“Nəslində intihardan ölən varsa…” – PSİXİATR GÜNÜMÜZÜN BƏLALARI HAQDA DANIŞIR

1578

Günümüzün ciddi problemlərindən biri də depressiyadır. Əhval-ruhiyyənin pozulması ilə özünü göstərən bu xəstəlik, hesablamalara görə, hər 20 insandan birinə təsir edir. Depressiyanı müxtəlif amillər yarada bilir. Nədən yaranmasından asılı olmayaraq, depressiya günlük həyat tərzimizə mənfi təsir edir. İnsanın fəaliyyət qabiliyyətini aşağı salır, rahatlığını əlindən alır. Hətta depressiya səbəbindən astma, ürək-damar, xərçəng, şəkər, artıq çəki kimi xəstəliklər inkişaf edə bilir. Mütəxəssislərin araşdırmalarına görə, depressiya müalicə olunmadıqda aylarla, hətta illərlə sürə bilir. Bəs depressiyada olduğumuzu necə anlaya və ondan yaxamızı necə qurtara bilərik?

Mövzu ilə bağlı psixiatr Ruslan ƏliyevinLent.az -a müsahibəsini təqdim edirik.

Həkimlə müsahibədə dövrün bəlası sayılan depressiyanın səbəbləri və müalicəsi ilə bağlı məsələləri araşdırmağa çalışdıq.

– Depressiyada olduğumuzu hansı əlamətlərlə hiss edə bilərik?

– İnsanların 12-15 faizi həyatı boyunca ən azından bir dəfə depressiv dönəm keçirir.

Bəzən yoruluruq, halsız oluruq. Bu o demək deyil ki, depressiyadayıq. Depressiyanın 9 əlaməti var və bunun bir neçəsi birlikdə göründüyü zaman diaqnoz qoyulur. Əhval-ruhiyyənin yaxşı olmaması, həyatdan, əvvəlki alışqanlıqlarından zövq almamaq, enerjinin olmaması, diqqətin və yuxunun pozulması, intihar və dəyərsizlik düşüncələrinin yaranması və s. Ən önəmli məsələ funksionallığın pozulmasıdır. İnsan əsəbi ola bilər, amma funksionallığı yerindədirsə – işləməyində problem yoxdursa və s. depressiya sayılmır. Pasiyentlərin çoxu depressiya və həyəcan pozuntusu şikayətləri ilə gəlirlər.

– Depressiyanın müalicəsi necə aparılır?

– Həm dərmanlarla, həm də terapiya – danışmaqla müalicə etmək olur. Pasiyentlərə problemlə başa çıxmağı öyrədirik. Amma bunun üçün çox incə detallara kimi işləmək lazımdır. Hər biri 40-50 dəqiqə çəkən 10-15 seans şəklində müalicə aparılır. Bizdə terapiya deyən kimi insanlar o dəqiqə qiymətini hesablayırlar. Dərmanla müalicə bir az ucuz, amma effektiv metoddur. İnsanın özünü hüzurlu və xoşbəxt hiss etməsi lüks bir şeydir. Keyfiyyət üçün pul, maddiyyat ayrılmalıdır. Yaşanılan hər hansı problemdən depressiya baş verdiyi kimi, səbəbsiz də depressiya ola bilər. Bu da genetik amillərlə bağlıdır.

 İntiharlar həqiqətən artıbmı? Müalicə ilə intihar düşüncəsini beyindən çıxarmaq olarmı?

– İntiharlar indi artmayıb. Əvvəllər də olub. Sadəcə, indi informasiyalar artıb.

Pasiyentdə problem olduğunu hiss etdikdə dolayı yollarla intihar düşüncəsinin olub-olmadığını soruşuruq. Bəzən insan həyatdan bezir, ölməklə canının qurtaracağını fikirləşir. İntiharı beyninə qoyan insan araşdırır. Daha asan yolu tapmağa çalışır. Əgər bir pasiyentin nəslində kimsə intihardan dünyasını dəyişibsə, həmin adamı artıq çox ciddi nəzarətə götürürük.

Onu da qeyd edim ki, dinin intiharların qarşısını almaqda çox böyük gücü var. İslamda intihar etmək günah olduğu üçün bu amil inanılmaz qoruyucudur. Təbi ki, fanatizmdən danışmıram. Alkoqol və narkotikdən istifadə də intihar düşüncələrini artıra bilir.

– Günümüzün aktual problemlərindən biri də yuxusuzluqla bağlıdır. Hansı amillər yuxuya təsir edir?

– Həyəcan pozuntusu varsa, yuxusuzluq olacaq. Tutaq ki, oğlu xaricdə oxumağa gedən ana var. Çox həyəcanlı insan olduğu üçün bütün günü oğlunun başına nəsə gələcəyini düşünür. Belə düşüncə onu yatmağa qoymayacaq. Davamlı sosial şəbəkə vasitəsilə oğlu ilə danışmaq istəyəcək. Bu da qətiyyən normal davranış deyil. İnsan bilməlidir ki, hadisə insanın başına harda olmağından asılı olmayaraq gələ bilər.

– Son zamanlar bipolyar pozuntu probleminin də geniş yayıldığı bildirilir. Bu xəstəliyin əsas əlamətləri və çarəsi nədir?

– Maraqlı xəstəlikdir. Emosiyaların iki əks qütblü dəyişiklikləri ilə səciyyələnir. Cek Londonun, Jan-Klod Van Dammın bu cür pozuntudan əziyyət çəkdiyi düşünülür. İki qütblü bir xəstəlikdir. Biri enerjinin çox artması, digər qütbündə isə enerjinin düşməsi ilə müşahidə olunan xəstəlikdir. Enerji yüksələndə bu pozuntudan əziyyət çəkən adam az yatır. Az yatsa da, həmin insanlar yorğun olmaq əvəzinə çox hərəkətli olurlar, çox danışırlar. Tanımadığı insanlarla söhbət edir, bütün dərdini danışır. Çox pul xərcləyir. Borca girir və çoxlu alış-veriş edir. Ya çox əsəbi ola bilir. Özlərini çox önəmli adam kimi görə bilirlər. Hətta Mehdi olduğunu düşünənlər olur. Bu əlamətlər insanda bir həftədən çox çəkərsə, ona bipolyar pozuntu diaqnozu qoyulur. Xəstəliyin ikinci forması depressiya ilə müşayiət olunur. İnsan kədərli olur, hal-hərəkəti olmur. Orqanizmdə heç bir xəstəliyi olmadığı halda insan özünü halsız hiss edir. Yataqdan çıxmaq istəmir. Biz buna anergiya deyirik – enerjinin olmaması.

– Sosial şəbəkələrdə çox vaxt keçirməyin, lazımsız informasiyaların psixologiyamıza nə kimi təsirləri var?

– Çox mənfi təsiri var. Artıq internet asılılığı deyilən bir sindrom yaranır. Münasibəti pozur, telefonsuz qalma qorxusu yaranır. İnternet asılılığı hələ ki, psixiatriyaya daxil olmasa da, yavaş-yavaş daxil olacaq. Çünki ciddi problemdir. Deyək ki, şəkil qoyuram, bəyənilirəm, məşhuram, amma həyatda çox görüşdüyüm insan yoxdur. Davamlı bəyənilmə hissi insanı depressiyaya salır, xarakter pozğunluğu, narsisizm kimi pozğunluqlar meydana çıxır.

Sosial şəbəkələrdə, işdə davamlı olaraq bir siqnala məruz qalanda beyin yorulur. Beyin yorulduqdan sonra diqqət azalır. Başqa siqnalları qəbul etməyimiz çətinləşir.

– Əhval-ruhiyyəmizi yüksək saxlamaq üçün nə tövsiyə edirsiniz?

– İnsan zövq aldığı işlə məşğul olmalıdır. Özünə hörmət qoymalıdır. İşinə peşəkar yanaşmalıdır. Həyata bağlanmalı, bir məşğuliyyəti olmalıdır. Sevdiyi insanlarla tez-tez zaman keçirməlidir. Musiqi ilə maraqlanmaq, filmləri izləmək olar. Özünü inkişaf etdirmək vacibdir. Zövq almadıqdan sonra maddi qazancın nə mənası var? İdmanla məşğul olmaq yaxşı əhval-ruhiyyə üçün çox faydalıdır. Xanımlar işləsinlər. Bu, çox faydalıdır. Çünki işləmək özünü faydalı hiss etməyin bir yoludur. Hamı təhsil almağa məcbur deyil. Müxtəlif məşğuliyyətlər tapmaq mümkündür. Həyatdan zövq almaq bizim düşüncələrimizlə bağlıdır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər