Prezident İlham Əliyev: Azərbaycan xalqı Şuşada bundan sonra əbədi yaşayacaq

1046

Yanvarın 14-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Şuşa şəhərinə səfər edib. 

Müharibədən cəmi iki ay vaxt keçsə də,  Azərbaycan dövləti  böyük quruculuq işlərinə start verib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub. Uçuş-enmə zolağının uzunluğu 2800 metr olacaq hava limanı beynəlxalq standartlara uyğun infrastrukturla təchiz ediləcək.

Strateji əhəmiyyətli Füzuli Beynəlxalq Hava Limanıazad edilmiş bölgələrimizin inkişafı, ərazilərin bərpası, yüklərin daşınması, turizmin inkişafı üçün çox mühüm  bir layihədir. Qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, əsası qoyulmuş  Füzuli-Şuşa dördzolaqlı və bəzi yerlərdə altızolaqlı yeni avtomobil yolu ilə  çox rahat və qısa müddətə Şuşa şəhərinə gedə biləcəklər.

Prezident İlham Əliyev bildirdi ki, böyük qayıdış başlayır, bütün işlərə start verildi.

Azərbaycan dövləti  Şuşanı və dağıdılmış bütün başqa şəhər və kəndləri, bütün tarixi abidələri bərpa edəcək. Şuşanın bərpası planlı şəkildə  aparılacaq, Pənahəli xanın şəhərinin tarixi ruhu qorunacaq. Şuşa Prezident İlham Əliyev tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı elan edilib. Ermənilər Şuşanın tarixi erməni şəhəri olduğunu iddia etsələr də, orda heç bir ciddi abadlıq işləri aparmayıblar, yalnız xuntanın rəhbərləri  özləri üçün villalar tikdiriblər.

Prezident İlham Əliyev çıxışında vurğuladı ki, düşməni torpaqlarımızdan qısa müddət ərzində qovduğumuz kimi Qarabağı da qısa müddətdə bərpa edəcəyik.  Şuşanın bərpası üçün  baş plan hazırlanır. Bütün binaların təftişi aparılıb. Şuşa Azərbaycan dövlətinin mədəniyyət paytaxtı kimi dünyanın ən gözəl şəhərlərinin birinə çevriləcək.Abidələrin əsl siması özlərinə qaytarılacaq.

Prezident İlham Əliyev qeyd etdi ki, noyabrın 8-i xalqımızın tarixində əbədi qalacaq. Noyabrın 8-də qədim Şuşa şəhəriAzərbaycan hərbçilərinin böyük qəhrəmanlığı, peşəkarlığı, milli ruhu sayəsində işğaldan azad edilib. Düşmənə sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsini və Şuşanı azad etdik. Düşmən cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından qoşunlarını çıxarmağa məcbur olub. Şanlı Azərbaycan Ordusunun 44 günlük müharibəsi XXI əsrin müharibəsidir. 44 günlük müharibənin hər bir günü zəfər günü idi.

Azərbaycan ordusu bir gün belə geri addım atmadan yalnız irəli gedib. Bu, dünya hərb tarixində çox nadir hallarda müşahidə edilən bir mənzərədir. İnkişaf etmiş ölkələrin hərbi mütəxəssisləri Vətən müharibəsinin hər bir gününü təhlil edirlər.

Sözsüz ki, Şuşanın işğaldan azad edilməsi düşmənə vurulan ən böyük zərbə idi. Azərbaycan ordusu Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri məhv edib, Şuşanı Sarkisyan-Koçaryan cütlüyünün ordusunun əlindən geri alıb.

Ölkə rəhbəri AXC-Müsavat cütlüyünün tarixdəki mənfi roluna toxunaraq bildirdi ki, 1992-ci ilin mayında o vaxtkı Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi və hakimiyyət uğrunda mübarizə aparan AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa işğal edilib. Azərbaycan torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi olub. Torpaqların işğal edilməsi o vaxt hakimiyyətdə olmuş AXC-nin birbaşa məsuliyyətidir.

Şuşanın, Kəlbəcərin, Laçının, bütün ətraf bölgələrin işğal edilməsi, Dağlıq Qarabağla Ermənistan arasında coğrafi bağlantı yaradılması Xalq Cəbhəsi-Müsavat hakimiyyətinin günahı olduğunu vurğulayan Prezident İlham Əliyev bildirdi ki, AXC ovaxtkı hakim komandanı yıxıb hakimiyyətə gəlmək üçün Şuşa kimi alınmaz qalanı heç bir əməliyyat keçirmədən boşaldaraq düşmənə təslim edib.

Səriştəsiz kadrlardan formalaşmış AXC hakmiyyəti talançılığı dövlət siyasətinə çevirib, rüşvətxorluğu öz ideoloji prinsipi elan edib, satqınlığı, fərariliyi Azərbaycan xalqının tarixinə bir ləkə kimi yapışdırıb. Ovaxtkı müdafiə naziri demişdi ki, Şuşa əldən getsə, başıma güllə çaxacağam, amma qorxaqcasına Şuşadan qaçmışdı. Ermənilər guya bu əməliyyat haqqında əfsanələr uydurmuşdular – dağlarda toy. Azərbaycan onlara elə toy tutdu ki, onlar bu dərsi əbədi yadda saxlayacaqlar.

44 günlük müharibənin gedişində  dünyanın müxtəlif geosiyasi qütblərindən edilən  təzyiq və təhdidlərə baxmayaraq, Ali Baş Komandan düşməni torpaqlarımızdan qovmaq üçün sona qədər döyüşmək əzmindən geri dönməmişdir.

Milli xəyanət nəticəsində itirilmiş müqəddəs Şuşa şəhəri Prezident İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalq-ordu-iqtidar vəhdəti nəticəsində azad olundu. Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır.

Ulu öndərin tarixi missiyasına toxunan Prezident İlham Əliyev vurğuladı ki, Sovet dövrünün rəsmi ideoloji basqılarına baxmayaraq Ulu Öndər Azərbaycanda milli şüurun yüksəldilməsi üçün ardıcıl addımlar atmışdır.

1920-c illərdə sovet bolşevik hakimiyyətinin Azərbaycanın daxilində tədricən partlayan mina kimi qoyduqları Dağlıq Qarabağ problemininhəlli üçün Ulu Öndər burda demoqrafik balansı azərbaycanlıların xeyrinə dəyişən tədbirlər görmüşdür.  1969-1982-ci illərdə Yevlaxdan, Ağdamdan Xankəndiyə dəmir yolu çəkilmiş, Dağlıq Qarabağda yeni müəssisələr yaradılmış və bu müəssisələrə Azərbaycanın müxtəlif yerlərindən mütəxəssislər gəlmişdi. Ulu Öndərinbu uzaqgörən siyasəti nəticəsindəDağlıq Qarabağda milli tərkibazərbaycanlıların xeyrinə xeyli dəyişmişdi.  Heydər Əliyev Azərbaycanda qalsaydı, növbəti 10 il ərzində Dağlıq Qarabağ Muxtar Vilayətində azərbaycanlılar əksəriyyət təşkil edəcəkdilər. Ulu Öndərin uzaqgörənliyi, doğma xalqına bağlılığı, doğma ədəbiyyatına, mədəniyyətinə olan sevgisiMolla Pənah Vaqifin şərəfinə məqbərənin tikintisində də özünü göstərib.  Xanın vəziri olan insanın şərəfinə o vaxt – sovet dövründə məqbərə ucaltmaq qeyri-adi bir hadisə idi.

Eyni zamanda bununla Qarabağın tarixin bütün mərhələlərində azərbaycanlılara məxsus olması haqqında aydın mesaj verilirdi.  Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşamışdır.

1982-ci ildə Heydər Əliyevi Bakıdan Moskvaya təyin etməsəydilər, burada separatizmin baş qaldırmasına imkan verməzdi. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə  hakimiyyətə gəlməsi ilə  Azərbaycan iflasdan xilas olmuş,  milli inkişafın, milli dövlətçiliyin yeni mərhələsi başlamışdır.

Prezident İlham Əliyev qazilərə və şəhid ailələrinə göstərilən dövlət qayğısına toxunaraq qeyd etdi ki, bütün şəhid ailələri dövlət tərəfindən qayğı ilə əhatə olunub. Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcəkdir.

Bununla yanaşı şəhid ailələri üçün müavinət 300 manatdan 500 manata qaldırıldı və daim o ailələr diqqət mərkəzində olacaqlar. Ötən dövr ərzində birinci Qarabağ müharibəsində həlak olmuş 9 min şəhidin ailəsinə dövlət artıq mənzillər, evlər verib. Bununla yanaşı yaralı hərbçilərimiz dövlət tərəfindən qayğı ilə əhatə olunub.

Prezident İlham Əliyev br daha vurğuladı ki, bu müharibəni şəhidlərimizin canı, qanı hesabına,  hərbçilərimizin şücaəti hesabına qazanmışıq.

Azərbaycan Prezidenti İlham Əliyevin ailə üzvləri ilə birlikdə Şuşaya səfəri tarixi, eyni zamanda daxili və xarici auditoriyalara zəngin mesajlar ehtiva edən bir səfər idi.  Müstəqillik tariximizdə ilk dəfə olaraq Azərbaycanın dövlət başçısı Şuşaya getmişdir.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın ziyarət etdikləri obyektlərin hamısı-Şuşa Realnı məktəbi, Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Qazançı kilsəsi, Bülbülün ev muzeyi, Vaqifin türbəsi, Cıdır tarixi dəyər daşıyır, şəhərin tarixin bütün mərhələlərində Azərbaycan xalqına məxsusluğunu simvolizə edir.

Şuşanın işğalı zamanı güllələnmiş və sonradan Bakıya gətirilmiş Azərbaycanın 3 dahi şəxsiyyəti – Üzeyir Hacıbəyli, Bülbül və Natəvanın heykəlləri Şuşaya qaytarılıb.  Güllələnmiş büstlər erməni vandalizminin şahidləridir.

Dahi şəxsiyyətlərimizin büstləri bizim Qələbəmizin rəmzidir. Büstlərin yenidən doğma şəhərimizə – Şuşaya qaytarılması onların ruhunun şad olması deməkdir. Onlar doğma Vətənə qayıdıblar. Natəvan, Üzeyir bəy, Bülbül milli ruhumuzun təcəssümüdür.

Milli ruhumuzun təcəssümü olan şəxsiyyətlərin, xüsusən Üzeyir bəyin büstünün Qafqazın incisi, mədəniyyətimizin beşiyi olan Şuşaya qaytarılması yeni milli mədəni intibahımızın rəmzi olacaq.

Vətən müharibəsindəki möhtəşəm Zəfərlə yeni doğuluşunu yaşayan azərbaycanlı etnosunu isə mütləq yeni mədəni intibah gözləyir.

Prezident avtomobil sürərkən Xocavənd rayonunun Böyük Tağlar kəndinin ərazisini nümayiş etdirir. Bəllidir ki, bir müddət əvvəl burda erməni diversantları böyük təxribat törətmiş, xüsusi əməliyyatdan sonra çoxsaylı diversantlar ələ keçirilmişdi. Moskva görüşü ərəfəsi Ermənistan baş naziri onların azad olunmasını şərt kimi irəli sürsə də, Azərbaycan bu tələbi rədd etmişdi.

Xocalı rayonun Sığnaq kəndindən keçərkən isə Azərbaycan, Türkiyə bayraqları və yolu inşa edən Türkiyənin “Kolin” şirkətinin bayrağı nümayiş olunur. Bu, həm də keçmiş Dağlıq Qarabağın inzibati ərazisi  olmuş yerlərə Türkiyə və Azərbaycanın birgə daxil olmasının rəmzidir.

Həm məscid, həm kilsəni ziyarət etməklə Prezident dünyaya tolerantlıq, gələcək birgəyaşayışın mümkünlüyü barədə mesajlar verdi. Biz bütün dinlərin məbədlərini qoruyuruq və qoruyacağıq.  Düşmən bizim azad edilmiş torpaqlardakı dini abidələrimizi işğal dövründə məhv edib, 67 məscidi dağıdıb, yaxud da ki, yararsız vəziyyətə salıb.

Heydər Əliyev Fondu  tərəfindən  bütün tarixi-dini abidələrimiz, o cümlədən Şuşadakı məscidlər əsaslı təmir və bərpa olunacaq. 1982-ci ilin 14 yanvar tarixində Heydər Əliyev Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışında iştirak etmişdi. Həmin vaxt İlham Əliyev də orada idi: 39 il sonra o, yenidən Şuşaya qayıtdı.  Prezident 39  il əvvəlki səfərdə çəkilmiş fotonu əlində tutaraq yenidən eyni yerdə kamera önünə keçərək Ulu Öndərin Şuşayla bağlı vəsiyyətini, yarımçıq qalmış arzularını yerinə yetirdiyini, siyasi irsə sahib çıxıdğını göstərir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər