Prezident YAP-ın Sumqayıt şəhər təşkilatının inzibati binasının və Bayraq Muzeyinin açılışında – FOTO

1879

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının inzibati binasının açılışında iştirak edib. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda regionların sürətli sosial-iqtisadi inkişafı göstərir ki, Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı uğurla davam etdirir. Paytaxtla yanaşı, bölgələr də inkişaf edir. Regionlarda yeni inzibati binaların tikintisi davam etdirilir. Azərbaycanın aparıcı siyasi qüvvəsi olan və 2017-ci ildə yaranmasının 25 illiyini qeyd edən Yeni Azərbaycan Partiyası ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Sıraları getdikcə genişlənən partiyanın ümumi amallar naminə uğurlu fəaliyyətində rayon təşkilatlarının da böyük rolu var. Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının yeni inşa olunmuş inzibati binaları da müasirliyi ilə seçilir və həmin binalarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılır.
Son illərdə Sumqayıt şəhərində çoxlu sosial təyinatlı infrastruktur obyektləri tikilib istifadəyə verilib. Bu sırada inzibati binalar da xüsusi əhəmiyyət kəsb edir. Sumqayıt şəhərinin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyanın yeni inzibati binasında yaradılan şərait təsdiqləyir ki, Yeni Azərbaycan Partiyası müstəqil Azərbaycanın daha parlaq gələcəyi naminə fəaliyyətində bundan sonra da səylərini əsirgəməyəcək.
Məlumat verildi ki, üçmərtəbəli binanın foyesində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulub, Heydər Əliyev guşəsi yaradılıb. Binada inzibati otaqlar, 300 yerlik iclas zalı var. İclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin, seminarların və konfransların yüksək səviyyədə keçirilməsi mümkündür. Burada, eyni zamanda, şəhərin həyatında baş verən əlamətdar günlərlə bağlı tədbirlər keçiriləcək. Binada yeməkxana da fəaliyyət göstərəcək.
Onu da deyək ki, respublikanın hər yerində olduğu kimi, Sumqayıt şəhərində də Yeni Azərbaycan Partiyasının üzvləri fəallıqları ilə seçilirlər. Onlar şəhərin ictimai-siyasi həyatında fəal iştirak edir, Sumqayıtın sosial-iqtisadi inkişafına töhfələrini verirlər. Hazırda Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının 26 min 150 nəfər üzvü var ki, onlardan da 13 min 837-i qadınlar, 14 min 429-u isə gənclərdir.
Prezidenti İlham Əliyev Bayraq Muzeyinin açılışında iştirak etdi və muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.
Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadarmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Expozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buranın eskponatları ilə tanış olması üçün imkan yaradır.
Qeyd edək ki, bu cür muzeylərin yaradılması gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi və bir şəxsiyyət kimi formalaşması məsələsində mühüm rol oynayır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər