Prezident İlham Əliyev Sumqayıtın inkişafından danışdı: “Sumqayıtın potensialı daha da güclənir…”

1625

Prezidenti İlham Əliyev “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.

Sumqayıt şəhərində sənayenin inkişafına diqqət çəkən Prezident İlham Əliyev bir sıra məqamlara toxunub: “Mən demişəm ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Oraya da böyük investisiyalar qoyulub və bizi şüşə ilə təmin edəcəkdir. Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir.

Biz daxili tələbatı nə qədər mümkünsə, yerli məhsullar hesabına təmin etməliyik. Burada Sumqayıt şəhərinin və xüsusilə Kimya Sənaye Parkının mühüm rolu var. Çünki biz son illərdə bu işləri görməklə buna böyük dərəcədə müvəffəq olmuşuq”.

Prezident İlham Əliyev vurğulayıb ki, bu gün biz Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük: “Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, biz bu qərarı verəndə bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur”.

Prezident İlham Əliyev: “Ona görə yeni ərazilər lazımdır. Burada, Sumqayıtın ətrafında belə ərazilər çoxdur. Siz bəlkə o ərazilər üçün də artıq indidən plan işləyib tərtib edəsiniz ki, – o yerlərin təmizlənməsi, kommunikasiyaların çəkilməsi və digər lazımi məsələlər, – bu iş dayanmasın. Çünki xarici investorların ölkəmizə marağı artır, mən yerli investorları da istiqamətləndirmişəm ki, Azərbaycana pul qoysunlar. Beləliklə, burada inkişaf o qədər sürətli olmalıdır ki, həm işsizlik aşağı səviyyədə olsun, həm idxaldan asılılıq minimuma endirilsin, həm də ixrac qabiliyyətli məhsullar istehsal edilsin”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər