Psixoloq: “Dedim, uşaq intihara meyillidir, valideyn aparıb uşağı döyüb ki, “niyə intihar etmək istəyirsən””

771
Son zamanlar psixoloqa müraciət edənlərin, övladını psixoloqa göstərmək istəyənlərin sayı artıb. Bunu psixoloq yanından çəkilib sosial şəbəkələrdə paylaşılan şəkillərdən də müşahidə etmək olar. AYNA mövzu ətrafında psixoloq Fərqanə Mehmanqızı ilə həmsöhbət olub.– Fərqanə xanım, etiraf edək ki, 15-20 il əvvəlki nəsil psixoloqlara, bu peşəyə dırnaqarası baxırdı. Həmin ərəfədə psixoloqların işi nə dərəcədə çətin idi?

– Mən özüm psixoloq olmaq istəyəndə atam və qohumlarım mənə dedilər ki, “bu, nə seçimdir, dəlilərlə işləyəcəksən, pul qazana bilməyəcəksən”. Bir sözlə, acından öləcəksən. Bütün bu sözlər məni fikrimdən daşındırmaq üçün deyilirdi. Hər kəs mənə gülürdü, ələ salırdı. Xasiyyətcə inadcıl olmağım, insanlara yardım etmək istəyim, həmçinin bu sənətə olan sevgim nəticəsində fikrimdən daşınmadım. İlk iş yerim özəl klinikalardan birində idi. Orada işləyən həkimlər belə, məni ciddiyə almırdılar. Təsəvvür edin ki, mənə otaq da verilməmişdi. Peşəmi ciddiyə almırdılar. Düşünürdülər ki, psixologiya boş şeydir. İllər keçdikcə həmin həkimlər xəstələrə çarə tapmadıqca mən onlara yardım edib xəstələrin problemini həll edirdim. Hətta bu gün həkimlər xəstəni müalicə etməyəndə belə, psixoloqa göndərirlər. Bundan əlavə, həmin ərəfədə psixoloqa gedənlərə dəli kimi baxırdılar. Şükürlər olsun ki, son illər artıq belə problemlər yoxdur. Əksinə, psixoloqa getmək dəb halını alıb.

 Peşənizdən dolayı sizi ən çox nə yorur?

– İnsanların peşəmdən dolayı yüklənməyi. Məsələn, səs tonum qalxanda, əsəbləşəndə, emosiyalarımı nisbətən cilolaya bilməyəndə ətrafda olanlar o dəqiqə deyirlər ki, “siz psixoloqsunuz, niyə özünüzü ələ almırsınız?”. Unudurlar ki, mən də insanam. Bir də belə fikir var: psixoloqun özünə psixoloq lazımdır. Bu, normaldır. Necə ki, məsələn, kardioloqun özünə də kardioloq lazım ola bilər. Amma bu sözü aşağılayıcı tonda deməklə anlamırlar ki, peşəni təhqir edirlər. Cərrah özünü necə əməliyyat edə bilər? Təbii ki, onun əməliyyata ehtiyacı yaranarsa, digər cərrah onu əməliyyat edəcək. Psixoloqlar da psixoloji cəhətdən yükləndikdə digər psixoloqa müraciət edirlər.

“Sən neynirsən e, oturub söhbət edirsən də” deyənlər olur. Sənəti çox cılızlaşdırırlar. Və ya məclisdə oturursan. Biləndə ki psixoloqsan, bütün nəslinin və qohum-əqrəbasının problemlərinə elə oradaca carə tapmağını istəyirlər. Bir də heç vaxt görmədiyimiz, diaqnoz qoymadığımız uşaqlar haqqında məsləhət istəyirlər. Axı tanımadığım, bilmədiyim uşaq haqqında nə deyə bilərəm? Bir problemin müxtəlif səbəbləri ola bilər, onu araşdırmadan cavab vermək olmaz. Salam verdiyin insanlar onun xasiyyətini deməsini istəyirlər. Biz falçı deyilik axı (gülür – T.X.). Bir də “sən psixoloqsan, belə olmalısan” fikirləri var. Psixoloqlar haqqında elə fikir formalaşıb ki, psixoloqlar sakit, ciddi olmalıdır. Elə deyil əslində. Psixoloq hiperaktiv, emosional olmalıdır. Bir sözlə, cəmiyyət psixoloqlara psixoloq olmağı öyrətmək istəyir. Bunlar məni yorur.

– Müasir dövrdə populyarlaşan sahələrdən biri də psixologiyadır. Bunun müsbət və mənfi tərəfləri hansılardır? Məsələn, “Instagram”da hər 10 səhifədən biri psixoloq səhifəsidir.

– Müsbət cəhəti odur ki, peşə inkişaf edib. Mənfi cəhəti odur ki, saxta psixoloqlar çoxalır. Bu da psixologiya peşəsinin adına zərərdir. Nəticədə “bu gün psixoloq var ki?!” deyənlərin artmasına gətirib çıxarır. Bundan əlavə, qeyri-peşəkar psixoloq düzgün sözlərdən, ifadələrdən istifadə etməməklə insana əlavə problemlər yarada bilər. Çox təhlükəlidir. Uşaq psixoloqları isə düzgün yönəltməzsə, ciddi problemlərə gətirib çıxara bilər.

– Bir xanım üçün psixoloq kimi çalışmaq çətin deyil?

– Düzünü deyim, psixologiya ilə məşğul olmaq qadınlarda daha yaxşı alınır. Çünki qadınlar diqqətcildirlər, xırdaçıldırlar, bir məsələnin dərinliyinə kimi enə bilirlər. Kişilərin naturasında isə bu yoxdur. Onlar konkretdirlər. Ona görə də qadın psixoloqlarda pasiyenti tanımaq, daha yaxşı alınır, onun problemlərini öyrənmək daha tez baş verir Cəmiyyət psixoloq sənətini yaxşı qəbul etsə, qadın üçün çətin deyil.

– Heç olub ki, psixoloji durumdan çıxarmaq istədiyiniz xəstə sizin öz psixoloji durumunuzu pis vəziyyətə salsın?

– Çox olub (gülür – T.X.). Ən çox da uşaqların valideynləri və ya böyük pasiyentlərin yanında gələn adamlar əsəbləşdirir. Onda anlayırsan ki, xəstənin yox, elə yanında gələn adamların psixoloqa ehtiyacı var. Valideynlərlə işləmək çox çətindir. Çünki problemi onlara deyəndə bir növ öz səhvlərini də demiş oluruq. Onlar isə səhvləri qəbul etmək istəmirlər.

 Sizə qadınlar, yoxsa kişilərlə işləmək daha çətindir? Hansı cinsin nümayəndələri seanslar zamanı daha çox yalan danışırlar?

– Kişilərin gizlətdikləri olur, qadınların isə çevirib yalan danışdıqları olur. Kişilər az danışır deyə “pazıllar” yığılanda hiss edirik ki, nəyisə düz demir. O zaman onunla danışaraq gizlətdiyi məqamları üzə çıxarırıq. Qadınlar ailədə öz istədiklərini qəbul etdirə bilməyəndə başlayırlar özlərini xəstəliyə vurmağa. Bu məqamda həyat yoldaşlarının onlara yazığı gəlir və bu müddət ərzində ərlərini idarə edib, istədiklərini etdirirlər. Məsələn, “intihar edəcəm” təhdidi etməklə, panik atakları olduqlarını deməklə. Bir sözlə ərlərini təhdid edirlər. Ən çətin pasiyentlər onlardır.

– Son illər uşaqları daha çox psixoloqa yönləndirirlər. Əvvəlki nəsillərdə belə hallar çox az idi. Bunun səbəbi nədir?

– Gərəksiz yönləndirmə çoxdur. Madiyyəti üstün tutub valideynlərdən pul almaq üçün boş-boş seanslar edirlər. Eyni zamanda evdə övladlarını idarə edə bilmirlər, gətirirlər psixoloqa ki, onu tərbiyə et. Bu da yanlış yanaşmadır. Mən valideynə deyəndə ki, sənin uşağında heç bir problemin yoxdur, valideyn deyir ki, “sən peşəkar psixoloq deyilsən”. Aparır başqa psixoloqun yanına. O psixoloq da pula görə başlayır yalan diaqnozlar qoymağa. Çox zaman uşaqların psixoloqa ehtiyacı olmur, amma gətirirlər. 2-3 yaş sindromlu uşaqlar gətirilir. Onları qəbul eləmirəm. O yaşda uşaq ağlayaraq valideyni idarə etməyə çalışır. Valideyn ona imkan verməyəndə uşaq başqa yollara əl atır. Beləliklə, valideyn ilə uşaq bir -birini tanıyır və uşaq inkişaf edir. Buna simpton adı vermək doğru deyil. 1 yaş 2 aylıq uşağı psixoloqa gətirirlər ki, “uşağın psixoloji durumuna baxın”.

– Bu günə kimi qarşılaşdığınız qəribə hadisələr çoxmu olub?

– Olub. Valideynə demişik ki, uşaq intihara meyillidir, gedib evdə uşağı döyüb ki, niyə intihar etmək istəyirsən. Bir dəfə ödənişsiz aksiya keçirmişdik. Ana-ata uşağı gətirmişdi. Uşaqda hər şeyin normal olduğunu dedik. Bu zaman ailə inad elədi ki, “getmirik, siz bizim uşaqda olan problemi bizə demədiniz, vaxtımız getdi, odur ki, taksi pulunu verməlisini”z. İnad eləyərək ofisdə oturdular.

Bir dəfə məşhur bəylərdən biri gəlmişdi, dedi ki, “sabah yoldaşımı sizin yanınıza gətirəcəm”. Və mənə dedi ki, “elə edin ki, mən nə desəm, evdə arvadı da onu eləsin”. Şok olmuşdum.

Bir dəfə də qadın seansa gəlmişdi. Seansın sonuna yaxın əri icazəsiz içəri daxil oldu. Etika xətrinə “ona otağı tərk et” demədim və kişi uzun müddət yoldaşı haqqında danışmağa davam etdi. Sonda yoldaşı dedi ki, “sən seansın vaxtına girdin”. O da qayıtdı ki, “bax, sən pul verib danışırsan, mən ödənişsiz danışıram”.

Müəllif: Təranə Xudabaxşiyeva

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər