Özünüməşğulluq proqramı ilə biznes quranlar- Sumqayıtdan reportaj

282

Sahibkarlar bildirirlər ki, onların bir zamanlar xəyal olaraq düşündükləri reala çevrilib…

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  özünüməşğulluq proqramı çərçivəsində Sumqayıt şəhərində vətəndaşlara material, avadanlıq formasında verilən aktivlərin vəziyyəti və bu istiqamətdə görülən işlər barəsində ictimaiyyəti daha geniş məlumatlandırmaq üçün mediatur təşkil edib.

“Yeni Müsavat”ın əməkdaşının da qatıldığı mediaturda jurnalistlər 3 ayrı sahibkarın fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, prezident İlham Əliyevin tapşırığına əsasən icra olunan özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara mal və materiallar formasında aktivlərin verilməsi prosesi davam edir.

Jurnalistlərə  özünüməşğulluq proqramının icrası işləri barədə də ətraflı məlumat verilib. Bildirilib ki, aztəminatlı ailələrin kiçik biznesə çıxışına və ailə gəlirlərini artırmalarına imkan yaradan özünüməşğulluq proqramının ildən-ilə xeyli genişləndirilməsi təmin edilir:

“2018-ci ildə əvvəlki illə müqayisədə 6 dəfədən çox olmaqla 7 mindən artıq insanın cəlb edildiyi bu proqramın cari ildə 10 minədək insanı əhatə etməsi nəzərdə tutulub. Cari ilin ötən dövründə artıq 3500-dən çox şəxsə özünüməşğulluq proqramı çərçivəsində aktivlər verilib və onlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını qurublar. Proqramın icrasında əlilliyi olan şəxslərə, şəhid ailələri üzvlərinə, məcburi köçkünlərə, aztəminatlı ailələrin və digər həssas qrupların, tərkibində sağlamlıq imkanları məhdud uşaqlar olan ailələrin, çoxuşaqlı ailələrin üzvlərinə və digər həssas qruplardan olanlara üstünlük verilir.

Özünüməşğulluq proqramının icrası və proqrama cəlb edilənlər, onların aktivlərlə təminatı barədə bütün məlumatların ictimai açıqlığı  da təmin edilib və qeyd edilən sahədə güclü ictimai nəzarətə şərait yaradılıb. Bu məqsədlə proqramın iştirakçıları və onların aktivlərlə təminatına dair bütün məlumatlar nazirliyin “e-sosial” internet portalının (https://e-sosial.az/#/eServices) “Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilmiş şəxslər barədə məlumat” alt bölməsində yerləşdirilib. Aktivlərlə təminat prosesi davam etdikcə müvafiq məlumatların da portalın qeyd edilən şəxslərin hər biri ilə bağlı ayrıca kabinetlərdə yerləşdirilməsi davam etdirilir. Bu məlumatlara proqram iştirakçılarına aktivlərin təqdim edilməsi zamanı onların razılığı və iştirakı ilə çəkilmiş, aktivlərin keyfiyyətini də əks etdirən video və fotomateriallar da aiddir”.

Mediatur iştirakçıları Sumqayıt şəhərində proqrama cəlb edilmiş Mirkamil Heydərova oyun zalı və Aytən Məmmədovaya dərzilik üçün müvafiq ləvazimatların verilməsi prosesini izləyib, aktivlərin keyfiyyətini nəzərdən keçiriblər. Mirkamil Heydərov bildirib ki, ona nazirlik tərəfindən televizorlar, oyun avadanlıqları, kondisioner və stol-stul verilib. O, qeyd edib ki, yalnız yeri özü tapıb:

“Nazirliyə müraciət etdim, müvafiq prosedurlardan keçdikdən sonra mənə lazım olan avadanlıqlar verildi. Hazırda öz biznesimi yaratmışam. Bunun üçün əməyi keçən hər kəsə təşəkkür edirəm”.

Aytən Məmmədovaya da tikiş maşınları, ütü stolu, kəsim stolu və digər tikiş üçün lazım olan avadanlıqlar verilib. A. Məmmədova bildirdi ki, nazirliyə müraciətindən öncə evdə dərziliklə məşğul olub:

“Ev şəraitində avadanlıqlarım mövcud olmadığı üçün dərzi kimi sadə işlər görürdüm. Lakin indi artıq özünüməşğulluq proqramının sayəsində öz işimin sahibiyəm, işçilərim var. Hazırda bütün növ geyimləri tikə bilirik. Arzularım gerçək olub. Buna görə də cənab prezident başda olmaqla, əməyi keçən hər kəsə minnətdaram”.

Sonra isə daha bir Sumqayıt sakininin – Əli Nəbiyevin proqram çərçivəsində aktivlərlə (mebel sexi üçün materiallar) təminatına baxış keçirilib. Ə. Nəbiyev bildirib ki, o, Qarabağ əlilidir və nazirlik tərəfindən ona taxta kəsmək üçün aparat verilib. Söylədi ki, artıq sifarişlərini alıb, işlərini lazımi qaydada görə bilir.  Hər üç proqram iştirakçısı verilən aktivlərdən razı qaldıqlarını bildirib və bununla bağlı tərtib olunmuş aktda da qeyd ediblər.

Proqram iştirakçıları və onların ailə üzvləri  KİV nümayəndələri ilə söhbət əsnasında dövlətin bu dəstəyindən razılıqla bəhs edərək, dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Onlar yaradılan bu imkandan maksimum faydalanacaqlarını,  verilmiş aktivlər hesabına yenicə yaradılmış kiçik ailə  təsərrüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər