Prezident İlham Əliyev: Buraya bir güllə atılsa, Ermənistanı elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar

683

Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev işğaldan azad edilmiş Qubadlıda çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib:

“Bu gün vaxtilə işğal edilmiş torpaqlarda Azərbaycan Bayrağı dalğalanır. Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır. Mənfur düşmən hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, bax, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir.

Mən azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik. Bizim torpaqlarımızı erməni faşizmi bu günə saldı. Biz Ermənistan faşist dövlətinin, terror dövlətinin belini qırdıq və bu gün məcbur olub, bizim qabağımızda diz çöküb və düzgün nəticə çıxarmalıdır. Ermənistan cəmiyyəti düzgün nəticə çıxarmalıdır. Revanş hissi ilə yaşayacaqlarsa, onların axırı pis olacaq. Əgər o tərəfdən buraya bir güllə atılsa, – 5 kilometrdir buradan Ermənistan sərhədinə, – onları elə günə salarıq ki, ümumiyyətlə, öz adlarını unudarlar.

Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasını nümayiş etdirdik və öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər