“Özünlə oynadığın oyunun qalibi də özünsən, məğlubu da” – ANAR QASIMLI YAZIR

1608

Görünən odur ki, böyük əksəriyyət koronavirus pandemiyasının real təhlükə olmasına inanmır və bunu oyun hesab edir. Oyun demişkən, fikrimcə, bu düşüncədə olanlar özləri uşaq kimi özləri ilə oyun oynayırlar. Öz sağlamlıqları ilə, öz həyatları ilə. İstənilən oyun ya qələbəylə, ya məğlubiyyətlə, ya heç-heçə ilə bitər, yaxud da nəticələri ləğv olunar, çeşidli səbəblərdən baş tutmamış sayılar.

Heç kəsə arzulamıram özü-özüylə oynadığı oyunun qurbanı olsun. Başqasıyla oynadığın oyunda qalib gələ bilərsən, amma özünlə oynadığın oyunun qalibi də özünsən, məğlubu da. Bütün məsuliyyətli insanlara başqalarının öz-özünə oynadığı oyunun qurbanı olmamağı arzulayıram.

“Koronavirus yoxdur”, “məqsəd maska satmaqdır”, “virus kafedə var, metroda yoxdur?” və s. deyənlərin söylədikləri gəlişi gözəl sözlərdir, adi əks arqumentlərlə yaşamaq haqqını itirir. Dövlət insanları aylarla evdə saxlaya bilməz, dövlət metro və digər ictimai nəqliyyat vasitəsininin fəaliyyətini aylarla dayandıra bilməz. Bu nə hüquqi, nə iqtisadi, nə də sosial baxımdan mümkün deyil. Həyat davam edir. Məhdudiyyətlər daimi ola bilməz. Eyni zamanda bütün məhdudiyyətlər də birdən-birə aradan qaldırıla bilməz. Dövlət metronu açırsa, bu o demək deyil ki, pandemiya bitdi. Dövlət yoluxma təhlükəsi çox olan metronu açır, metrodan istifadənin yeni şərtlərini müəyyən edir, əvəzində məktəbləri açmır, ictimai-iaşə müəssisələrinin fəaliyyətinə qismən məhdudiyyət tətbiq edir, toy şənliklərini , yas mərasimlərini məhdudlaşdırır. Dövlət çalışır ki, insanlar yoluxma təhlükəsi daha çox olan yerlərdə az olsunlar, belə yerlərdə olduqda isə, maksimum qorunsunlar. Metro işləməsə, Bakı hansı vəziyyətdə olar? Amma şadlıq evlərinin işləməməsinin Bakıya elə də isti-soyuğu yoxdur. Təbii ki, bu məhdudiytətlərin də başqa iqtisadi fəsadları var, bunu inkar etmirik.

Məqsəd maska satmaqdırmı? Maska monopoliyası varmı? Bakıda şadlıq evlərinin bir günlük gəlirləri ilə bütün ölkədə gün ərzində satılan maskalardan gələn gəlirləri təxminində olsa müqayisə edə bilirsinizmi? Maska satışından gələn gündəlik gəlir, şadlıq evlərinin, kafe restoranların parklama xidmətindən gələn gəlirlə də müqayisə oluna bilməz. Əhalinin sağlamlığını düşünməyən dövlət, onun “monopolis”, “yalnız öz ciblərini düşünən” məmurları türklər demiş, maska peşinə düşüncə açar kafe-restoranları, şadlıq evlərini, mərasim zallarını oradan qazanar, üstəlik, şərt qoyar ki, toyda hamı, hətta, bəy-gəlin də maska taxmalıdır.

Apteklərdə 30 qəpiyə satılan maskanın qiymətindən də çoxları narazıdır. Əlbəttə, qiymətlər nə qədər ucuz olsa, bir o qədər narazıdır. Amma o narazı çoxlarının çoxları hər gün ən azı bir qutu siqaret çəkir. Siqaretin orta qiymətinin 3 manat olduğunu qəbul etsək, bu 10 ədəd maskanın puludur. Orta statistik ailənin 5 nəfərdən ibarət olduğunu düşünsək, bu hər ailə üzvünə gündə 2 maska deməkdir. Necə olur ki, sağlamlığınıza ziyan olan siqaretə ürəklə pul xərcləyə bilirsiniz, amma sizin sağlamlığınızı qoruyan tibni maskalara yox?!

Metroda polis əməkdaşları ilə sərnişinlər arasında yaranan qarşıdurmanı oradakı qadınlardan biri “kiçik qələbə” adlandırdı. Əslində isə, bu böyük rəzalət idi. Bu hamının hamıya qarşı məsuliyyətsizliyidir. Pandemiya şəraitində anvaq tibbi maskalardan istifadə faydalı ola bilər, başqa maskalardan istifadə yersizdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər