Prezident İlham Əliyevi Özbəkistana səfəri münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir

591

Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri bir çox cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Səfər zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışı, 20-yə yaxın sənədin imzalanması, Prezident İlham Əliyevin ən yüksək səviyyədə qarşılanması, Özbəkistan Prezidentinin Azərbaycan və ulu öndər haqqında söylədiyi fikirlər bu səfərin ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm tarixi əhəmiyyət daşıdığını göstərir.

Özbəkistanda başda Prezident Savkat Mirziyoyev olmaqla bütövlükdə özbək xalqı Prezident İlham Əliyevi böyük təntənə və ehtiramla, qalib sərkərdə kimi  qarşıladı. Yalnız qardaş xalq qardaşının tarixi qələbəsinə belə sevinə bilərdi.

Səfərin tarixi əhəmiyyətini artıran digər bir məsələ isə Prezident İlham Əliyevi Özbəkistana dövlət səfərinin ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin 25-ci ildönümünə təsadüf etməsidir. 1997-ci ildə ulu öndər Heydər Əliyev Özbəkistanda səfərdə olmuş, bir sıra mühüm sənədlər imzalamışdı. Şübhəsiz ki, Daşkənddə Heydər Əliyev Meydanının açılışı, Özbəkistan Prezidentinin ulu öndər Heydər Əliyev haqqında söylədiyi fikirlər qardaş ölkədə Azərbaycan xalqının ümummilli liderinə dərin rəğbət və böyük hörmətdən xəbər verir.

Azərbaycan Prezidenti pandemiyadan sonrakı dövrdə ilk rəsmi səfərlərindən birini məhz Özbəkistana etdi.  Mövcud mürəkkəb geostrateji şərait milli dövlətlər üçün gözlənilməz təhlükələr yaratdığından, belə təhlükələr yalnız etibarlı müttəfiqlər və tərəfdaşlar vasitəsilə dəf edilə bilər. Bu təhdidlər təkcə hərbi-siyasi deyil, həm də iqtisadi, tibbi və  informasiya xarakterlidir.  Bütün bunlar milli maraqların qorunması üçün fəal əməkdaşlığı zəruri edir. Bu baxımdan səfər zamanı imzalanmış 20-yə yaxın sənəd Azərbaycan ilə  Özbəkistan arasında strateji tərəfdaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəldir.

Müasir dünyada və regionda baş verən hadisələrin fonunda “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş” və “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş” olduqca mühüm əhəmiyyət kəsb edir. Bu, tərəflərə hərbi-texniki əməkdaşlıq, eləcə də hərbi təhsil sahəsində əlavə addımlar atmağa imkan verəcək.

Xarici təhdidlərin olduğu bir dövrdə bu sahədə təcrübə mübadiləsi və praktiki əməkdaşlıq olduqca vacibdir.

“Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə” də xüsusi əhəmiyyət kəsb edir. Bu sənəd iki ölkə arasında əməkdaşlığı daha da gücləndirəcək və əməkdaşlıq üçün yeni imkanlar yaradacaq.

Beləliklə, Prezident İlham Əliyevin dost və qardaş Özbəkistana səfəri iki ölkə arasında əlaqələrin inkişafına yeni təkan verdi. Prezidentin səfəri, imzalanmış sənədlər, dövlət başçılarının çıxışları və bəyanatları Azərbaycan-Özbəkistan münasibətlərinin dərinləşməsi, inkişafı və perspektivləri baxımından böyük əhəmiyyət kəsb edir. Əvvəllər tərəflər müxtəlif məsələlərdə bir-birini dəstəkləyir və müdafiə edirdilərsə, bundan sonra tərəflər beynəlxalq normalar çərçivəsinə uyğun olaraq daha əhatəli əməkdaşlıq edəcək. Səfər Azərbaycanın Mərkəzi Asiyada nüfuzunun artmasına, eləcə də etibarlı tərəfkeş olduğunu bir daha təsdiqləməyə əlavə imkanlar yaratmış oldu.

Zəngin mədəni, tarixi və dövlətçilik ənənələrinə malik olan Özbəkistanla Azərbaycanın strateji müttəfiqliyi regionda əməkdaşlığa, təhlükəsizliyə və inkişafa təkan verəcək.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər