Pulun var? Bir anbar!

1084

Bu yazını yazmağa çox hörmətli Yaşar Seyidovun idman saytlarının birində müsahibəsini oxuyandan sonra qərar verdim. Əvvəlcədən qeyd edim ki, Yaşar bəy bizim futbol təsərrufatında alicənablığına görə hörmət bəslədiyim funksionerlərdəndi. Bu yaxınlarda “Bakı”nı tənqid etdiyim yazılarımın birindən sonra Yaşar bəy zəng vurub, bəzi iradlarını çatdırmaq istədiyini bildirdi. Danışdıq, mübahisə dolu müzakirələrdən sonra normal qaydada sağollaşdıq. Amma həmin gündən bir fikir mənə rahatlıq vermir. Axı, niyə futbolumuz haqqında yazdığımız yüzlərlə haqlı tənqidə heç kim reaksiya vermir? Kaş ki, yazılarımıza hədəf olanların hamsı elə Seyidov kimi susqunluğu pozmağa qərar verərək, haqlı oluğumuz məqamlarla razılaşar, problemləri həll edərdilər. Yaxud da, özlərinin haqlı olduqlarına əmindilərsə, həqiqəti bizə də deyəydilər ki, biz də agah olub, bu haqda dəyərli oxucularımıza bilgi verərdik. Nə isə, mətləbdən çox da uzaqlaşmayım.Artıq məlumunuzdu ki, bir-neçə gün bundan əvvəl premyer-liqada mübarizə aparan klubların rəhbər şəxsləri AFFA-nın binasında Elxan Məmmədov və Ramin Musayevlə görüş keçiriblər. Yaşar Seyidovun da iştirak etdiyi həmin görüşdə aparılan əksər müzakirələrin nəticəsi qaranlıq olsa da, bir məsələdə yekun qərar qəbul olunub. Belə ki, klub rəsmiləri yeni mövsümdən UEFA-nın uşaq futbolunun inkişafı üçün onlara ayırdığı puldan imtina edərək, Tovuz və Gəncə stadionlarının ot örtüyünün dəyişdirilməsinə razılıq veriblər. İlk baxışdan səmimi və xoşməramlı addıma bənzəyir. Amma xəbərin davamı futbolumuz üçün xoş heç nə vəd etmir. Sözün düzü, bu biabırçı ideyanın hansı funksionerin beyninin məhsulu olduğundan xəbərsizəm. Birmənalı olaraq Azərbaycan futbolunun gələcəyinin məhv edilməsinə yönəlmiş bu addıma görə vaxt gələcək kimlərsə cavab verməli olacaq. Əminəm ki, klub rəsmiləri bu qərara razılıq verməyə AFFA-nın baş katibinə və Ramin Musayevə xoş gəlmək üçün məcbur olublar. Yoxsa, kim öz xoşuyla pulundan imtina edər? Keçək məsələnin digər tərəfinə. Axı nə üçün Tovuzda və Gəncədə stadionların ot örtüyü süni olmalıdı? İndiyə qədər dəfələrlə vurğulanıb ki, qərb bölgəsi Azərbaycan futboluna xeyli istedad bəxş edib. Neçə illərdi “Turan”la “Kəpəz” maddi problemlər üzündən çətin günlərini yaşasa da, əksər iddialı klublarda tovuzlu və gəncəli futbolçular “top qovur”. Bu bölgənin meydançalarının ot örtüyünü süniləşidirmək isə Azərbaycan futbolunun gələcəyinə sağalmaz yara vurmaq istəyidi. Cənab, Elxan Məmmədov, Ramin Musayev əgər ürəyiniz yanırsa, çalışın Tovuz və Gəncə stadionunun ot örtüyü təbii otdan olsun. Daha hər şeyi süniləşdirməyə nə ehtiyac var? Həmin süni örtüyün üzərində yetişən uşaqlar şikəst futbolçular olacaq. Bundan sonra inanmıram ki, hansısa valideyn uşağını sintetik örtük üzərində sağlamlığını itirməyə göndərsin. Yazımın əvvəlində Yaşar Seyidovun müsahibəsini boşuna xatırlamadım. Yaşar bəy qol qoyduqları bu biabırçi qərara haqq qazandırmağa çalışdığı müsahibəsində bəzi maraqlı fikirlərə müəlliflik edib. Onu da qeyd edim ki, mənim tənqidlərimin bilaviasitə hədəfi cənab Seyidov deyil. Sadəcə, onun müsahibəsindəki bəzi məqamlara toxunmaqla bu qərara münasibət bildirirəm. Müsahibədə deyilir ki, təbii ot örtüyü saxlamaq böyük vəsait tələb edir, bunu heç də bütün klublar edə bilməz: “Təbii ota xüsusi qulluq lazımdı, hər ot örtüyü 100 ton su tələb edir. Bunlar hamısı havayı deyil ki, bəs bu suyun pulunu kim verəcək? Müəyyən dərmanlar verilir, stadiona baxan işçilərin pulu var. Ona görə bu, çox bahalı bir işdir. Bu gün Gəncə və Tovuzun stadionunu təbii ot örtüyü edəcəklər, daha sonra o yenə məhv olub gedəcəksə, elə indidən suni etsinlər ondan məsləhətlidir.” Növbəti sualda Yaşar bəy fəxrlə “Bakı”nın beş təbii ot örtüklü stadionunun olduğunu vurğulayır. Buyur, bu da Azərbaycan futbolundakı əndrabandi inkişafın göstəriciləri. “Bakı”nın 5 stadionu var, amma bu komanda stadionu bərbad vəziyyətdə olan “Turan”la və “Kəpəz”lə heç-heçə oynayıb. Olmazmı ki, “Bakı”nın bu beş stadionun birinə ayrılan pulu Tovuzdakı, yaxud Gəncədəki stadiona yönəldək, qərb futbolunun gələcəyi məhvə məhkum olmasın?! Əlbəttə, iddia etmirəm ki, paytaxt klubunun rəhbərliyi kiminçünsə stadion saxlamağa borcludu. Amma həmin məntiqlə digər klubların uşaq futboluna ayrılan vəsaitlə həmin stadionları süni örtüklü eləmək də absurd addımdı. Azərbaycan futbolunun idarəçiləri ilə birlikdə ciddi müalicəyə ehtiyacı var. Kimlərsə mənə qərb rayonlarında havaların qeyri-sabit keçməsindən nağıl danışmağa çalışmasın. Guya ki, iqlimin əlverişsiz olması Gəncədə və Tovuzda təbii ot örtüklü stadion saxlamağa imkan vermir. Bəs, illərdi sizdən əvvəlkilər buna necə nail olublar? Hələ tez-tez müraciət etdiyiniz Avropa və dünya təcrübəsindən yüzlərlə misal çəkmək olar. Yəqin Qazaxıstanın kəskin kontinental iqlimə malik olduğunu bilməyən yoxdu. Nəzərə alsaq ki, hazırda bu Mərkəzi Asiya ölkəsində havanın temperaturu mənfi 30 dərəcəyə yaxındı, bizimkilərin məntiqiylə Qazaxıstanın bütün stadionlarının örtükləri məhvə məhkumdu. İnternetdə bir az qurdalanandan sonra aydınlaşdırdım ki, bu ölkənin ən soyuq vilayətlərində belə meydançaların örtüyü təbii otdu. Avrokuboklarda qazandığı nəticələrdən bizə tanış olan Kostanay “Tobol”unun arenası təbii örtüklüdü və 8 il bundan əvvəl alman texnologiyasıyla təmir olunub. “Bakı”nın “Birlik kuboku”nda qənimi olmuş “Aktöbe”nin 12 min nəfərlik stadionunun örtüyü də təbii otdandı. Karaqandanın şaxtası hər tərəfdə məhşur olsa da, yerli “Şaxtyor” təbii örtüklü meydanda ev oyunlarını keçirir. Siyahını çox da uzatmayım. Bizim həyata baxışımız dahi Üzeyir bəyin “Arşın mal alan”ında yaxşı əksini tapıb: “pulun var? Bir anbar!” Heyf ki, ağlımız pulumuz qədər deyil.

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər