Ölümdən sonra orqanlar necə bağışlana bilər? – Qaydalar

293
Azərbaycanda orqanların canlı donorla yanaşı meyitdən köçürülməsi ilə bağlı qanun layihəsi parlamentdə müzakirə olunur.
Sentyabrda qəbul ediləcəyi gözlənilən qanun layihəsi bu sahədə qəbul olunan ilk sənəd olmayacaq.
1999-cu ildə qəbul olunan “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda da meyitdən orqan köçürülməsinə icazə verilib, lakin bu, elə kağız üzərində də qalıb.
Millət vəkili, parlamentin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib ki, indiyədək Azərbaycanda meyitdən orqan köçürülməyib. Onun sözlərinə görə, hazırkı qanun qəbul olunan zaman dünyada orqan transplantasiyası təcrübəsi geniş yayılmamışdı, ona görə də qanunun yenilənməsi vacibdir:
“Köhnə qanunda sadəcə qeyd olunurdu ki, orqan meyitdən də köçürülə bilər, amma şərtləri və normaları qeyd olunmamışdı. Yeni qanun layihəsində isə konkret şərtlər, vəsiyyətnamə forması, protokollaşma, orqan köçürülməsi ilə məşğul olan mütəxəssis və klinikalara tələblər və s qaydalar konkret göstərilir”.
Kimlər donor ola bilər?
Donor orqan canlı insandan köçürülərsə transplantasiya nə onun, nə də orqan köçürüləcək şəxsin həyatına təhlükə törətməməlidir.
Bu zaman donor hərtərəfli tibbi müayinədən keçirilir və həkim mütəxəssislər rəy verir.
Hazırkı qanunda deyilir ki, 18 yaşından aşağı adamlar ancaq sümük iliyi donoru ola bilərlər, onlardan transplantasiya məqsədilə digər orqan və toxuma götürülməsi isə qadağandır.
Yeni qanun layihəsində isə 1 yaşından yuxarı uşaqların da donor olmasına icazə verilməsi təklif olunur.
Həbsdə olan şəxslərdən, hərbi əsirlərdən və ruhi xəstələrdən transplantasiya məqsədilə orqan və ya toxuma köçürülə bilməz.
Hər hansı şəxsi orqan və ya toxumalarının götürülməsinə məcbur etmək qanunla qadağandır və cinayət məsuliyyəti daşıyır.
Ölümündən sonraorqanlar necə bağışlana bilər?
Meyitdən orqan köçürülməsi üçün bir neçə variant var.
Əgər şəxs sağlığında orqanlarının bağışlanılması haqqında vəsiyyətnamə verirsə, bu zaman onun ölümündən sonra orqanlarının köçürülməsi üçün heç kimdən əlavə icazə almağa ehtiyac olmayacaq və yaxın qohumları buna imtina edə bilməz.
Şəxs sağlığında orqanlarının bağışlanılmasına etiraz etməsi haqda da vəsiyyətnamə verə bilər. Bu zaman şəxsin ölümündən sonra heç bir halda, yaxın qohumları meyitdən orqan götürülməsini təklif etsə belə, donorluq mümkün olmayacaq.
Əgər şəxs sağlığında nə təsdiq, nə də imtina haqqında vəsiyyətnamə verməyibsə, bu zaman ölümündən sonra orqanlarından istifadə etmək üçün yaxın qohumlarının icazəsi tələb olunur. Bu icazəni yalnız birinci dərəcəli qohumlar – ata, ana, bacı, qardaş, ər və ya arvad verə bilər.
Yeni qanun layihəsinə əsasən, bu qohumlardan birinin icazəsi kifayət edəcək, yəni, onlardan biri orqan köçürülməsinə icazə versə, digərinin imtina etməsi rol oynamayacaq, çünki “məsələ donor orqanı gözləyənin xeyrinə həll edilməlidir”.
Kimsə ölümündən sonra orqanlarının bağışlanması haqda vəsiyyətnamə verirsə, lakin sonra fikrini dəyişirsə, vəsiyyətnaməni ləğv edə bilər.
Şəxsiyyəti bəlli olmayanların orqanları isə heç bir halda köçürülə bilməz. Əgər ölən şəxsin yaxınları cəsədin kimliyini müəyyən etmirsə, bu zaman meyitdən orqan götürülmür.
Hansı orqanlar köçürülə bilər?
“İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunda deyilir ki, ürək, ağ ciyər (ürək-ağ ciyər kompleksi), böyrəklər, qara ciyər, mədəaltı vəzi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfındən müəyyən edilən digər orqan və (və ya) toxumalar transplantasiyanın obyekti ola bilərlər.
Bu qanun reproduksiya vasitələrinə və bu məqsədlə istifadə edilən orqanlara, onların hissələrinə və toxumalara (yumurta hüceyrələri, sperma, yumurtalıq, xaya və ya embriona), eləcə də qan və onun komponentlərinə şamil edilmir.
Donorlar necə bilinəcək?
Musa Quliyev söyləyib ki, donorla bağlı bütün məlumatların yerləşdirildiyi məlumat bankı yaradılmalıdır. Bu, kimin donor olduğu, kimin orqan gözlədiyi, hansı orqanın donorluğa hazır olduğu kimi məlumatları özündə birləşdirəcək.
“Məsələn, kimsə notariusda orqanlarının bağışlanması barədə vəsiyyətnamə yazırsa, onun bütün məlumatları, tibbi göstərişləri avtomatik rejimdə orqan köçürülməsi reyestrində qeyd olunmalıdır.
Mərkəzləşdirilmiş elektron şəbəkə ona görə lazımdır ki, məsələn, Qazax rayonunda bir nəfər donor orqan gözləyir, Lerik rayonunda isə bir nəfər qəzaya düşübsə, onların tibbi göstəriciləri yoxlanılır, uyğun gələndə isə soyuducu ilə təcili oraya aparılacaq və köçürüləcək”, – millət vəkili deyib.
“Ailəm icazə verməz”
28 yaşlı Aynur Məmmədzadə deyir ki, ölümündən sonra orqanlarının bağışlanılmasını istəyər, amma ailəsinin buna qarşı çıxacağını düşünür.
“Məncə əgər ölmüşəmsə, o orqanlar mənə lazım olmayacaq, qoy, heç olmasa kiməsə kömək etsin. Amma məncə ailəm buna icazə verməz. Bir dəfə tam açıq deməsəm də, evdə bu barədə danışdım. Gördüm ki, anamın dini baxışları orqanın vacibliyini başa düşməsinin qarşısına keçir”.
Harada orqan köçürülməsi aparıla bilər?
Orqan köçürülməsi yalnız Səhiyyə Nazirliyinin müəyyən etdiyi klinikalarda həyata keçiriləcək və müəyyən standartlara cavab verəcək.
Hazırkı qanunda orqan transplantasiyasının respublika üzrə 4 xəstəxanada – M.M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxana, Mərkəzi Gömrük Hospitalı, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Oftalmologiya Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanasında aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər