“Pepe elə bildi ki, ondan forma istəyirəm” (MÜSAHİBƏ)

1054

Onun məni danlamasından söhbət gedə bilməz.

Azərbaycan yığmasının və “Sumqayıt”ın hücumçusu Pərdis Fərcad-Azad apasport.az saytına müsahibəsində millimizin son rəsmi oyunları ilə bağlı fikirlərini açıqlamaqla yanaşı,  yığmanın son matçında aldığı zədədən sonrakı son durumu barəsində də açıqlama verib.
– Lüksemburq və Portuqaliya ilə görüşlərdə iştirak etdiz. Bu qarşılaşmalarla bağlı düşüncələriniz necədir? 
– Lüksemburqla oyun çətin keçdi. Çünki orda meydançanın durumu pis idi. Bununla belə, ilk hissədə çox yaxşı çıxış etdik. Yeganə çatışmayan cəhət qol vura bilməməyimiz idi. Lüksemburq evdə oynadığından, nəyin bahasına olursa-olsun, bizdən xal qoparmağa çalışırdı. Rəqibin bu üzdən fasilədən sonra bir neçə qol şansı oldu. Düşünürəm ki, Portuqaliya ilə qarşılaşmada da yaxşı təsir bağışladıq. Ancaq hakimin Rauf Əliyevə göstərdiyi qırmızı vərəqə matçın axarına təsir etdi. Məhz azlıqda qaldıqdan sonra portuqaliyalılar bizə 2 qol vura bildilər.

– Lüksemburqla oyunda millidə rəsmi debüt etdiniz. Bu görüşdə qol vurmağa yaxın idiz… 
– Hə, elədir. Ancaq vurduğum baş zərbəsi bəxtsiz şəkildə qapı dirəyinə tuş gəldi. Həmin matç ilk rəsmi oyunum olduğu üçün fərqlənməyi çox istəyirdim.

– Qarşılaşma qurtardıqdan bir az sonra sizi Portuqaliya yığmasının paltardəyişmə otağından çıxan gördük. “Real”ın müdafiəçisi Pepe ilə şəkil çəkdirməyə, yoxsa ondan forma almağa getmişdiniz? 
– Yox. Forma almağa getmişdim. Şəkil çəkdirmək məqsədim olmayıb.

– Necə oldu ki, Pepedən forma almaq istəyinə düşdünüz? 
– Mən meydana daxil olduqdan sonra onunla tez-tez üzə gəlirdim. Epizodlardan birində onunla mübarizə zamanı dizimdən zədələndim. Həmin vaxt Pepe mənə yaxınlaşıb “hər şey qaydasındadır” soruşdu. Belədə aramızda dialoq yaşandı. O elə başa düşdü ki, mən meydançada ondan forma almaq istəyirəm. Mən isə Pepeyə dedim ki, sonra səndən forma almağa gələcəm. O isə “problem yoxdur, gələrsən, verərəm” dedi. Belədə ora getdim və formalarımızı dəyişdik.

– Kriştianu Ronaldonu həmin vaxt paltardəyişmə otağında gördüzmü? Ondan da forma istədinizmi? 
– Yox, mən orda olanda Ronaldonu görmədim.

– “Qarabağ”ın yarımmüdafiəçisi Namiq Yusifov deyib ki, Pərdis Pepeyə elə baxırdı ki, sanki atasına baxırdı… 
– Vallah, həmin yazını oxumamış bir söz deyə bilmərəm. Bəlkə həmin futbolçu belə demək istəməyib.

– Oyundan sonra milli komandanın avtobusuna niyə gecikmişdiz? Deyilənə görə, Kamran Ağayev gecikdiyiniz üçün sizi danlayıb? 
– Bu gecikmə Pepedən forma almağımla bağlı deyildi. Sadəcə, özümüzün paltardəyişmə otağından çıxdıqdan sonra jurnalistlər miks-zonada mənim fikirlərimi öyrənməyə çalışdı. Bu üzdən bir qədər gecikdim. Bir də gördüm ki, Kamran məni çağırıb deyir ki, tez gəlim. Yoxsa onun məni danlamasından söhbət gedə bilməz.

– Jurnalistlərin əksəriyyəti fars olduğunuza və Almaniyada doğulduğunuza görə millidə oynamamalı olduğunuzu yazırlar… 
– Anam azərbaycanlıdır. O, Təbrizdəndir. Nənəm, yəni onun anası da Bakıdandır. Ancaq atam farsdır, tehranlıdır. Özüm isə heç vaxt İranda olmamışam. Berlində doğulmuşam. Valideynlərim Almaniyaya gələndə mən heç doğulmamışdım.

– Dizinizə görə 2 həftə oynaya bilməyəcəksiz? 
– Çox təəssüf ki, hə. Millinin son oyunu zamanı zədə aldım. Ancaq hazırda klubun bazasına gedirəm. Orda əzələlərimi masaj etdirirəm.

Səbuhi TOFİQOĞLU

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər