NƏSİMİNİN HEYKƏLİ…

593

Böyük rəssam Vaqif Nəzərlinin xatirəsinə.

Bu Sumqayıtda dahi Nəsimiyə qoyulmuş heykəldir. İlk olaraq bu heykəl Nəsimi parkının girəcəyinə postamentsiz qoyulmuşdu. Sonradan əvvəlki yerindən 60- 70 metr məsafədə, əvvəlki yeri ilə
üzbə – üz, gördüyünüz postamentə qoyuldu. Deməliyəm ki, mən bura çox yaxın yerdə yaşadığımdan buralarda tez- tez oluram. Heykəl təzə qoyulanda qonşular, dostlar məndən soruşardılar:- doktor, baba Nəsimi əllərini belə açıb nə demək istəyir? Ümumiyyətlə onun belə duruşunun anlamı nədir? Məndən bunu bir də ona görə soruşurdular ki, onlar mənim bu abidənin müəllifi, Sumqayıt şəhərinin baş rəssamı Vaqif Nəzərli ilə dost olduğumu bilirdilər.
Vaqif Nəzərli dünya çapında rəssam idi. Azərbaycanın bir çox yerlərində, xüsusən Sumqayıtın müxtəlif yerlərində onun əsərləri qoyulub. Sumqayıtın simvolu olan və onu bu şəhərlə birlikdə yaşadacaq təkcə Göyərçin abidəsini misal gətirmək kifayətdir.
Bu, çox böyük istedad sahibi ilə dostluğumuz tuturdu. Ayağı yerə dəyməyən yaradıcı insanların ruhu yaxın olur. O, hərdən bir möhtəşəm əsəri ilə iş otağıma gəlib deyərdi, Hümbət, bu əsəri heç kimə verə bilmərəm, bunu yalnız sən məndən almalısan. Bu səbəbdən iş otağımın divarlarını onun təkrarolunmaz rəsm əsərləri, pannoları bəzəyir. Son dəfə yenə şedevr bir pannosu ilə gəlmişdi. Azərbaycan bayrağının rənglərinə uyğun üç qaçan Qarabağ atları! Vaqif müəllim baxdı ki, daha divarlarda yer qalmayıb, mənə yavaşca dedi: – doktor, siz bu əsəri məndən alıb Sumqayıtın tarix muzeyinə hədiyyə etməlisiniz! Bu böyük insanla razılaşmamaq günah olardı, elə də etdik.
Hərdən muzeyə yolum düşəndə, muzeyin əvəzedilməz müdiri, fədakar insan,
əməyinə və təfəkkürünə çox böyük hörmət bəslədiyim Olya İslamova mənim hədiyyəmi elə mənə də nümayiş edir.
Hə, xatirə bir az uzağa apardı.
Məndən heykəl barədə soruşanlara deməyə bir neçə öz versiyam var idi, amma müəllifin öz versiyası olmalıdır axı? Böyük Nəsimi bizlərə nə demək istəyir?
Mesaj nədir?
Bir gün təsadüfən bu heykəlin yanında Vaqif müəllimi gördüm, qucaqlaşıb görüşdük.
Dedim:- Vaqif müəllim, bütün şəhər( mübaliğə ilə danışmaq yazarların qanındadır) məndən soruşur ki, Nəsiminin heykəlini belə yaratmaqla nə demək istəmisiniz?
Təkrar edirəm, Nəsiminin heykəli əvvəl yerdən qoyulmuşdu, praktik olaraq elə üçümüz yanaşı dayanmışdıq; Nəsimi, Vaqif müəllim və mən. Vaqif müəllim mənim yaşadığım evi tanıyırdı, bizdə olmuşdu. Elə Nəsimi də üzünü mən yaşayan binaya tərəf tutmuşdu.
Vaqif müəllim özünəxas tərzdə gülərək dedi:- doktor cavab çox sadədir . Üzünü Nəsiminin heykəlinə tutub; -görmürsən, deyir ki, Hümbət, haradasan, gəl çıx də!
Bil ki, o, sən tərəfə baxıb, həmişə səni burada gözləyəcək!
Gülüşdük…
Bu gün Nəsiminin heykəlinə yaxınlaşdım. İkimiz idik.
Nəsimi babamız əllərini daha da geniş açıb məndən öz müəllifini, Vaqif Nəzərlini soruşdu. Dedim ki, o böyük sənətkar artıq əbədiyyətə qovuşdu. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Nəsimi babamızla eyni anda ah çəkdik!
Heykəlin yeri dəyişdirildiyindən Nəsimi babamız artıq mənim yaşadığım tərəfə deyil, əks istiqamətdə, Vaqif Nəzərlinin getdiyi istiqamətə baxır. Əbədi heykəl, öz əbədiyyətə qovuşmuş müəllifinin arxasınca elə əbədi olaraq da baxacaq!

Sumqayıt şəhəri, 5 may 2020-ci il.

Hümbət Həsənoğlu, Həkimyazar

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər