Özünü öldürmə həddi

1574

Lüksembruqla oyunun səhərisi günü kəndimizə getdim. Bakının əsəbindən, stressindən uzaqlaşdım. Düzü, özümə söz vermişdim ki, həmin rəzalətdən heç nə yazmayım. Necə ki, oyundan əvvəl millimizin həm Qatarla, həm də Lüksemburqla oyununu gözardı etmiş, hörmətli oxucuların əhvalını korlamamaq üçün bu mövzulara toxunmamışdım. Bir şeydən əmin idim ki, bizimkilər həmin qarşılaşmaların ikisindən də qalibiyyətlə ayrılsa belə, mahiyyət etibarıyla bunu ciddi irəliləyiş kimi qəbul edə bilməyəcəm. Lüksemburqun başımıza açdığı oyun həm də bizim xeyrimizə oldu. Artıq bundan sonra Azərbaycanda kimsə Berti Foqtsun millimizdə ciddi nəyişəsə dəyişdirəcəyinə, sistemli uğurlar qazanıcağına çətin ki, inana. Elxan Məmmədovun sözü olmasın, kim nə deyir, desin, Foqt bizim yığmamıza heç nə qazandırmayıb. Əksinə, müstəqilliyimizin ilk illərindən bəri futbolumuzda olan-qalan yaxşı nə vardısa, elə Foqtsun nağıllarıyla onları da itirdik. Müqayisə üçün yığmamızın 10 il bundan əvvəlki oyunlarının videolarına baxın. Deyirdilər, alman çalışdırıcı millimizə nizam-intizam gətirib. Maşşallah, Elnurla Mahirin kubokun finalında atdığı şıllaqlar bu mifi də heç elədi. Cəmisi 10 gün əvvəl bir-birinin qanını içməyə hazır görünən futbolçuların hər ikisi Lüksümeburqla oyunda start heyətdə yer almışdılar. İlqar Qurbanovun hamburger yeməsinə üsyan edən herr Berti, hara getdi alman intizamı? Yaxşı, bunu qoyaq bir kənara. Başqa bir xatırlatma edim: Vaqif Cavadovun növbəti driblinqini lüksemburqlu müdafiəçilər kobudluqla dayandıra bildilər və “zərərçəkən” hakimin təyin etdiyi cərimə zərbəsini yerinə yetirmək üçün dərhal topun başına keçdi. Lakin onun bu “özbaşınalığı” Mahir Şükürovun xoşuna gəlmir, ağsaqqal əliylə Cavadovu bir kənara itələyib, zərbəni özü vurur və top “canlı səddən” geri qayıdır. Həmin epizod iki vacib məqamın göstəricisidir. Əvvəla, artıq millinin düşərgəsində iddia olunduğu kimi dəmir nizam-intizam yoxdur. İkincisi, Foqtsun komandasında standart zərbələrin yerinə yetirilməsiylə bağlı ciddi böhran var, əvvəlcədən düşünülmüş hansısa “ev tapşırığı” hazırlığı görünmür. Halbuki, Türkiyə yığmasını Bakıdan məhz Vaqif Sadıqovun Azərbaycan futboluna gətirdiyi özünəməxsus künc zərbəsi taktikası sayəsində əliboş yola salmışdıq. Üstəlik, “dişsiz” yığmamızın müdafiədə hədsiz intizamlı oynayan Lüksemburqu cəzalandırmaq üçün bu məqama diqqət yetirməsi, standart vəziyyətlərdən maksimum diqqətli yararlanması tələb olunurdu. Bəs, bizimkilər neyniyirdi? Rəqib qapıçı Juber meydanda olanların içində ən cüssəli fiqur idi. Adətən belə qapıçılar havayla vurulan zərbələri tutmaqda çətinlik çəkmirlər, əksinə yerlə gələn toplar onlar üçün problem yaradır. Millimizin futbolçuları isə sanki bundan bixəbər kimi bir qayda olaraq bütün künc zərbələrini havayla “çərçivəyə” göndərirdilər. Ümid edirdim ki, bu nöqsanı fasilədə herr Berti yetirmələrinin nəzərinə çatdıracaq, ikinci hissədə fərqli mənzərə izləyəcəyik. Deyəsən, bizim tribunadan aydın gördüyümüz qüsurları Foqts ehtiyat oyunçular skamyasından görə bilmirmiş. Yoxsa, fasilədən sonra da oxşar ssenarinin davamına şahidlik etməzdik. Ayıbına kor olmaq istəməyən çalışdırıcının mətbuat konfransında bu haqda sualıma “yalnız xokkeydə topu qapıya yerlə vururlar” deyərək cavab verməsi isə həyasızlığın son həddi idi. Əvvəlcədən AFFA rəsmisi Mikayıl Nərimanoğlunun “konfransı mübahisəyə çevirib, dava salmayın” xahişinə razılıq verməsəydim, özündənrazı almana “bəs, Türkiyəni yerlə vurulan künc zərbəsiylə məğlub edəndə niyə sinəni irəli vermişdin, axı bu xokkey üsuludur” deyərdim. Onsuz da Foqtsun azərbaycanlı jurnalistlərin suallarına sərsəm cavablar verməsinə adət etmişik. Vaqiflə Arazın cinahlarını qəsdən dəyişik salması isə şəxsən mənə məqsədli addım təsiri bağışladı. Çox güman ki, hiyləgər çalışdırıcı Arazın oyununun özünə yad olan cinahda alınmayacağına ümid edərək, sonradan “bu da sizin Arazınız” deyib, bizə acıq verməyi hədəfləyirmiş. Yaxşı ki, Araz Ruslanın fərqləndiyi epizodda verdiyi gözəl ötürməylə Foqtsun ağzını yummağı bacardı. Gün gələcək, Asif Məmmədovun da millimizə yolu açılacaq, onda herr Bertinin futbolçu seçimində yanıldığı bir daha sübut ounacaq. Almaniyadan bura bəhbəhlə gətirilən Rüfət Dadaşov yarımhəvəskar müdafiəçilərin “ofsayd torundan” 90 dəqiqə ərzində qurtula bilmədisə, deməli özü heç bir qram da peşəkar deyil. Əgər, Azərbaycan millisi azı iki ildir özünə sifarişlə klub tapan Subaşiçə möhtac qalıbsa, bu ölkədə futbolun birdəfəlik ləğv olunması lazımdır. 8 il bundan əvvəl futbolunu inkişaf etdirmək üçün dövlət proqramı imzalan ölkədə Subaşiçə xilaskar gözüylə baxılması rəzalətdir. Hanı sizin 8 il ərzində yetişdirdiyiniz futbolçular? Həmin futbolçuları Lüksemburqla oyunda belə görə bilmədiksə 2016-cı ilin finalından bəhs edib, bizi avam yerinə qoymayın. Yazının əvvəlində qeyd etdiyim kimi, milli mövzusunda yazmayacaqdım. Amma kəndimizdə futbol azərkeşi kimi tanınan tanışlardan birinin “həmin axşam utandığımdan intihar etməyi düşünürdüm” sözlərinə biganə qala bilmədim. İyunun 7-dən sonra baş verən intihar olaylarını araşdırmaq lazımdır. Ola bilsin, həqiqətən də kimsə Lüksemburqun əlində aciz qalan yığmamızın halına dözə bilməyib, intihar edib. O zaman Berti Foqtsa və AFFA rəhbərliyinə “özünü öldürmə həddinə çatdırma” maddəsiylə cinayət işi açılmalıdır.

 

Amal Abuşov, “Futbol+”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər