Prezident İlham Əliyev növbəti dəfə Azərbaycanın sülhməramlı niyyətini bəyan etdi

402

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad edərək öz ərazi bütövlüyünü bərpa etdi. BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini döyüş meydanında yerinə yetirdi. Beləliklə Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll etdi.

2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri üçtərəfli Bəyanatı imzaladılar. Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu və hər iki tərəfdən minlərlə insanın ölümünün qarşısını aldı. Üçtərəfli Bəyanata əsasən, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal olunmuş hissəsindən geri çəkdi. Məlumat üçün bildirək ki, Bəyanatdan əvvəl Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında 300-dən çox şəhəri və kəndi azad etmişdi.

Üçtərəfli Bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradılıb. Azərbaycan tərəfi Azərbaycanın Ağdam rayonunda Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı.

Prezident İlham Əliyev oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video-konfrans formatında keçirilən iclasında bütün bu məsələlərə nəzər saldı, müharibədən sonra yaranmış vəziyyət və regionun gələcəyi ilə bağlı bir çox məqamlara toxundu.

Azərbaycan Prezidentinin çıxışında işğal altındakı torpaqların talan edilməsi, qanunsuz istifadəsi, Avropaya narkotik daşınması məsələsində İran-Ermənistan əməkdaşlığı ilə bağlı fikirləri diqqətçəkən məqamlardan oldu.

Təxminən 30 il Ermənistanın nəzarətində olan Azərbaycan ərazisi qanunsuz narkotik dövriyyəsi üçün istifadə edilib. Dövlət başçısı bildirib ki, Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədi nəzarətsiz qalmışdır. İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana, oradan da Avropaya narkotik vasitələrin daşınmasının qarşısı alınıb. Azərbaycan-İran sərhədinin digər sahələrində saxlanılan heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib.

Ölkə başçısı işğal dövründə bütün maddi sərvətlərin talan olunması, meşələrin kəsilərək İrana satılması, təbii resursların qarət edilməsinə diqqət çəkdi. İşğaldan azad edilmiş ərazilərdə təqribən 30 illik işğal dövründə demək olar ki, bütün binalar və tarixi abidələr dağıdılıb. Prezident İlham Əliyev məlumat verdi ki, azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.

Dövlət başçısı işğaldan azad olunmuş ərazilərdəki mövcud vəziyyətlə bağlı həqiqətləri tədbir iştirakçılarının diqqətinə çatdırdı. Bildirdi ki, Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır. Cəbrayıl rayonunda cəmi 2 bina salamat qalıb, orada Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları yerləşirdi. Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonlarında da oxşar vəziyyətdir.

Dövlət başçısı böhtanlar səsləndirən İrandan fərqli olaraq, konkret fakt və sübutlarla həqiqətləri söylədi. Prezident qeyd etdi ki, evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb.

Bu gün Azərbaycanın qarşısında duran əsas məsələ minadan təmizləmə və dağıdılmış infrastrukturun bərpası və yenidən qurulmasıdır. Prezident konfransdakı çıxışında vurğuladı ki, Ermənistan minalanmış sahələrin tam xəritələrini verməkdən imtina edir. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi isə təqribən 25 faizdir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə 150-dən çox Azərbaycan vətəndaşı minaya düşərək həlak olub. Dövlət başçısı bu faktı diqqətə çatdırmaqla, Ermənistanın yeritdiyi anti-insani siyasəti bir daha ifşa etmiş oldu.

Prezident MDB sammitindəki çıxışında “erməni hərbi əsirlər” mövzusuna da toxunaraq, Azərbaycanın müharibə dövründə tutulmuş bütün hərbi əsirləri Ermənistanın azərbaycanlı hərbi əsirləri bizə verməsindən daha əvvəl qaytardığını qeyd etdi.

Üçtərəfli Bəyanat imzalanandan sonra, keçən il noyabrın axırlarında 62 nəfərdən ibarət təxribat qrupu Ermənistanın Şirak regionundan Azərbaycan Silahlı Qüvvələrinin arxa hissəsinə, artıq işğaldan azad edilmiş ərazilərdə təxribatlar törətmək üçün göndərilmişdi. Azərbaycan hərbi qulluqçuları həmin qrupu tutaraq tərksilah etdi. Beynəlxalq konvensiyalara müvafiq olaraq bu təxribatçılar hərbi əsir hesab edilə bilməz.

MDB ölkələri də anlayır ki, artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qalıb, Vətən müharibəsində qalib gəlmiş Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Prezident İlham Əliyev sammitdə bir daha bəyan etdi ki, Azərbaycan sülh prosesinə, sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı danışıqlara hazırdır.

Ermənistanın dirçəlişi və inkişafı qonşuları, xüsusilə də Azərbaycanla sülh şəraitində yaşamasından asılıdır. Bu halda Ermənistan regionda reallaşacaq layihələrə qoşulmaqla hazırkı böhran vəziyyətindən çıxa bilər. Əks halda, Ermənistan yenidən daxili çaxnaşma, vətəndaş qarşıdurması və ən əsası Azərbaycanın “dəmir yumruğu” ilə üzləşəcək!

Cəlal Məmmədov, Azərbaycan Respublikasının Əməkdar artisti, Sumqayıt Dövlət Dram Teatrının aktyoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər