarından bildiriblər ki, İ.Süleymanovun yerli polisdə xidmət edən qohumunun tutulması barədə məlumat həqiqətə uyğun deyil. Polis əməkdaşı cinayətdə iştirak etmədiyi üçün saxlanılmayıb.

Bundan əlavə, kəndlilərin uşağın axtarışında iştirak etmək istəmədikləri qeyd edilib. Axtarışa kömək etmək əvəzinə, cib telefonları ilə “silahlanaraq” hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardığı axtarışları lentə alıblar…

Ramella İbrahimxəlilova, ayna.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər