Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq nüfuzunu və rolunu bir daha dünyaya nümayiş etdirdi

517

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan ilə İtaliya arasında diplomatik əlaqələrin 30-cu ildönümündə bu ölkəyə səfəri iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasından xəbər verir. Səfər çərçivəsində ölkə başçısı İtaliyanın Çernobbio şəhərində “The European Hous– Ambrosetti” beyin mərkəzinin təşkilatçılığı ilə “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda keçirilən 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak etdi. Forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edərək bir çox mühüm məsələlərə münasibət bildirdi.

Prezident İlham Əliyevin forumda bəyan etdi ki, ölkələrimiz arasındasiyasi dialoq olduqca fəaldır və ikitərəfli gündəliyimizə yeni, vacib mövzular daxil olunur. İkitərəfli əməkdaşlığın inkişafı üçün önəmli təşəbbüslər atılır. 2020-ci ildə İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənəd imzalanmışdır. Ölkələrimiz arasında sıx əməkdaşlıq və strateji tərəfdaşlıq ilə bağlı daim geniş müzakirələr davamlı şəkildə aparılır. Önəmli əməkdaşlıq istiqamətlərindən biri təhsil sahəsidir. Azərbaycanın ADA Universiteti İtaliyanın beş aparıcı universitetinin tərəfdaşıdır. Bunlar Luiss Universiteti, Turin Politexnik Universiteti, Milan Politexnik Universiteti, Bolonya Universiteti və Romanın Sapienza Universitetidir.

Prezident İlham Əliyev forumdakı çıxışı zamanı Enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin əhəmiyyətini və rolunu daha aydın şəkildə izah etdi. Ölkə başçısı bildirdi ki, Azərbaycan İtaliyanı neftlə təchiz edən bir nömrəli ölkədir. 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçdikdən sonra Azərbaycan dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oldu. Tezliklə Avropa bazarına, əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik.

İki strateji neft boru kəmərinin inşası ilə Azərbaycan Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü öz üzərinə götürdü. Biri Türkiyənin Aralıq dənizi sahilindəki limana qədər uzanır, digəri isə Gürcüstanın Qara dəniz sahilindəki limana qədər. Bununla da Azərbaycan Qara dəniz bazarı və dünya bazarlarına təchizatı şaxələndirməyə nail oldu.

Azərbaycanın enerji strategiyasının önəmli mərhələsi nəhəng qaz yataqlarının istismarı ilə bağlıdır. Azərbaycanın təsdiq edilmiş ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir. Azərbaycan son 10 il ərzində qonşu ölkələr bazarında etibarlı təchizatçıdır. Azərbaycan böyük qaz təchizatı boru kəmərinə malikdir.Cənub Qaz Dəhlizi üç boru kəmərindən ibarət inteqrasiya edilmiş boru kəmərləri sistemidir – Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu (TANAP) boru kəməri və Trans-Adriatik (TAP) boru kəməridir ki, o, İtaliyaya qədər uzanır. Bu, 3500 kilometr uzunluğunda mürəkkəb texniki infrastrukturdur.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ən etibarlı tərəfdaşlardan biridir. Dövlətimizin başçısı çıxışında vurğuladı ki, Azərbaycanın təbii qaz ehtiyatlarına tələbat durmadan artır. Bir il yarım ərzində artıq Avropaya 13,5 milyard kubmetr qaz nəql edilib ki, onun da 11,7 milyard kubmetri İtaliyanın payına düşür. Cari ildə İtaliya bazarına 10 milyard kubmetr qaz nəql etmək planlaşdırılır. Ümumi ixracımız 22 milyard kubmetrdən artıq olacaq və burada artım üçün çox böyük potensial var. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması bütün ölkələr üçün böyük perspektivlər vəd edir. Sözügedən Memorandum enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addımdır. Bu sənəd gələcək fəaliyyətimizin yol xəritəsidir.

Azərbaycan hazırda dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyində oynadığı rola görə diqqət mərkəzindədir. Beynəlxalq aləmin etiraf etdiyi kimi, ölkəmiz artıq regionun enerji mərkəzinə çevrilib. Bu gün dünyada bu istiqamətdə baş verən böhrandan çıxmaq üçün Azərbaycanın potensial çox yüksək qiymətləndirilir. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu enerji siyasətinin ən bariz göstəricisidir. Prezident çıxışında bildirdi ki, Rusiya-Ukrayna müharibəsi nəticəsində təbii qaz məsələsi avropalıların gündəliyində ən aktual məsələlərdən biridir. İonik-Adriatik boru kəməri layihəsi var ki, o, Azərbaycan qazını üç Balkan ölkəsinə çatdıracaq. Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycana qaz ixracının həcminin artırılması və ya ixraca başlanılması ilə bağlı 10-dan artıq ölkədən rəsmi müraciətlər olunub. Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verilib. Buraya yalnız təbii qaz deyil, həmçinin enerji bazarının digər seqmentləri də daxil olacaq, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir.

Əgər bu günə qədər Azərbaycan Avropanı neft və qazla təmin edirdisə, ölkəmiz artıq enerji siyasətinin yeni mərhələsinə qədəm qoyub. Bu, bərpa olunan enerji mənbələri ilə bağlıdır. Prezident İlham Əliyev bu istiqamətdəki çıxışı zamanı bildirdi ki, bərpaolunan enerji sahəsinə sərmayə qoymaq mənəvi öhdəlikdir. Bərpaolunan enerji sahələrinin Azərbaycandakı potensialı dəyərləndirilib. Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.

Prezident İlham Əliyev Azərbaycanın ötən il müstəqilliyinin 30-cu ildönümü olduğunu qeyd edərək ölkəmizin bu illər ərzində tamamilə müstəqil siyasət yürütdüyünü vurğuladı. Ölkəmiz hər zaman həm qonşu ölkələr, həm də digər ölkələrlə əməkdaşlıq sahələrini tapmağa çalışır. Azərbaycan heç zaman özünü nəhəng qonşuların siyasətinə uyğunlaşdırmayıb və özünün siyasəti olub. Həyata keçirilən uğurlu müstəqil siyasət beynəlxalq hüquq, ədalət, beynəlxalq təşkilatların qərarları və sənədləri üzərində formalaşıb. Azərbaycan hər bir ölkə ilə əməkdaşlıqda və qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır. Yüksək səviyyədə olan Azərbaycan İtaliya əməkdaşlığı buna əyani sübutdur.  Dövlətimizin başçısı vurğuldı ki, artıq 30 ildir ki, bizim insanlarımız müstəqildir və biz əbədi olaraq müstəqil yaşamaq istəyirik. Azərbaycan artıq sabit siyasi mövqeyə malikdir, həmçinin iqtisadiyyatımız da sabitdir. Müstəqil olmaq üçün əsaslı maliyyə yatırımları edilib.

Prezident İlham Əliyev forumdakı çıxışında son illər ərzində dünyada baş verən regional və beynəlxalq miqyaslı geosiyasi proseslərə toxunaraq bildirdi ki, dünya fevraldan əvvəl olduğu vəziyyətdə heç vaxt olmayacaq. Dünya dəyişib və bu dəyişikliklərin hansı axınla gedəcəyi Ukraynada müharibə nə qədər müddət davam edəcək və bu savaşın sonu necə bitəcək, dünyadakı güclərin balansı hansı şəkildə olacaq kimi amillərdən asılıdır. Bizim daxildə ölkəmizi hansı yöndə inkişaf etdirmək üçün birliyimiz var. Buna görə də yeni qlobal düzənin bizim regiona təsirləri, böyük region ölkələrinin mövqelərinin necə olacağı, Ermənistanla sülhə nail olmaq planlarımızda nələr əldə edəcəyimiz, övladlarımız və yeni nəsillərin gələcəyinin necə olacağı bizim üçün önəmlidir.

Prezident İlham Əliyevin Forumda iştirakı qürurvericidir. Ölkə başçısının forumda çıxış etməsi ölkəmizə və onun liderinə olan böyük hörmətin nümunəsidir. Bu, eyni zamanda Azərbaycanın enerji siyasətini dünyaya təqdim etmək üçün böyük imkanlar yaratmış oldu. Forumun moderatorunun dünyada və regionda mövcud geosiyasi vəziyyətlə bağlı sualını cavablandıran dövlətimizin başçısı bir daha bəyan etdi ki, Azərbaycan öz siyasətini milli maraqlar və beynəlxalq hüququn prinsipləri əsasında qurur. Prezident İlham Əliyev beynəlxalq hüququn qorunmasına cavabdeh olan beynəlxalq qurumların fəaliyyətinin dövrün çağırışlarına uyğunlaşdırılmasının vacibliyini də bir daha diqqətə çatdırdı.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər