“Prinsip yaranıb ki, qızı oxumayıbsa, mən niyə oxuyum?!” - Fotolar+Video

311

Dəfələrlə mediada ailəsi tərəfindən təhsillə bağlı problem yaşamış qız uşaqları haqda xəbərləri oxusaq da, ölkəmizdə atanın oğluna universitetə getməyə icazə verməməsi məlumatını ilk dəfə idi ki, gördük. 

Xəbərin qəhrəmanı Orxan Bağızadə dünəndən sosial şəbəkələrdə əsas müzakirə mərkəzinə çevrilib və yüzlərlə maddi və mənəvi dəstək mesajı alıb. O, 336 balla Azərbaycan Dillər Universitetinin Tərcümə (rus-fransız) fakültəsinə qəbul olsa da, atası övladının təhsil almasını istəmədiyi üçün onun attestatını gizlədərək qəbul prosesinə mane olmağa çalışır. Bəs bir valideyn övladının qəbul olunduğu universitetdə oxumasını niyə istəməsin?

Bu və bu kimi suallara cavab tapmaq üçün “Qafqazinfo” olaraq Orxanın yanına, elə qəbul olunduğu ADU-ya yollanırıq. Bizi girişdəcə qarşılayan Orxanın sevinci hər halından hiss olunur.

Universitetdə sənəd qəbulu prosesi getdiyi üçün istər dəhlizdə, istərsə də, həyətdə sıxlıq var. Həyəcanla övladlarını izləyən valideynlərdən icazə alıb özümüzə çəkiliş üçün yer edirik. Sevinclə universiteti süzən Orxan bunun çoxdankı xəyalı olduğunu deyir:

“Düzü, çox ağır iki il keçirdim. Ancaq nəticəsini indi görürəm. Bir az emosianal insanam. Sevincimdən tullanıb-düşmək, ora-bura qaçmaq istəyirəm. İçimdə böyük sevinc var”.

– Atanızın oxumağınızı bu qədər istəməməsinə səbəb nədir?

– Kodlaşdırmanı edib evə gedəndə düşünürdüm ki, onlar da sevinəcək, fəxr edəcəklər. Deyəcəklər ki, axır ki, bu ailədən də oxuyan çıxdı. Çünki mənə kimi qardaşlarımın oxumağa həvəsi olmayıb, az bal toplayıblar. Ancaq tam əksi oldu. Atam dedi ki, əsgərliyə getməliyəm, oxumamalıyam. Atamın ikinci evləndiyi xanımın qızı illərdir hazırlığa getsə də, universitetə qəbul ola bilməyib. İndi prinsip yaranıb ki, onun qızı oxumayıbsa, mən niyə oxumalıyam?!

Atam son olaraq dedi ki, əgər oxumaq istəyirəmsə, evdən getməliyəm. Mən də getdim. Ancaq bütün sənədlərim evdə idi. İstədim, vermədilər. Polisə müraciət etdim, onda da məni günahkar çıxartdı ki, evdən oğurluq etmişəm. Halbuki mən evdən çıxanda üstümdə bir kitablarım olan çantam var idi, bir də 1 manat pulum.

“Həqiqətən, insan əziyyət çəkib bir şeyi çətinliklə əldə edəndə daha da həvəslənir”

– Bəs ailədə sizə dəstək olacaq başqa kimsə yoxdur? Elə götürək qardaşlarınızı.

– Universitetə qəbul olunduğumu öyrənəndə xalamgildəydim. Onlar bu xəbərə çox sevindi. Qardaşlarımdan biri 8 aydır ki, əsgərdədir, digəri də Rusiyada. Danışmışıq ki, gələndən sonra mənə dəstək olacaq. Hazırda universitetin təhsil haqqının yarısını (500 manat) kredit götürüb mənə verib, onu da özüm ödəyəcəm. Ancaq hələ də sənədlərimi ala bilməmişəm. Universitet rəhbərliyi, Prorektor Tamam xanım, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzinin əməkdaşlarının mənə böyük köməyi dəyib. Təhsil Nazirliyi problemi həll etməyə çalışır.

– Ödənişli əsaslarla qəbul olmusuz. Bu səbəbdən də sizə dəstək olmaq istəyən xeyli insan var. Zəng edənlər olub?

– 400 manata yaxın maaş alıram. Hesabladım ki, ödənişimi 12 aya böləndə hər aya 85-86 manat edir. Hər ay kənara pul atsam, rahatlıqla ödəyə biləcəm. Bəli, zənglər çoxdur. Hər kəsə dəstəyi üçün minnətdaram. Ancaq mən özüm işləyirəm və anladım ki, həqiqətən insan əziyyət çəkib bir şeyi çətinliklə əldə edəndə daha da həvəslənir. Amma indi hər şeyimi biri ödəsə, həvəsim də tez öləcək.

“Qəbul imtahanına işdən icazə alıb getmişəm”

–  Neçə yaşınızdan işləməyə başlamısız?

– 16 yaşımdan. Adətən restoran və şadlıq saraylarında ofisiant olaraq işləmişəm. İş qrafiki uzun və ağır idi. Evə yorğun gəlsəm də, dərs oxumağa həvəsim var idi. Həmişə universitetə girmək istəmişəm. Qəbul imtahanına da işdən icazə alıb getmişəm. İmtahan verib tez işimə qayıtdım. Sonradan öyrəndim ki, 336 bal toplamışam və bu bal istədiyim fakültəyə qəbul olmağıma bəs edir.
Tərcüməçiliyə həmişə böyük marağım olub. Əvvəlcə Slavyan Universitetinin İngilis dili-Rus dili tərcüməçiliyinə daxil olmaq istəyirdim. Sonradan işlərim çətinləşdi, oxumağa az vaxtım qalırdı. Anladım ki, istədiyim fakültəyə balım yetməyəcək. Daha sonra öyrəndim ki, Dillər Universitetində də tərcüməçilik fakültələri var və başladım ora hazırlaşmağa.

– Dediniz ki, son iki il çətin olub. Həqiqətən də, müəllim yanına getmədən, gündə 9-10 saat işləməklə qəbula hazırlaşmaq asan deyil. O günləri necə xatırlayırsız?

– Səhər 7-də durub məktəbə gedirdim. Elə günlər olub ki, işə tez getməli olmuşam. İcazə verilmədiyindən hasarlardan tullanıb işə qaçdığım vaxtlar olub. İş gecə saat 12-1-ə kimi uzanırdı. Evə çatanda artıq saat 2 olurdu. Yorğun olsam da, gecə saat 4-5-ə kimi dərs oxumuşam. İngilis dilinə böyük marağım var idi və öyrəndim. İki gün yatmadığım, hətta dərsdə yatdığım vaxtlar olub.

– Bəs universitetlə iş qrafikinin toqquşma ehtimalı var? Bundan başqa, qəbul olunduğunuz fakültə də asan deyil, dərslərinizi çatdıra biləcəksiz?

– Hazırda ölkəmizdə fəaliyyət göstərən məşhur restoranlar şəbəkəsindən birində çalışıram. İş vaxtımı danışmışıq və gecə növbəsi işləyəcəm. Düşünürəm ki, işdən çıxıb və ya yemak fasiləsində dərslərimi edə biləcəm. Hazırda rus, ingilis dilini bilirəm, indi də fransız dilini öyrənəcəm. Həmişə səfirlikdə işləmək istəmişəm.

– Çətinliklə arzunuza çatmısız və hələ də mübarizəniz davam edir. Əllərindəki şansı dəyərləndirə bilməyən yaşıdlarınıza nəsə sözünüz var?

– Universitetə qəbul olan zaman keçirilən hiss əvəzolunmazdır. Oxumaq əla şeydir.

Müsahibə boyu Orxanın dəfələrlə təşəkkür etdiyi bir şəxs də var: Çətin günündə onu tək qoymayan, evini onun üçün açan sinif yoldaşı Elvin. Elə müsahibənin sonunda da yenə ona baxıb Elvinə və ailəsinə təşəkkür edir: “Düşünürdüm ki, yəqin, skamyalarda yataram. Ancaq dostum və ailəsi mənə evini açdı, hər cür dəstəyi göstərdilər”.

Günel Hacı

Fotolar – Video: Nuran Məmmədov


www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər