Prezident Sumqayıtda təməli qoyulan fabrikdən danışdı - 100 nəfər işlə təmin ediləcək

2293

sumqayitxeber.com xəbər verir ki, Prezident İlham Əliyev yanvarın 29-da Heydər Əliyev Mərkəzində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Sumqayıt şəhərində təməli qoyulmuş və yaxın gələcəkdə istifadətə veriləcək Əyirici Boyaq Fabriki haqqında danışıb:

“Bildiyiniz kimi, bir müddət bundan əvvəl “Azərxalça” İstehsalat Birliyi yaradılmışdır. Göstəriş verilmişdir ki, xalçaçılıq sənətini yaşatmaq, gənc nəsli bu işlərə cəlb etmək, sənaye sahələrini və ixrac potensialını yaratmaq üçün biz bu sahəyə mütləq ciddi yanaşmalıyıq. Artıq biz bunu görürük. Mən bir neçə yeni xalça fabrikinin açılışında şəxsən iştirak etmişəm, bu il isə 10 yeni fabrikin açılışı nəzərdə tutulur. Beləliklə, bu ilin sonuna qədər bizdə 20 xalça fabriki fəaliyyət göstərəcək. Bu fabriklərin hər birində 150-yə qədər işçinin çalışdığını və əksəriyyətinin də qadınlar olduğunu nəzərə alsaq, görün, biz nə qədər iş yeri və güclü ixrac potensialı yaradırıq, özü də qadınlar üçün. Bütövlükdə isə birinci mərhələdə xalça fabriklərinin sayı 30-a çatmalıdır. Bu da yəqin ki, 2019-cu ildə öz həllini tapacaq. Xarici xammaldan asılılığı azaltmaq üçün ötən il Sumqayıtda əyirici boyaq fabrikinin təməli qoyuldu. Beləliklə, biz özümüzü lazım olan bütün vasitələrlə, iplərlə, boyalarla təmin edəcəyik. Pambıq və barama istehsalı artır. Ona görə biz xalçaçılığı yerli xammal əsasında qururuq və quracağıq. Onu da qeyd etməliyəm ki, bu il bölgələrdə bir neçə yun qəbulu məntəqəsi yaradılacaq. Əlbəttə ki, xalçaçılıq sənətinə bunun da böyük köməyi olacaqdır.”

“İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək”

Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bu layihə Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,64 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.

Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri olan  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoydu. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək. sumqayitxeber.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər